Qarşı olmağın kodları

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Biz Azərbaycanda son 22 ildə yaranmış-yaradılmış durumu acı, ağrılı mənzərəni daha çox iqtisadi və sosial məşəqqətlər, məhrumiyyətlər üzərindən dəyərləndiririk, bunda haqsız da deyilik. Bu qədər zəngin yeraltı-yerüstü var-yatıra sahib olan bir ölkədə 21-ci əsrdə “qul bazarları” varsa, işsizlik tüğyan edirsə, cəmi camaatın 5-10 faizi yağ-bal içində üzürsə, ərəb şeyxlərinin belə həsəd aparacağı var-dövlətə, dəbdəbəyə, təmtərağa sahib ikən, yerdə qalanlar ən adi məişət qayğılarının ağırlığı altında əzilirsə, əlbəttə, bu deyilməlidir, yazılmalıdır.

Amma şəxsən mənə görə bu rejimlə çarpışma daha çox mənəvi və əxlaqi çarpışmadır. Məsələnin bu tərəfi ölkənin iqtisadi fəlakətə, sosial bataqlığa sürüklənməsindən belə qat-qat ağır və dəhşətlidir, dözülməzdir. Hətta əminəm ki, bu zəngin torpaqlarda yoxsul, miskin yaşamaq zorunda qalmağımızın ən böyük, ən başlıca səbəbini də elə bunda axtarmaq lazımdır – Sistem mənəvi və əxlaqi baxımdan problemlidir!

Baxın, görün 21-ci yüzillikdə biz hələ də hansı söhbətlərdə ilişib qalmışıq: qul haqqı yemək olmaz, məzlumun ahını almaq olmaz, başqasının cibinə gitrmək olmaz, millətin malına yan gözlə baxmaq olmaz. El-aləm hər gün bir texnoloji icaddan çıxarkən biz hələ də yalanın, yaltaqlığın, yerliçiliyin, tayfabazlığın bir ölkə, bir xalq üçün nə qədər zərərli, zəhərli vərdişlər olduğunu anlatmaqla məşğuluq. Biabırçılıq deyilmi?!

21-ci əsrdə bir ölkədə seçkini saxtalaşdırmaq, rüşvət almaq, insanları fərqli fikirlərinə, tənqidçi mövqelərinə, özgür düşüncələrinə görə şərləmək, onlara qondarma ittihamnamələr düzüb-qoşmaq, bir növ inkvizasiya məhkəmələri qurmaqdan böyük hansı ayıb ola bilər?

21-ci əsrdə sözün, qələmin, fikrin qarşısına odlu silahla çıxarlar heç? 21-ci əsrdə düşüncələrlə bıçaq, balta, “dubinka” dilində danışarlar heç?

21-ci əsrdə hamıdan yalnız bir nəfərin beyni ilə düşünüb, yalnız bir nəfərin ağzı ilə danışmağı tələb etməkmi olar?

Biz hansı çağda yaşayırıq ki, adamlar ictimai-siyasi baxışlarına görə təqib edilsin, vətənindən dərbədər düşsün, işdən atılsın, zindana göndərilsin?

21-ci əsrə şah sarayları və saray təlxəkləri yaraşırmı?

21-ci əsrə “şəxsiyyətə pərəstiş” rəvadırmı?

21-ci əsrin ruhunda orta çağların saray ədəbiyyatlarını belə ötüb-keçən mədhiyyələrə yer ola bilərmi?

Bax bu rejimlə ən böyük ayrışma nöqtələri həmin bu suallarda gizlidir. Öncə bax bunlara görə bu Sistemə qarşı olmamaq, müxalif olmamaq mümkün deyil. Ilk növbədə bax bu sadalananlara görə şəxsən məni heç vaxt və heç nə bu rejimlə barışdıra bilməz.

Axı heç kim iddia etmir, yeri gəlsə, heç mümkün də deyil ki, bu rejim dəyişəcək və biz birdən-birə yağ-balın içinə düşəcəyik, ölkədə nə bir ac qalacaq, nə də bir işsiz. Amma ölkənin mənəvi iqlimini, əxlaqi havasını çox asanlıqla, az bir zamanda dəyişmək olar, zatən onillərdir içində boğulduğumuz sosial-iqtsadi burulğandan qurtuluşumuzun yeganə yolu da budur.

Nə qədər ki, bunların 22 il boyunca altşüurumuza yeritdikləri zərərli, zəhərli alqılar qalacaq, nə qədər ki, biz həyata və dünyaya ancaq yerlibazlıq, tayfabazlıq pəncərəsindən baxacaq, rüşvət, korrupsiya hesabına özü üçün təntənə düzəltməyi fərasət əmsalı, istedad göstəricisi kimi göstərəcəyik;

Nə qədər ki, “bir qarın çörəyi” yeganə yaşam prinsipinə çevirəcək, şəxsi məişət qayğılarımızdan qeyri heç nə barədə düşünməyəcək, sosiallaşmayacaq, siyasiləşməyəcək, ictimailəşməyəcək, hələ üstəlik, el üçün ağlayan gözün kor olduğuna inanacağıq;

Nə qədər ki, “ağa deyirsə ”sür dərəyə”, deməli, sür dərəyə!” təfəkkür(süzlüy)ündən qopmayacağıq, “mənə dəyməyən ilanı min yaşasın!” düşüncəsi ilə haqsızlıq qarşısında tək ürək olmayacağıq, o çağacan da ömrümüz ən elementar məişət qayğılarının belə çarəsiz, əlacsız qalmaqla keçəcək.

Məsələ budur. Budur məsələ!