Anna Şamanska yazır ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ov daçası “çöpünədək” qarət olunub.
Dəbdəbəli villada indi yalnız dörd stol, stullar və divan qalıb.
Xəbər verilir ki, qarətçilər evə giriş qapısının şüşə hissəsini sındırmaqla giriblər.
Mülkdəki vəziyyəti yoxlayan Denis Taraxkotelik TSN televiziyasına deyib ki, evdən nəinki elektrik avadanlıqlar, hətta elektrik rozetlər də aparılıb.
Xəbər verilir ki, əsas mülkdən başqa iki qulluqçunun evlərində və saunada da oğurluq edilib. Saunadan ənənəvi hamam süpürgələrini də götürüblər.
Təkcə yaxınlığıqdakı balaca kilsəyə əl vurmayıblar.
Keçmiş prezidentin ovlaq mülkü, buranı mühafizə edən Kiyev 2 batalyonu şərq cəbhəsinə göndəriləndən, 2015-ci ildən bəri baxımsız qalmışdı.
Qarət bir gündə baş verməyib
Mejihirya adlı daça ərazisinin baxıcısı Taraxkotelik deyib ki, qarət bir gündə baş verməyib.
Burada oğru dəstələri də, ayrı-ayrı fərdlər də “işləyib”.
Taraxkotelik deyib ki, o özü qarətdən bir həftə əvvəl xəbər tutub. Onun dəstəsi artıq keçən yay qarət olunmuş başqa bir mülkə – keçmiş baş prokuror Viktor Pşonkanın daçasına gözətçilik edirdi.
Onlar keçmiş baş prokurorun evinin qarət olunması ilə bağlı cinayət işi açıblar.
Ukrayna prokurorluğu bildirib ki, mülkün yerləşdiyi torpağın qiyməti 7 milyon qrivnyadır (257 min dollar).
Evin özü isə hələlik rəsmən sahibinin mülkiyyətində sayılır.
Yanukoviçin Mejihiryadakı əsas iqamətgahı ilə bağlı vəziyyət də eynidir.
“Korrupsiya muzeyi”
Texniki baxımdan mülk Yanukoviç və dəstəsinin çirkli pulları yuduqları Tantalit şirkətinə məxsusdur.
Keçmiş prezidentin 130 hektarlıq torpağa sahiblik etdiyi yalnız 2014-cü ildə, o Moskvaya qaçandan sonra bəlli olub.
Mejihirya hazırda əsas turist məkanlarından sayılır və bura “korrupsiya muzeyi” də deyirlər.
Hazırda Ukrayna fəalları ölkə prokurorluğunu bu mülklərlə indiyədək məşğul olmadığına görə ittiham edirlər.
“Heç bir iş görülməyib, – deyib Antikorrupsiya Hərəkət Mərkəzinin icraçı direktoru Daria Kalenyuk AzadlıqRadiosuna, – Mejihirya ictimaiyyət üçün açılandan bircə il sonra qəsb olunub. Mülk qiymətdən düşür, bəzən onun adı London hərraclarında çəkilir”.
“Hazırkı prokurorluq bu işə son qoymaq üçün niyyətli görünmür” – deyib Kalenyuk. (azadliq.org)