Hökumət Əli Kərimliyə görə 30 min avro cərimələndi

Avropa Məhkəməsi 4 iş üzrə Azərbaycana 60 min avro cərimə kəsdi

İntiqam Əliyev: «Bu qərarlar seçkinin demokratik və ədalətli keçirilməsi barədə hakimiyyətin yalanlarına verilən tutarlı cavablardır»

Avropa Məhkəməsi 2005-ci ilin noyabrında keçirilmiş parlament seçkilərindəki saxtakarlıqlarla əlaqədar AXCP sədri Əli Kərimli, Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu və Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəylinin şikayəti üzrə qərarını açıqlayıb. Adları çəkilən şəxslərin hamısının azad seçki hüququnun pozulduğu Avropa Məhkəməsi səviyyəsində təsdiqlənib. Məhkəmə, həmçinin bu pozuntuya görə Azərbaycan hökumətinin üzərinə Əli Kərimliyə 30500 (maddi ziyana görə 20000, mənəvi ziyana görə 7500, məhkəmə xərclərinə görə 3000), Qulamhüseyn Əlibəyliyə 10500 (mənəvi ziyana görə 7500, məhkəmə xərclərinə görə 3000), Arif Hacılı və Sərdar Cəlaloğlunun hər birinə 9100 (mənəvi ziyana görə 7500, məhkəmə xərclərinə görə 1600) avro kompensasiya ödəmək barədə öhdəlik qoyub.

“Azərbaycan hökumətinin mənim qarşımda məğlub olması böyük siyasi hadisədir”

Əli Kərimli “mediaforum”a açıqlamasında Avropa Məhkəməsinin qərarıyla bağlı fikirlərini bölüşərkən deyib ki, 6 il sonra olsa da, hər halda, ədalət yerini tutdu: “Bizim qitənin ən nüfuzlu ədalət mühakiməsi yeri olan Avropa Məhkəməsi haqlı olduğumu, Azərbaycan hökumətinin mənim seçki hüququmu pozduğunu, mənə qarşı ayrı-seçkiliyə yol verdiyini, qərəzli olduğunu təsdiqlədi, hökuməti etdiyi qanunsuzluqlara görə cərimələdi. Ən yüksək məhkəmə instansiyasında bir daha təsdiq olundu ki, Azərbaycanda parlament seçkisi saxtalaşdırılıb, hökumət seçkinin nəticələrinə ciddi müdaxilə edib, ölkədə normal, müstəqil məhkəmə sistemi yoxdur, vətəndaşların ədalətli mühakimə hüququ təmin edilmir, hakimiyyətin siyasi qərarlarına inanmaq olmaz, Azərbaycan hüquqi dövlət deyil, müxalifət liderlərinə qərəzli münasibət var, onlar repressiyaya məruz qalırlar, hüquqları əllərindən alınır. Bütün bunlar bizə məlum idi. Müxtəlif beynəlxalq təşkilatlar da öz hesabatlarında bunu yazırdılar. Amma indi Avropanın ən yüksək məhkəməsi də bu barədə qərar verib. Bu mənada Azərbaycan hökumətinin seçkidə mənim qarşımda məğlub olması böyük siyasi hadisədir. Bunun  Avropa Məhkəməsində təsdiq olunması çox ciddi əhəmiyyətə malikdir”.
Əli Kərimli onu da əlavə edib ki, faktiki deputat seçilmişdi və 5 il dövlətdən əməkhaqqı almalıydı. Bu mənada həm də vurulan maddi ziyan tam ödənilməliydi. AXCP sədrinin sözlərinə görə, bu məqamla bağlı vəkililə məsləhətləşib və müdafiəçisi kompensasiyanın düzgün hesablanmaması ilə əlaqədar Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayət etməyi təklif edib.

Istənilən hakimiyyət üçün utanc gətirən statistika

Avropa Məhkəməsində Əli Kərimlinin, eləcə də Qulamhüseyn Əlibəyli və Arif Hacılının hüquqlarını Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev müdafiə edib. Bu səbəbdən qərarla bağlı Intiqam Əliyevlə də söhbətləşdik:
– Təbii ki, qərarı məmnunluq hissi ilə qarşılayıb. Bu qərarlar seçkinin demokratik və ədalətli keçirilməsi barədə hakimiyyətin yalanlarına verilən tutarlı cavablardır. Avropa Məhkəməsi hökumətin seçkilə bağlı yalan danışdığını bundan əvvəl də 4 dəfə rəsmən elan edib: Mirəziz Seyidzadə, Namət Əliyev, Flora Kərimova, Nail Cəlilovun işində Məhkəmə ərizəçilərin azad seçki hüququnun tanınması barədə qərar verib. Hökumət özü də 7 işdə – Isa Qəmbər, Mirmahmud Fəttayev və digərlərinin şikayəti üzrə seçki hüquqlarını pozduğunu rəsmi şəkildə etiraf edib. Indi də daha 4 seçki şikayəti üzrə qərar… Nəzərə alsaq ki, hələ daha bir neçə iş üzrə qərarın elan ediləcəyi gözlənilir və onların da hökumətin xeyrinə olmayacağı bu başdan bəllidir, seçki saxtakarlığı ilə bağlı 20-yə yaxın qərar bir ölkə üçün çox pis göstəricidir.
Hakimiyyət Azərbaycanı “regionun lideri” kimi təqdim edir. Bu fikrin hansı mənada yalan-doğru olması məsələsi mübahisə doğura bilər. Amma seçki pozuntularıyla bağlı işlər üzrə Avropa Məhkəməsinin kitabında Azərbaycanın lider olması heç bir mübahisə doğurmayan faktdır. Istənilən hakimiyyət üçün utanc gətirən statistikadır.

