Britaniya mətbuatı: İran seçkiləri Qərbin xeyrinə qurtardı

iran-secki“The Guardian” qəzeti yazır ki, İranda keçirilmiş seçkilər ölkənin mötədil prezidenti Ruhaniyə Qərblə daha geniş dialoq imkanı yaradacaq.

Seçkilərin ilkin nəticələri prezident Ruhani tərəfdarlarının ciddi uğurlar qazandığını göstərir.

Qəzet yazır ki, parlament və Ekspertlər Şurasına seçkilərdə davamiyyət o qədər yüksək olub ki, səsvermə müddətini bir neçə saat artırmaq lazım gəlib.

Ekspertlər hələ seçkidən əvvəl yüksək iştirakın islahatpərəstlərin xeyrinə işləyəcəyini söyləyirdilər.

Rəfsəncani liderdir

İlkin məlumatlara görə prezident Ruhaninin əsas müttəfiqi ayətullah Əli Əkbər Haşemi Rəfsəncani Üləmalar Şurasına Tehran üzrə seçkidə liderlik edib.

Daxili İşlər Nazirliyi bildirib ki, 55 milyon səsin artıq 33 milyonu sayılıb, lakin yekun nəticələr yalnız bazar ertəsi bəlli olacaq.

Seçicilərin iştirakı proqnozlaşdırıldığı kimi 70 yox, 60 faiz olub.

Parlamentə seçkilərin ilkin nəticələri göstərir ki, 290 yerlik Milli Məclisdə rəqabət aparan iki düşərgədən heç biri həlledici çoxluğa malik olmayacaq.

Lakin bu, hər halda 2004-cü ildən bəri islahatpərəstlər üçün ən böyük uğur sayıla bilər.

Fars, Mehr, habelə Associated Press agentliklərinin məlumatlarına görə seçkilərdə ən böyük uğursuzluğa sərt xətti-hərəkət tərəfdarları düçar olublar.

İranın dünyanın 6 gücü ilə bağladığı nüvə sazilşindən sonra ilk dəfədir ki, keçirilən bu seçki üçün islahatpərəstlərin xeyli hissəsinin namizədliyi qeydə alınmamışdı.

Bu seçki həm də texniki baxımdam prezident Ruhaniyə lazım idi, çünki o gələn il ikinci müddətə prezident seçilmək üçün mübarizə aparacaq.

Nə qələbə, nə məğlubiyyət

Tehran Universitetindən Sadeq Zibakəlam deyib ki, mötədillər və islahatpərəstlər parlament yerlərinin ən azı üçdə birinə sahib olacaqlar.

“Biz deyə bilmərik ki, ultramühafizəkarlar məğlub olublar, lakin mühafizəkarlar da deyə bilməzlər ki, onlar uğur qazanıblar” – deyib professor.

İranda ziddiyyətli 2009-cu il prezident seçkisindən sonra keçirilmiş parlament seçkiləri islahatpərəstlər tərəfindən boykot edilmişdi.

Həmin il prezident seçkisində nəticələr prezident Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırılmışdı. Onun rəqibləri, yaşıl hərəkatdan Mir Hüseyn Musəvi və Mehdi Kərrubi hələ də ev dustağıdırlar.

Fars və Təsnim agentlikləri qaliblərin ilkin siyahılarını dərc ediblər və burada adların əksəriyyətinin mühafizəkarlara məxsus olduğu görünür. Fars agentliyi isə Üləmalar Şurasına seçki qaliblərindən 30 nəfərinin adlarını dərc edib və onların da əksəriyyəti mühafizəkarlardır.

Lakin bu agentliklərin hamısı mühafizaəkar yönlü hesab edilir.

Namizədlər qarpız kimidir

Parlamentin formalaşması üçün hələ bir qədər də gözləmək lazım gələcək. Bu seçkidən əvvəl bir çox müstəqillərin və mötədillərin namizədlikləri təsdiq edilməyib.

Bundan başqa mühafizəkarların öz arasındakı mövqelər də hələlik tam aydın deyil, beləki onlardan bəziləri prezident Ruhanini dəstəkləyirlər.

“Bəzi namizədlər qarpız kimidir, – deyib islahatpərəst siyasi şərhçi Səid Laylaz, – Kəsməsən içləri bilinməz”.

Lakin ekspertin fikrincə, yeni parlamentin tərkibi onun prezidentlə qarşıdurmasını xeyli zəiflədəcək.

Tehran üzrə nəticələr xüsusilə mühüm hesab olunur. Buradan parlamentə 36 mandat qazanılmalıdır.

Seçkilərdə 5000 min namizəd iştirak edb, onlardan 500-ü qadınlardır.