Siyasətdə də güzgü effekti olur: müxalifət sanki hakimiyyətin güzgüdə əksi kimi görünür. Bundan çox nəticə çıxarmaq olar. Ən birinci nəticə isə budur ki, hər bir hakimiyyət öz müxalifətini özü yaradır. Mənə elə gəlir ki, bu tezis özünün ifadəsini “Kommunist partiyasının manifesti”ndə tapıb. Bəli, orada Marks hamıdan əvvəl yazmışdı ki, kapitalizm özünün qəbirini qazacaq sinfi öz bətnində yetişdirir… Bəlkə bu sitatım bir qədər qəribə görünəcək. Deyəcəklər demokratlardan qurtarıblar, indi kommunistlərdən sitat və sübut gətirirlər. Buna da cavabımız var: bizim günahımız deyil ki, bütün dünyada Marksı konfliktologiyanın banilərindən biri hesab edirlər! Həm də ona görə ondan misal gətirdim ki, o, mənim sizin üçün yazdığım tezisi bəlkə hamıdan tez ifadə etmişdi. Nə isə. Qayıdaq mövzuya. Bir qədər kənara çıxaraq deyim ki, B.Əsəd bəlkə də indi həqiqətən də geriyə yol axtarır, bəlkə də indi barış, kompromis yolu haqdaca düşünür. Lakin artıq gecdir, çünki o qədər mənfi addımlar atıb ki, insanlar birmənalı şəkildə onun getməsini istəyirlər. Budur, konkret situasiyadan konkret misal: B.Əsəd də öz qəbirini qazıyacaq siyasi qüvvə yetişdirib!.. Indisə qayıdaq öz gerçəkliyimizə. Mən axır vaxtlar ölkədə cərəyan edən proseslərə, etiraz dolu bəyanatlara diqqət yetirirəm. Bəlkə də ən radikal sayıla biləcək şüarlar və tələblər artıq bu ölkədə səslənir və onların sayı gündən-günə artır. Kimdir müqəssir? Birmənalı şəkildə desək, günahkar da, müqəssir də bu hakimiyyətdir, çünki onlar cəmiyyəti eşitmək istəmir! “Mədəniyyət” kanalı açılanda çox sevindim. Düşündüm ki, bu kanal bəlkə özünün maraqlı verilişlərilə ölkədəki yeknəsəqliyi azacıq da olsa aradan qaldırar. Zira “Mədəniyyət” kanalı qapılarını ziyalıların üzünə açmaq istəmədi. Hə, qapılar bu dəfə də qıfıllı qaldı. Ona görə təəccüblənmək gərək deyil ki, ziyalılar nədən belə radikal çıxışlar edirlər! Bilirsiniz, etirazlar bir su kimidir, gec-tez çıxışını tapır. Nə qədər ki, siz ziyalılara normal çıxış etmək üçün imkan verməyəcəksiniz, onlar radikal çıxışlar etməkdə davam edəcək!
Həm də mən burada bir detalı da qeyd etmək istərdim. Çıxışlarda sezilən bu radikal ton təkcə personal təzyiqlərin, personal incikliklərin nəticəsi deyil və daha çox obyektiv şəraitin təzahürüdür. Ölkədə vəziyyət elə həddə çatıb ki, artıq heç kim susmaq istəmir, hamı bu vəziyyətin dəyişməsi üçün azacıq da olsa öz köməyini təklif edir. Amma hamıya bir cavab verilir: qapılar hamının üzünə bağlanır! Ötən dəfə marginallıq haqda yazmışdım. Bəli, hakimiyyət də artıq mənfi mənada marginal bir qrupa çevrilir, getdikcə o, daha çox insanla ünsiyyət körpülərini yandırır. Getdikcə ölkədəki sosial-iqtisadi siyasəti bir sözlə ifadə etmək daha məqsədəuyğun görünür. Bu sözün də adı talançılıq, bəli, talançılıqdır! Heç kim öz millətinə qarşı bu qədər qəddar, amansız, sərt ola bilməz! Bunlar milyonları göyə sovurur, amma öz millətlərinin kiçik də olsa tələbatını ödəmək istəmirlər. Gürcüstanla Belarusa verilən müddətsiz və faizsiz kreditlərə, Bosniyada körpü, Pakistanda məktəb tikintisinə ayrılan vəsaitlərə bu millətin çox problemini həll etmək olardı, hətta sovet vaxtında banklarda qalan əmanətlərin bir hissəsini qaytarmaq olardı! Lakin istəmirlər və buna can atmırlar. Ona görə bu yazının əvvəlindəki tezisə qayıtmaq, onu bir daha diqqətə gətirmək istərdim: qəddarlıq yalnız qəddarlıq doğurur… Bu hakimiyyətin siyasəti yalnız nekrofiliya qoxuyur. Həyat isə bunu rədd edir, o yalnız həyatı sevənlərə kart-blanş verir…
Qərbin daha bir qəribəliyi…
Getdikcə yüksək və ülvi hisslər bizim üçün anlaşılmaz olur. Bu yaxınlardaca maraqlı xəbər eşitdim. Almaniyada bir qrup adam ölkə prezidentinin istefası tələbilə etiraz aksiyası keçirib. Səbəb də budur ki, prezident aşağı vəzifədə çalışarkən öz dostundan borc pul götürüb və bu haqda məlumat verməyib!..
Dərhal özümüzü xatırladım. Bizimkilər dövlət büdcəsindən öz şəxsi hesabı kimi istifadə edir, heç bu haqda məlumat verməyi də düşünmür! Nə edək?..

Siyasəti kim radikallaşdırır?
•


