Qəbələ rayonunda 108 nəfər Azərbaycan vətəndaşının ölkədən imtina edərək Irana keçmək istədiyi barədə məlumat vermişdik. Rayon sakini Akif Ismayılov “Azadlıq”a bildirmişdi ki, oğlu Sərxan Ismayıllı kiçik miqyaslı davanın şahidi olub.
Lakin istintaq onu təqsirləndirilən şəxs qismində işə cəlb edib: “Hara yazdıq nəticəsi olmadı. Oğlumu təqsirləndirilən şəxs qismində işə cəlb etdilər. Qəbələ Rayon Məhkəməsi də onu 1 il azadlıqdan məhrum etdi. Digər şəxsə isə 1 il 6 ay ”iş” verdilər. Halbuki həmin şəxsə maksimum 15 sutka düşürdü. Çünki elə də böyük dava olmayıb. Iki gənc bir-birlərilə süpürləşiblər”.
Akif Ismayılov əlavə etmişdi ki, onun və digər həbs olunan şəxslərin yaxınları, ümumilikdə 108 nəfər Azərbaycan vətəndaşılığından imtina etmək istəyirlər: “Başqa yolumuz yoxdur. Biz belə ədalətsizliyə dözə bilmirik. Əlimizə ağ bayraq götürüb Irana keçmək istəyirik”.
Qəbələ sakini Ramin Ismayılov isə Meydan TV-yə bildirib ki, o da daxil olmaqla 25 nəfər rayon sakini Ermənistana keçmək istəyib. Onlar bu məqsədlə Ağdama gələrək, işğal olunmuş torpaqlarımıza, oradan isə Ermənistana keçməyə çalışıb. Lakin Ağdam polisi onları saxlayıb.
Ramin Ismayılov bildirib ki, etirazlarının səbəbi Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqdır: “Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. ”Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi Ikram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.
Ağdam rayon polis şöbəsindən Meydan TV-yə hadisənin baş verdiyini təsdiq ediblər.
Keçmiş deputat Nazim Məmmədov isə bu barədə “Facebook” səhifəsində maraqlı status paylaşıb. “Qəbələdən ”ermənistana keçmək” üçün gedənlər haqqında yeni məlumatlar almışam: Bu “vətənpərvərlərin” uşaqları kənddə toydan çıxandan sonra 3 nəfər bir nəfəri aparıblar çayın qırağına döyüb videoya çəkiblər, sonra da kənddə başlayıblar yaymağa, bu video keçib döyülən uşağın babasının əlinə, o da aparıb verib hüquq mühafizə orqanlarına. Cinayət işi açılıb, ən azı 5-6 il iş düşürmüş, Nəbiyevlərin minnətindən sonra uzaq qohumları olan şikayətçi razı salındıqdan sonra məhkəmə 1 və 1.5 illə kifayətlənib. Məlum olan odur ki, bu ermənistana gedənlərin də bir neçəsinin nənələri elə erməni imiş… Maraqlananlara videonu inboxa göndərərəm, “Facebook”da yaymamaq şərti ilə“.
Daha sonra Nazim Məmmədovun bəhs etdiyi video saytlarda yayılıb.