ANS TV-də yayımlanan “Toy olsun” verilişinin tanınmış aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı, Tərlan Dağlı kimi tanınan meyxanaçı Tərlan Mustafayev bıçaqlanması ilə bağlı ANS-ə eksklüziv müsahibə verib. Daha doğrusu, Tərlan Mustafayev hadisənin necə baş verməsini xatırlayıb.
Tərlan Mustafayevin sözlərinə görə, ona bir bıçaq zərbəsi vurublar, o da onun bağırsağına girib: “Onlar məni təklədilər. 3-4 nəfər idilər”
Tərlan Mustafayev kimin qəzəbinə tuş gəlməsindən xəbərsizdir: “Hadisədir, hər bir insanın başına gələ bilər. Getdiyim yerdə vurdular. Kimin vurduğunu da bilmirəm, onları tanımıram”.
***
Əri bıçaqlanan aparıcı efirdə ağladı; o, boşana bilər
ANS televiziyasının aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Dağlının dünən gecə bıçaqlanmasında əli olduğu barədə xəbərlər yayılıb.
Bu barədə “Qafqazinfo”ya etibarlı mənbələrdən və o cümlədən hüquq mühafizə orqanlarından məlumat daxil olub. Məlumata görə, baş vermiş hadisədə bir çox şübhəli məqamlar ortaya çıxıb. Hadisənin törədilməsində xanım teleaparıcının da əl ola bilər. Bu faktın təsdiqlənəcəyi halda U.Qarayevanın həbs olunacağı gözlənilir.
Bu barədə “Qafqazinfo”nun sualını cavablandıran U.Qarayeva ona qarşı olan ittihamları gülərək qarşılayıb və cavab verməyib: “Bir neçə dəqiqədən sonra ANS Televiziyasında yayımlanan “Toy olsun”a baxın. Hər şey orada açıqlanacaq”.
U.Qarayeva “Toy olsun” verilişinə gözləri şişmiş vəziyyətdə çıxıb və vaxtaşırı ağlayıb. O, açıqlamanı verilişin sonunda verib. Deyib ki, gün ərzində həyat yoldaşının vəziyyəti ilə bağlı xəstəxanadan zəng gözləyib: “Zəng reklam fasiləsi zamanı gəldi. Məlum oldu ki, Tərlanın xəsarəti yüngül deyil. Vəziyyəti ağırdır. Özü də mənimlə danışanda dedi ki, xəstəxanada tək qalıb, ağrıları var. Kim edibsə, Allah Bəlasını versin. Tərlan heç kimə demir ki, hadisə necə olub, niyə baş verib. İndi ikinci əməliyyata girib”.
U.Qarayeva onu da deyib ki, evli olduğu iki ay yarım müddətində onun günləri heç də xoş keçməyib və çoxlu problemləri olub: “Tərlan ölümlə boğuşarkən mən nə isə qərar verə bilmərəm. Sağalsın, ayağa qalxsın qərarımı bildirəcəyəm”. Aparıcı Elgiz Ulviraya qərarının boşanmaq məsələsi ilə bağlı olub-olmamasın soruşub. U.Qarayeva isə hələlik nə isə demək istəmədiyini söyləyib.
***
Teleaparıcının meyxanaçı əri bıçaqlandı
Azərbaycanın gənc meyxanaçılarından biri Tərlan Dağlı (Mustafayev) bıçaqlanıb. Hadisə yanvarın 11-nə keçən gecə Nərimanov rayonu ərazisində baş verib.
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsindən hadisə ilə bağlı lent.az-a bildiriblər ki, Tərlan Mustafayev metronun Gənclik stansiyası yaxınlığında, “McDonalds” restoranını arxasında bıçaqlanıb. Ağır xəsarətlər almış meyxanaçı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla əlaqədar Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb və işin icraatı müstəntiq İbrahimxəlil Əhmədova verilib.
Qeyd edək ki, 22 yaşlı Tərlan Dağlı ANS telekanalında “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşıdır.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, T.Dağlı dostları ilə həmin restoranda olub və mübahisə yaranıb. Daha sonra mübahisə restoranın arxasında davam etdirilib və burada U.Qarayevanın əri bıçaqlanıb. Yaralı meyxanaçı hadisədən dərhal sonra taksi tutaraq özünü xəstəxanaya çatdırıb.