“Azərbaycanda ÜDM 3,3% azalacaq”

bohran“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2016-cı ildə Azərbaycanda ÜDM-in 3,3% azalacağını proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında qeyd edilir.

“2016-cı ildə Azərbaycanda real ÜDM 3,3%, qeyri-neft sektoru 4% azalacaq, çünki hökumət xərcləri azaldır, banklar tərəfindən kreditlərin verilməsi dayandırılmaq üzrədir, istehlakçıların etimadı və alıcılıq qabiliyyəti isə aşağı düşür. Buna baxmayaraq, xərclərin azalmasının böyük hissəsi idxalın azaldılması hesabına təmin edilməlidir”, – deyə məlumatda qeyd olunur.

“Fitch” 2017-ci ildə və xüsusilə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”nin tam şəkildə reallaşdırılmasına başlanacağı 2018-ci ildə artımın güclənməsini gözləyir. “Devalvasiyadan sonra qeyri-neft sektorunda, xüsusən də turizm və kənd təsərrüfatı sahələrində rəqabətə davamlılıq bərpa olunmalıdır”, – deyə agentlik vurğulayır.

Bununla yanaşı, agentlik hesab edir ki, Azərbaycanda neft hasilatı azalma tendensiyasını qoruyub saxlayacaq.

“Fitch”in rəyinə əsasən, 2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 14%-dək artacaq.

Xəbər verildiyi kimi, “Standard & Poor`s” agentliyinin proqnozlarına görə, bu il Azərbaycanda ÜDM 1% azalacaq, “Moody`s” isə azalmanı 0,7% səviyyəsində proqnozlaşdırır.

Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda ÜDM 1,8% artacaq. Statistik məlumatlara görə, cari ilin yanvar ayında iqtisadi azalma 3,3% təşkil edib.

2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.

 

(İnterfaks-Azərbaycan)