Dostlar! Bu gün Seymur bəyin doğum günüdür. Onun 34 yaşı olur. Bütün titulları ilə yanaşı o, həm də Milli Şuranın üzvüdür. Özü gündən-günə batmaqda olan bir məmləkətin Ceyranbatan adlı məntəqəsində iki il əvvəl onu isti bir avqust günündə istidən başını itirmiş adamlar həbs etdilər. Çoxdan tanıyıram Seymur bəyi, universitetdəki tələbəlik illərindən, gənclər təşkilatındakı fəaliyyətindən, Xalq Cəbhəsindəki bioqrafiyasından. Fədakar bir gəncdir, yaşıdları ilə müqayisədə çox çalışqandır, yüksək intellekt sahibidir. Gözəl mütaliəsi var. Savadsızlığın örnəkləşdiyi zəmanəmizdə oxumaqdan qalmırdı.
Hər dəfə görüşəndə oxuduğu yeni bir kitabın az qala bütün məzmunun mənə danışırdı. Doğrusu onun bu keyfiyyətləri mənim gəncliyə olan ümidimi artırırdı. Yorulmaq bilmədən”Azadlıq” qəzetində yazır, dil qəfəsə qoymadan “Azərbaycan saatı”nda danışırdı. Şərqşünaslıq ixtisası üzrə aldığı universitet təhsili, şəxsi mütaliəsi, Avropa ölkələrində qazandığı təcrübə qələmini cilalamış, dilini sərrastlaşdırmışdı. Siyasi jurnalistkanın ön mövqelərinə çıxmışdı. Ancaq, Seymur tək yazmaqla, danışmaqla kifayətlənmirdi, vətən və millət ünvanlı hər turlu mübarizənin önündə idi. Elə həbsi də bununla bağlı idi.
Siyasi aktivliyinə görə bir dəfə iki barmağını sındırmışdılar, amma qisasçı olmasa da o, siyasi mövzudakı yazıları ilə rejimin belini sındırırdı. Çox absurd ittihamla tutdular Seymuru. Sosial şəbəkələrdən anlayışı olmayan birisi üzərinə yeriyib face məktubuna biganə qalmağının hesabını ondan sordu. Sonralar məhkəmə prosesində vəkil Adil İsmayılov sübuta yetirdi ki, məktubuna cavab verilmədiyinin davasını döyən” zərərdidə” nəinki face, ümumiyyətlə kompüter texnologiyasından başı çıxmayan birisidir. Görünür, polis orqanlarımız Seymuru narkotika ittihamı ilə tutmağa həya ediblər.
Hər necə olmasa adam savadlı və intellektli birisidir və ona layiq bir ittiham tapmaq lazım idi. Ona görə ona intelligentə yaraşan bir ittiham tapmağa üstünlük vermişdilər. Yəni adam bilgisayar əsrində elə belə sadə bir məsələ üstündə deyil, məhz face zəminində törədilmiş xuliqanlıq üstündə həbsə alınmışdı. İlk dövrlərdə onun vəkili olmuş rəhmətlik Elton bəy Seymura qarşı irəli sürülmüş ittihamla bağlı demişdi ki, “Seymur Həzi xuliqanlıq etməyib. Burada provakasiya var. O,özünü müdafiə edib.
Seymur Həziyə qarşı bu ittiham qanunsuz və əsassızdır. Həbsin özü planlaşdırılmış həbsdir”. Göründüyü kimi heç bir şərhə ehtiyac yoxdur. Seymur tutulacağını bilirdi. Xaricə getməyə imkanı olsa da bu addımı atmadı. Artıq qadınların tutulduğu bir ölkədə həbs adiləşdiyindən ölkədən çıxmağı özünə sığışdırmadı və tükənməz vətən sevgisi ilə cəza yerini də yurdun bir hissəsi bildi. Öz mərdliyi, iradəsi, intellekti, savadı, xalq işinə sədaqəti, demokratiya sevdası ilə bir iftixar mənbəyidir Seymur və biz onunla fəxr edirik.