Dindən və dinsizlikdən yuxarı

Bəziləri Rafiq Tağının sağlığında yazdığı yazılarla cəmiyyəti böldüyü kimi, qətli ilə də bir daha onu parçalaması fikrini ortaya atır. Yanlış. O, yazılarıyla, yuxuya getmiş, hətta bəzən çürümək, irinlənmək həddinə yetişən, bəlkə klinik ölüm keçirən orqanizmə şok-terapiya tətbiq eləyirdi. Əminəm ki, bu proses bundan sonra da sürəcək. O, yığılıb qalmış problemlərinə və bir-birinə bir daha baxmalı olduqlarını əks qütblərə xatırlatmaqda davam edir.

Dəyərli ziyalı, yaşam tərzi yalnız gözəllik tərəzilərində çəkiləcək insan, bitkinləşmiş yazıçı və peşəkar həkim – hərə öz inancının prizmasından onu çək-çevir eləyə bilər. Ancaq o, nə dindarların qələmə verdiyi kimi mürtəd, nə ateistlərin təqdim elədiyi kimi dinə qarşı savaş bahadırıydı. Ikitərəfli manipulyasiyalar isə davam edir. Kimi ondan az qala, ideya peyğəmbəri düzəldir, Babək obrazı toxuyur. Lakin Rafiq Tağı nə ateist, nə dindar idi. Allaha, – O-nun adını kim necə bilir elə bilsin, – inanırdı və bunu, hətta elə Allah adıyla da konstatasiya eləyirdi: “Mən Allaha ayətullahlardan daha yaxınam”. Onun savaşdığı, təkrar çıxsa da deyəcəm, cəhalət, nadanlıq, ətalət, rəzalət, riyakarlıq, qan, totalitarizm idi. Ilham aldığı və tapındığı yeganə dəyər insanın özgürlüyü, özgür düşüncəsi, özünü ifadə etməyin özgür forması idi. O, susuz insanlara su daşıyan sadə arabaçını ideya daşıyan peyğəmbərlərdən, yazıçı-şairlərdən üstün və dəyərli sayırdı. Insan onunçün bu həyatın mərkəzində dururdu. Həm əməlləri, həm nəsri ilə bunu çatdırmağa çalışırdı. Rafiq nə ona sayğı duruşuna qalxmayanların tövründən dəyərini itirəcək, nə onun adıyla nəhəng inanc sistemini masğaraya qoyanların yanaşmasından dəyər qazanacaq. Sadə insana verdiyi dəyər bıçaqlanmasından bir gün qabaq dediyi bir zarafatyana sözdə də yatır. Rafiq Əliyevin işdən çıxarılmasını müzakirə edərkən, Rafiq Tağı buna gülüşlə, təxminən belə reaksiya vermişdi: “Gündə yüzlərlə sadə insan işdən çıxarılır, heç belə hay-küy qalxmır”. Feyziyyə xanımın bu statusuna şərh yazdım: “Deyib, deyib də, təki can sağ olsun”. Bu baxışını doğru saymamışdım. Çünki əvvəla, Rafiq Əliyev də vətəndaşdı, əmək hüququ var, bir də dəyərli yazıçı səhv eləyirdi: bizlər xəbəri bizə çatan az qala, hər sadə vətəndaşın hüququnu müdafiə eləməklə, yazmaqla, səs qaldırmaqla məşğul oluruq. Sadəcə, mən onun sadə insana dəyər verməsini önə çəkmək üçün yazdım bu faktı. O, heç vaxt özünü sadə bir əməkçidən üstün tutmur, əksinə, onu bəşəriyyət üçün daha gərəkli sayırdı. Bu, mənəvi gərəklərin danılması deyil, sadəcə, həyata həyatın natural qayəsi prizmasından yanaşmaydı. Insanın işi yaşamaqdı. Yaşamaq üçün ona geyim, qida və bəzi başqa zərurətlər lazımdı. Onun dinlərə, ideyalara yanaşmasını bütün bunların fonunda anlamaq olar və əslində, elə bu da lazımdı.
Onun “Avropa və biz” yazısına qeydlər eləyib bir yana qoymuşdum. Elmi-tarixi gerçəkliyə dayanmayan yazıydı. Ən böyük yanlışı Şərqin indiki yox, tarixi geridəqalmışlığını, mədəniyyətsizliyini, elmsizliyini israr etməsiydi; bu, Avropanın özünə də gün kimi aydındı. O yazıda Rafiqlə savaş bu kontekstdə aparılmalıykən, məcranı tam yanlış və gərəksiz istiqamətə yönəltdilər. Polemika mövzusu olacaq mətləblər bir qıraqda qaldı, düşdülər bir cümlənin və deyərdim ki, yazıda yer alan yeganə bədii-filoloji elementin üstünə. Gündə yüz yol Allahı – bütün dinlərin fövqündə duran varlığı “öldürən” cinləri qoyub, bir cümlənin başına ip saldılar və az qala o vaxt bu ipi yazıçının boynuna salacaqdılar ki, Allah izn vermədi.
Rafiq dünyayla vidalaşıb getdi. Ancaq hələ də dindarlar özlərindən olmayanları qəzəbli hədələri və cəhənnəm atəşi ilə qorxudur, ateistlər isə dini simaları səviyyəsiz şəkildə ələ salmaqda davam eləyirlər. Arada ideya savaşı yox, söyüşmələr gedir. Insan haqda düşünmək isə yenə də kimsənin yadına düşmür. Mənim sözümün mabədi isə bu olacaq: ideya və təlimlərin yaxşı-pisliyinin önəmi yoxdu, onsuz da həlledici olan insandı! Rafiq Tağının da fikirləri yox, özü hədəfdədi – öləndən sonra da…