Qərarın kompensasiya hissəsindən Yuxarı Palataya şikayət veriləcək

– Avropa Məhkəməsinin pozuntunu tanıdığı hər üç iş Flora Kərimovanın işilə eyni olduğu halda, kompensasiyanın məbləği o işdəkindən əhəmiyyətli şəkildə azdır…
– Həm ərizəçilər, həm də vəkillər üçün bu cür qərarların ictimai əhəmiyyəti daha önəmlidir. Amma indiki halda kompensasiya bəzi anlamlarda bizim üçün həm də prinsipial məsələdir. Ona görə də biz qərarları bu hissədə mübahisələndirmək fikrindəyik.
Flora Kərimova DSK-nın qərarı səviyyəsində qalib elan olunmuş və sonra MSK həmin qərarı ləğv eləmişdi. Avropa Məhkəməsi Flora Kərimovaya deputatın 5 illik əməkhaqqını vermişdi. Əli Kərimli, Qulamhüseyn Əlibəyli və Arif Hacılının üçünün də işində eyni vəziyyət olub. Həmin şəxslərin qalib gəlməsi barədə seçki komissiyalarının qərarları MSK və Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilib. Şikayətçilərin onlara da 5 illik deputat maaşı verilməsi barədə tələbini rədd edən Məhkəmənin arqumentləri heç bir məntiqə sığmır. Ona görə cəmiyyətdə – özü də təkcə bizdə yox – belə fikir var ki, Rusiya, Azərbaycan və bənzər ölkələrin Avropa Məhkəməsinin çətiri altına girməsindən sonra yaranan bəzi təhlükəli tendensiyalara reaksiya verilməsə, bu institut öz əvvəlki rolunu və ona olan etimadı əhəmiyyətli şəkildə itirə bilər.

– Qərarın qəbulunda siyasi amillərin təsiri mümkündürmü?
– Nə təsdiq, nə də inkar etmək üçün əsaslarım var. Amma elə şeyləri görə-görə gəlmişik ki… Ə.Kərimliyə və ya Arif Hacılıya 5 illik deputat maaşının verilməsi o deməkdir ki, Avropa Məhkəməsi həmin şəxslərin 2005-2010-ci illərdə deputat kimi haqqını tanıyıb. Bu həmin şəxslərə lazımi qurumlar – özü də təkcə ölkə daxilində yox- qarşısında xeyli suallar qoymağa imkan verir. Təqsirkar şəxslərin, o cümlədən MSK və Konstitusiya Məhkəməsinin məsuliyyəti, ərizəçilərin haqqının necə bərpa olunacağı məsələsi, hökumət bu istiqamətdə qərarın icrasından imtina edəcəyi halda, Avropa Şurası Nazirlər Komitəsinin ata biləcəyi addımlar və s.
Əminəm ki, Avropa Məhkəməsi Flora Kərimovanın da şikayətinə bu işlərlə birlikdə baxsaydı, həmin qərarı verməyəcəkdi. O qərar xeyli problemlər və başağrısı yaratdı bu qurum üçün.
Avropa Məhkəməsinin kompensasiya ilə bağlı hissədə qərarını Konvensiyaya zidd hesab etdiyimizdən ondan Məhkəmənin Yuxarı Palatasına şikayət verməyə hazırlaşırıq.

Bu hakimiyyət nə qədər desən, yalan danışa bilər

– Avropa Məhkəməsinin qərarları dövlətin üzərinə həm də ümumi xarakterli tədbirlərin görülməsi barədə öhdəliklər qoyur. Hökumətin həmin öhdəlikləri icra etmək istəyinin olmadığı göz qabağındadır…
– Amma Azərbaycan o ölkələrdəndir ki, üzərinə nə qədər desən, öhdəlik götürə, onların hamısının yerinə yetirildiyi barədə nə qədər desən, yalan danışa və ya yerinə yetirilməməsinə bəraət qazandırmaq üçün nə qədər desən, bəhanə gətirə bilər. 2010-cu ilin parlament seçkilərindəki saxtakarlıqlarla bağlı Avropa Məhkəməsinə göndərilən 100-dən çox şikayət hökumətin öz öhdəliklərini nə dərəcədə yerinə yetirməsinin göstəricisidir. Bu hakimiyyətin özxoşuna xalqına azad seçki haqqını verməsi sadəcə, mümkünsüzdür. Çünki hakimiyyət yaxşı anlayır ki, azad seçki onun sonu deməkdir, xalq onun sərvətlərini talayan, azadlıqlarını əlindən alan, evini başına uçuran, təhsilini, elmini, mədəniyyətini məhv edən hakimiyyətə səs verməyəcək. Odur ki, hakimiyyəti azad seçkiyə məcbur etmək üçün bütün sahələrdə səyləri artırmalıyıq. Avropa Məhkəməsinin seçkilərlə bağlı qərarları və onların hüquq sisteminə implementasiyasına hakimiyyəti məcbur edən səylər bu işin tərkib hissəsidir.

Aytən Məmmədova