.Evlərindən zorla çıxarılanlara Azərbaycan hökumətinin zorakılığından Strasburqa şikayət etmək tövsiyə olundu
Gənclərin Müdafiə Komitəsi dünən mülkiyyət hüquqları ilə bağlı forum keçirib. “Azad Iqtisadiyyata Yardım” Ictimai Birliyinin dəstəyilə “Caspian Plaza”da keçirilən forumda son zamanlar söküntü işləri gedən ərazilərin (NZS qəsəbəsi, Bayraq meydanı (Bayıl), Sulutəpə, Səməd Vurğun, Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli küçələri və s.) sakinləri də iştirak edib. Onlar mənzillərinin zorla sökülməsindən, verilən kompensasiyanın azlığı və təklif olunan yaşayış yerlərinin yararsızlığından, bununla razılaşmayıb, evindən çıxmaq istəməyənlərin məruz qaldığı vəhşiliklərdən danışıblar. Həmçinin mütəxəssislər də baş verənlərlə bağlı öz fikirlərini bölüşüblər.
Komitənin üzvlərindən Rəşad Həsənov çıxışında bir daha vurğulayıb ki, həm Konstitusiya, həm də bir sıra başqa qanunlar Azərbaycanda hüquqi baxımdan vətəndaşın mülkiyyətinin toxunulmazlığına təminat verir. Lakin təəssüf ki, qanunların bu müddəaları ayaqlar altına atılır.
Səməd Vurğun 49 ünvanında yerləşən mənzilindən xüsusi zorakılıqla çıxarılan Başxanım Abbasova, mülkiyyət hüququ pozulmuş başqa bir sakin Elşad Məlikzadə bənzər problemlər barədə danışıblar.
NZS qəsəbəsinin sakini Sabir Musayev forum iştirakçılarına məlumat verib ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin iddiası əsasında Xətai rayon məhkəməsi qətnamə çıxarıb və həmin sənəd NZS sakinlərinə paylanıb: “Həmin qətnaməyə əsasən, biz qısa müddətdə 100 manat cərimə ödəməli, öz evimizi özümüz sökməli və ərazini də təmizləməliyik. Başa düşə bilmirəm ki, insanları çıxarıb çölə tökməklə bunlar nəyə nail olmaq istəyirlər? Həmin ərazidə 200-ə yaxın ev var. Onların da çoxu 1985-ci ildə tikilib, Xətai rayon bələdiyyəsindən texniki pasport verilib”.
Bayraq meydanı ətrafında yerləşən evindən, mülkiyyət hüququnun müdafiəsinə qalxdığına görə ardınca da müəllim işlədiyi orta məktəbdən çıxarılmış Arzu xanım da başlarına açılan oyunlardan danışıb. Onun sözlərinə görə, Bayıl qəsəbəsində baş verən bu evsökmə əməliyyatıyla əlaqədar bir neçə sakin stress nəticəsində dünyasını dəyişib. Arzu xanım deyir ki, onları imzasız, möhürsüz bir kağız əsasında mənzillərindən çıxmağa məcbur edirlər.
Zərərçəkmiş sakinlər fikirlərini bölüşəndən sonra mütəxəssislər – “Azad Iqtisadiyyata Yardım” Ictimai Birliyinin rəhbəri Zöhrab Ismayıl, “Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birliyindən Emin Abbasov atıla biləcək addımlar barədə danışıblar. Hər iki mütəxəssis sakinlərin məhkəmə yolu ilə mübarizəsinin önəmli olduğunu qeyd edərək, bu işlərin Avropa Məhkəməsi müstəvisinə çıxarılmasının vacibliyini vurğulayıblar. Onlar əmindirlər ki, Avropa Məhkəməsi vətəndaşların mülkiyyət hüququnun pozulduğunu təsdiqləyəcək və hökuməti həmin zərərçəkmişlərə böyük məbləğdə kompensasiya ödəməyə məcbur edəcək.
Forumun sonunda müxtəlif ərazilərdə evindən zorla çıxarılmış və ya belə bir təhlükə ilə üz-üzə olan sakinlərdən ibarət “Maddə 13 – Mülkiyyət” adlı komitə yaradılıb. Gənclərin Müdafiə Komitəsi və mütəxəssislərin də dəstək verəcəyi bu qurum mütəmadi toplantılar keçirərək, lazım olan addımları atacaq.
Aytən


