Müstəqil Media İnstitutu problemləri işıqlandırmaq üçün hər həftə reportyorları rayonlara göndərəcək
Müstəqil Media İnstitutu (MMİ) yeni layihə həyata keçirməyə hazırlaşır. MMİ-dən daxil olan məlumatlara görə, yeni layihə bölgələrlə bağlı olacaq. Belə bir layihənin həyata keçirilməsinə səbəb regionlarda problemlərin çoxluğu və onun mətbuatda yetərli səviyyədə işıqlandırılmamasıdır: “Məlumdur ki, bu gün ən çox haqsızlıqla əyalət insanları üzləşirlər. Rayonlarda məmur özbaşınalığı ilə bağlı şikayətlərin də bu səbəbdən sayı-hesabı yoxdur. Əyalətlərdə yaşanan bu qanunsuzluqların mətbuatda yetərli səviyyədə işıqlandırılmaması da reallıqdır. Elə bu səbəbdəndir ki, regionlarda baş verən özbaşınalıqların heç 5 faizi mətbuatda işıqlandırılmır”.
MMİ-dən bildirirlər ki, layihə çərçivəsində müxtəlif qəzet və jurnalların regionlara səfərlərini təşkil edəcəklər: “Hazırda rayonlara səfərlər, oradakı problemlərin araşdırılması, işıqlandırılması və digər məqsədlərin həyata keçirilməsi üçün hazırlıq işləri görülər.Əvvəlcə Müstəqil Media İnstitutunun tərkibində komissiya formalaşdırmağa başlamışıq. Həmin komissiyanın işi səfərləri təşkil edəcək, problemləri mətbuatda işıqlandırılmasına nəzarəti həyata keçirəcək. Komissiyanın tərkibi təkcə bizim təşkilatın üzvlərindən ibarət olmayacaq. Qəzet və xəbər portallarının əməkdaşları öz fikir və məsləhətlərini verə biləcəklər. Səfərlərin bütün xərclərini MMİ çəkəcək və jurnalistlərin rayonlarda informasiya əldə etmələrini təmin etməyə çalışacaq”.
“Bu layihənin uğurlu olacağına tam əminik. Çünki görəcəyimiz iş sırf mətbuatın və əyalətlərdə yaşayan insanların maraqlarına hesablanıb. Rayonlara səfərlərdən sonra ümumi nəticələrlə bağlı hesabat da hazırlanaraq yayılacaq. Eyni zamanda, bu səfərlərdə iqtidar mətbuatının nümayəndələrinin də iştirakını təmin etməyə çalışacağıq ki, onlar da bizimlə bərabər yerlərdə vəziyyətlə tanış olsunlar. Hamısına dəvət göndərəcəyik. Qəbul edib-etməmək artıq onların işidir. Məqsədimiz işimizdə qərəzin olmamasını göstərməklə yanaşı, həm də mətbuatın həmrəyliyini təmin etməkdir” – deyə, MMİ-nin məlumatında qeyd edilir.
Ramin DEKO


