BP-Azərbaycan: 2016-cı ildə ixtisarlar “gündəmdə deyil”

bpNeftin ucuzlaşması ilə bağlı dünya boyu iş yerlərini kəsmək niyyətində olan BP şirkəti hazırda Azərbaycanda ixtisar planlarının müzakirə olunmadığını bildirir.
Dünya boyu 80 min adamlıq işçi qüvvəsinə malik olan şirkət ixtisar barədə planlarını yanvar ayında elan edib.
Martın 1-də neftin qiymətləri təqribən 1 faiz artaraq ilin əvvəlindən ən yüksək həddə çatıb. Ekspertlərə görə, buna səbəb OPEC hasilatının azalması və ABŞ-da neft istehsalının aşağı düşməsi haqqında xəbərlər olub.
Azərbaycanın aparıcı investorlarından olan BP gəlirlərin aşağı düşməsilə bağlı qənaət üzrə tədbirlərə əl atmalı olduğunu qeyd edir.
Neft istehsalçısı dünya boyu 4 min iş yerinin ixtisar olacağını bildirib. Hərçənd ki, o, Azərbaycanda ixtisar planlarının müzakirə olunmadığını bəyan edir.
“Azərbaycanda hazırda ixtisar planları müzakirə edilmir. Məsələ gündəmdə deyil, ona baxılmır”, – “BP-Azərbaycan” şirkətinin mətbuat katibi Tamam Bayatlı BBC Azərbaycancaya bildirib.
Ötən il şirkətdən 257 yerli işçinin ixtisar olunduğu xəbər verilib. Hərçənd ki, BP-Azərbaycan bildirir ki, yerli işçilərin hamısı ixtisar olunmayıb.
Şirkət işdən ayrılan 257 adam arasında qısa müddətli müqavilə ilə işləyərək “müqavilə müddəti başa çatmış, öz ərizələri ilə işdən çıxaraq başqa işə keçmiş, xarici ölkələrə ezam olunmuş və hərbi xidmətə çağrılmış”ların olduğunu da bildirir.
“2015-ci ildə BP şirkətində cəmi 120 nəfər yerli Azərbaycan vətəndaşı olan işçi ixtisara düşmüşdür”, – BP sözçüsü bildirib.
Neftin qiymətlərinin düşməsi fonunda Britaniyanın BP şirkəti 2015-ci ilin yekunlarına əsasən 6,48 milyard dollar həcmində itki verdiyini bəyan edib.
Ötən ilin ayında BP-Azərbaycan şirkətində kütləvi ixtisarlar nəticəsində işlərini itirmiş bəzi əməkdaşlar BBC Azərbaycancaya prosesin cəmi bir neçə gün ərzində başa çatdığını bildiriblər.