İlham Əliyevin əmisi oğlunun sifarişilə həbs olunan Böyükağa Abdullayev həbsxanadan «Azadlıq»a məktub yazdı
Ilham Əliyevin əmisi mərhum Aqil Əliyevin oğlu Ilqar Əliyevin həbs etdirdiyi Böyükağa Abdullayev Gəncə şəhər 2 saylı istintaq təcridxanasından məhbus Böyükağa Abdullayev qəzetimizə məktub göndərib. Məktubda deyilir:
“Mən dövlət başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişi əsasında 22 iyul 2011-ci il tarixdə qanunsuz, əsassız olaraq həbs edilmişəm. Sahibkarlıq fəaliyyətimlə bağlı bütün əmlakım əlimdən alınıb. Hazırda üç azyaşlı övladımın yaşadığı evimizi əlimizdən almaq istəyirlər. Mənim və ailəmin həyatı təhlükə altındadır. Ilqar Əliyev ailəmizə hücumlar edir, hədə-qorxular gəlir. Bu barədə dəfələrlə ölkə başçısı və mediaya müraciətlər etmişəm. Ilqar Əliyev prezidentin qohumu olduğu və Baş Prokurorluqda işlədiyi üçün bütün hakimiyyət dairələri ondan çəkinir. Hüquqlarım tapdanıb, pozulub, azadlığım əlimdən alınıb. Əmlakım da əlimdən alınıb, lakin şikayətimə baxan yoxdur. Qanunsuz həbs olunmağım, hüquqlarımı beynəlxalq hüquq çərçivəsində qorumaq, əlimdən alınan əmlakımın müdafiəsi üçün son dəqiqəmə kimi mübarizə aparacağam. Bütün ciddi-cəhdimlə əmlakımın Ilqar Əliyevdən alınaraq özümə qaytarılmasını tələb edəcəyəm.
Mən 06.01.2012-ci il tarixdən ailəmin təhlükəsizliyini qorumaq və əmlakımı Ilqar Əliyevdən qorumaq üçün, bu haqsızlıq və özbaşınalığa son qoyulması məqsədilə aclıq aksiyasına başlamışam. Həmçinin ombudsman Elmira Süleymanovanın mənimlə 2 saylı istintaq təcridxanasında görüşməsini xahiş edirəm”.
Bundan əvvəl qəzetimizdə Böyükağa Abdullayevin xanımı Kəmalə Abdullayevin müraciəti dərc olunmuşdu. Kəmalə xanım bildirirdi ki, Böyükağa Abdullayev heç bir təqsiri olmadan həbs edilib. Kəmalə xanımın sözlərinə görə, həyat yoldaşı Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevlə çalışdıqdan sonra, onun oğlu Ilqar Əliyevlə işləyib: “Yoldaşım həmişə təmiz iş görüb. Lakin onu şərləyərək həbs ediblər”.
Sosial şöbə


