NZS sakinləri üsyana hazırlaşır

Rövnəq Abdullayev evində böyüdüyü adamın mənzilini başına uçurdur

Xətai rayonu, NZS qəsəbəsi, Ilham Məmmədov küçəsinin sakinləri evlərinin Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən sökülməsinə görə ötən gün yenidən küçələrə çıxıb etirazlarını bildirdilər.
Zərərçəkənlər Ilham Əliyevi Rövnəq Abdullayevin qanunsuz əməllərinə “dur” deməyə çağırdı.

“Sonadək mübarizə aparacağıq!”

“Son bir həftədə ARDNŞ rəhbərliyi tərəfindən müxtəlif təzyiqlərə məruz qalmışıq. Neft Şirkəti bizim evlərimizin sənədlərini qanunsuz hesab edərək bir-bir məhkəməyə verib. Məhkəmə prosesləri iştirakımız olmadan keçirilib. Bələdiyyədən və ”JEK”dən aldığımız sənədi saxta elan etdi. Bilirik ki, bunlar ARDNŞ rəhbərliyinin sifarişi əsasında edilir. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədova təzyiq göstərilir. O da bizim əleyhimizə qətnamə qəbul etdi” – deyə, Ilham Məmmədov küçəsinin sakinləri bildirirlər.

Naxçıvandan gəlib Bakıda məskunlaşan, min bir əziyyətlə ev tikən Nərgiz Vəliyeva maraqlı bir fakt açıqladı. Sən demə, ARDNŞ prezidenti Rövnəq Abdullayev onun qucağında böyüyübmüş: “Uşaqlığı bizim həyətdə keçib. Indi də evimi başıma yıxır. Biz qəsəbə sakinləri qorxmuruq, çəkinmirik. Sonadək mübarizə aparacağıq!”.
Qəsəbə sakini Hörmət Vəliyev isə Rusiyada ola-ola məhkəməsi keçirilib və onun əleyhinə qərar qəbul olunub: “Rusiyada olduğumu təyyarə bileti və pasportuma vurulan möhürlə sübut edə bilərəm. ARDNŞ sakinləri bir-bir məhkəməyə verib. Xəbərimiz olmadan məhkəməmiz keçirilib və özümüzü müdafiə etmək hüququmuz tapdalanıb. Bu qanunsuzluqlar barədə bütün instansiyalara müraciət ünvanlamışıq. Lakin bu günə kimi sorğumuza cavab verən olmayıb”.

“Ağ şəhər”in gətirdiyi bəla

Sakinlər öz hesablarına evlərini söküb yerini də təmizləyib təhvil verməlidirlər. Üstəlik, 100 manat da cərimə ödəməlidirlər. Onlara evlərini tərk etmək üçün 1 ay vaxt verilib. “Azneftyağ” Neft Emalı zavodu hesab edir ki, müəssisəyə məxsus boru kəmərinin mühafizə zolağında yerləşən ərazi qanunsuz olaraq zəbt edilib. Zavoda görə, həmin ərazidə evlərin olması neft kəmərlərinə qulluq edilməsinə maneə yaratmaqla yanaşı, həm də bu ərazidə yaşamaq insanların həyatı üçün təhlükədir.
Hələ Sovet dövründən bu ərazidə məskunlaşanlar isə yaşadıqları yerin qanunsuz zəbt edilməsi ilə bağlı fikirləri rədd edirlər. Başqa bir sakin 2000-ci ildən sözügedən ərazidə qeydiyyatda olduğunu deyir: “Mənzil Istismar Sahəsinin verdiyi texniki pasport, rəsmi dövlət möhürü var. Şəxsiyyət vəsiqəmdə də Xətai rayonu, Ilham Məmmədov küçəsində qeydiyyatdayam. Bunlar hamısı rəsmi sənədlərdir”.
Sakinlər deyirlər ki, zavodun iddiası ilə məhkəmənin onların əleyhinə çıxardığı qərar özü digər rəsmi qurumlara qarşı çıxmaq deməkdir.
Vətəndaşlar bu məsələnin üzə çıxmasını oliqarxların biznes maraqları ilə izah edirlər: “Problemlər ”Ağ şəhər” layihəsinin elan olunmasından sonra başladı. Bu layihənin sərhədindəyik. Ərazi boşaldılmalıdır, çünki milyardlarla qazanc var”.
“NZS” sakinləri ərazidən köçməyin əleyhinə deyillər, sadəcə kiçik bir diləkləri var: “Bizə ya ev versinlər, ya da pul. Əgər buranı dövlət əhəmiyyətli obyekt kimi qiymətləndirib sökmək istəyirlərsə buna etiraz etmirik. Ancaq bizi əhalini yerlə təmin etsinlər. Insanlar qorxudan, həyəcandan gecələr yatmır. Deyilən vaxta qədər tərk eləməsək problemlə üzləşəcəyimizi deyirlər”.

“Hamının sənədi, şəxsiyyət vəsiqəsi var”

Yaşadıqları yer bütün rəsmi sənədlərdə Dövlət Dəmir Yolu Idarəsinin ərazisi kimi göstərildiyi halda, Dövlət Neft Şirkətinin onlara qarşı iddia qaldırmasını sakinlər hələ də anlaya bilmir.
Bir neçə gün öncə ARDNŞ əməkdaşları 5 polis post-patrul xidməti maşınının müşayiəti ilə sözügedən ünvana gəliblər. Əhaliyə evlərinin neft şirkətinə məxsus ərazidə qanunsuz tikildiyi bildirilib. Sakinlər gələnlərə ərazidə çoxdan məskunlaşdıqlarını söyləyiblər: “Neft şirkətinin əməkdaşlarıyla söhbət edənlər hamısı 90-cı illərdən burada yaşayanlardır. Ancaq onlar dediklərindən dönmədilər, bildirdilər ki, evləri tərk etməliyik”.
Ilham Məmmədov küçəsində yaşayanlar növbəti aksiyanı Prezident Administrasiyası önündə edəcəklərini bəyan edib, dağılışdılar.

Ramin DEKO