Vurğun Əyyub Arif Hacılıya qarşı

«Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir»

Nüşabə Sadıxlı da Isa Qəmbərin yerinə iddialıdır

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində çalışan Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub “mediaforum”a müsahibəsində partiyanın növbəti qurultayı və sədrliyə namizədlər məsələsindən danışıb. Deyib ki, partiya başqanının dəyişməsilə Müsavatda kəskin dönüşün olacağını gözləmir: “Bəziləri bundan çox narahatdır. Amma mən narahatlığa əsas görmürəm. Çünki Müsavat Partiyası strukturlaşmış, uzun illərin təcrübəsinə və zəngin tarixə malik təşkilatdır. Müsavat başqanı partiyada sonsuz səlahiyyətlərə malik deyil. Ona görə də partiya başqanının dəyişməsilə Müsavatda hansısa kəskin dönüşlərin olacağını güman etmirəm.
Ola bilər ki, seçkinin nəticələrindən kimlərsə narazı qalsın. Amma məhz Isa Qəmbərin partiyanın başqanlığından getməsinin Müsavatda hansısa dağıdıcı prosesə təkan verəcəyi haqda narahatlıqları bölüşmürəm. Isa Qəmbər Müsavatdan getmir və partiyanın işində fəal iştirak edəcək”.
Özünün Azərbaycana qayıdıb Müsavat başqanlığına namizəd ola biləcəyinə dair suala cavabında V.Əyyub deyib ki, dostlarından Müsavat başqanlığına namizəd olmaq təklifləri alır və onun özü də bu barədə düşünür: “Fevralda Qafqaz Universitetində tətil zamanı Bakıya qayıdacam. Dostlarla birlikdə vəziyyəti dəyərləndirəcəm və son qərarımı Bakıda verəcəm. Əgər başqanlığa namizəd olmaq qərarı versəm, seçkidə iştirak edəcəm. Namizəd olmasam, digər bir namizədi dəstəkləyəcəm”.
Özü namizəd olmasa, kimi dəstəkləyəcəyinə gəlincə, V.Əyyub ad çəkmək istəməyib. Yalnız onu deyib ki, müdafiə edə biləcəyi şəxs hələlik namizədliyini açıqlamayıb. Bu isə o deməkdir ki, V.Əyyub hazırda həbsdə olan və artıq namizəd olacağını açıqlamış Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılını dəstəkləmir. Bu məsələyə isə V.Əyyubun münasibəti belə olub: “Bu barədə bir söz demək istəmirəm. Allah Arif bəyin qapısını açsın. Arif Hacılı Müsavatda zəhməti olan adamdır. Indi ona qarşı çox böyük haqsızlıq edilib, həbsə atılıb. Bu, hakimiyyətin Arif Hacılıya qarşı yol verdiyi ikinci ciddi ədalətsizlikdir. Amma mən hesab edirəm ki, Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir. Həmin namizədi mən özüm üçün müəyyənləşdirmişəm. Indi yalnız onu deyə bilərəm ki, həmin şəxs namizədliyini irəli sürmək niyyətindədir”.

Bu arada, o da məlum olub ki, Müsavat partiyasının Divan üzvü, professor Nüşabə Sadıxlı da sədrliyə namizəd ola bilər. Nüşabə Sadıxlı “modern.az” saytına bildirib ki, əgər başqanlıq postuna ürəyi istəmədiyi namizədlər olsa, o halda, öz namizədliyini irəli sürəcək.
Isa Qəmbərin başqanlıqdan getməsi nəticəsində Müsavatın dağılacağı ilə bağlı iddialara gəldikdə, Nüşabə Sadıxlı da bununla razılaşmır. Bununla belə, hesab edir ki, növbəti qurultaydan sonra Müsavat Isa Qəmbərin başqanlığı dövründəki kimi olmayacaq: “Müsavat elə təməllər üzərində qurulub ki, bu partiyanın dağılmaq ehtimalı yoxdur.
Ola bilsin ki, hansısa xoşagəlməz hadisələr baş versin. Bu hadisələrin də nədən ibarət olacağını qabaqcadan demək mümkün deyil. Lakin hər halda, növbəti qurultaydan sonra Müsavat yəqin ki, Isa bəyin dövründəki kimi olmayacaq”.