Kılıçdaroğlundan hökumətə sərt mesaj

«Siz kimsiniz ki, məni diz çökdürəsiniz?!»

Türkiyə ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu barəsində təhqiqatın başlanması ölkə gündəminin əsas mövzusuna çevrilib. Hadisəyə Türkiyənin müxtəlif təbəqələrindən sərt təpkilər gəlib. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan əsas rəqibi barəsində istintaqın başlanmasına münasibət bildirib. Ərdoğan hadisənin gözlənilməz olmadığını söyləyib. Onun fikrincə, Kılıçdaroğlunun bəyanatları hüquqi normaları aşır.
Barəsində təhqiqat başlanılan və toxunulmazlığının ləğvi üçün Türkiyə parlamentinin sədrinə müraciət ünvanlanan CHP sədri Kamal Kılıçdaroğlu “toxunulmazlıq hüququma ehtiyac yoxdur” deyə açıqlama verib. Partiyasının qrup toplantısında çıxış edən Kılıçdaroğlu toxunulmazlıq hüququnun ləğv edilməsi tələbiylə Türkiyə Böyük Millət Məclisinin sədrinə müraciət ünvanlayıb. “Mən sizin xüsusi səlahiyyətli məhkəmələrinizdən, prokurorlarınızdan qorxmuram. Siz kimsiniz? Siz kimsiniz ki, məni diz çökdürəsiniz. Mən sizdən qorxmuram, sizin böyüklərinizdən, əmr aldıqlarınızdan qorxmuram. Mən yalnız millətimin önündə əyilərəm. Məni həbs etmək yox, dar ağacından da assanız, söyləyəcəyim budur”, – deyə Kamal Kılıçdaroğlu sərt bəyanat verib. Toplantıda partiyadaşları CHP sədrinə qarşı hücumun hakimiyyətdən qaynaqlandığını bildirərək prokurorluğun qərarına sərt münasibət sərgiləyiblər. Toplantının keçirildiyi zalda əyləşən CHP-lilər ayağa qalxaraq Kılıçdaroğlu barəsində təhqiqatın başlanmasına səbəb olan ifadələri təkrarlayıblar.