Hər kəs bir çiçək əksəydi…

saadet-cahangir-koseSəadət Cahangir

Dünyada öz əməkdaşlarının inkişafına xüsusi önəm verən nüfuzlu şirkətlər davamlı olaraq xüsusi proqramlar həyata keçirirlər. Belə proqramlar çərçivəsində insanların düşüncələrini, dünyaya baxışını, seçim meyarlarını öyrənən “qrup işi” testi var. Bununla həm insanların şirkət daxilində özlərini necə inkişaf etdirdikləri öyrənilir, həm də birgə çalışmağın faydaları təbliğ olunur. Belə “qrup işi”nin iştirakçısı olduğum bir seminarda verilən mövzuya “sən özün bir çiçək ək ki, dünya dəyişsin” şüarı seçmişdik. Verilən tapşırıq təxminən “üzvü olduğunuz cəmiyyətə necə fayda verməlisiniz” formulunda idi. Həmin şüar 4 qrup arasında gedən müzakirə mövzusu üzrə ən uğurlusu elan olundu. Bilirsiniz niyə? Ona görə ki, inkişaf etmiş cəmiyyətlərdə fərdin inkişafı ən əhəmiyyətli məsələ sayılır. Cəmiyyəti fərdlər formalaşdırdığından, əsas sərmayə də o şəxslərin təhsilinə, peşəsinə və təliminə yönləndirilir. Təbii olaraq, bu faktor həmin cəmiyyətlərdə yaranan şirkətlərin də siyasətində xüsusi yer alır və onlar bu ideyaları getdikləri bütün ölkələrə aparırlar…

Məncə, inkişafın sirr nöqtəsi, bax elə burdadır. Xalq arasında boş yerə “durğun su axmayınca iylənər” deyilmir. Ətalət, tənbəllik, ərincəklik hansı uğura apara bilər ki, insanı? Sizin həyatınızı özünüzdən başqa kim dəyişəcək, kim rəng qatacaq yaşamınıza, heç düşündünüzmü? Ruh düşkünlüyü, könülsüzlük və maraqsızlıq depressiyadan başqa nə verə bilər ki, sizə? Axı özünüz hər hansı cəhd etmirsinizsə, dostdan, qardaşdan, yaddan, Tanrıdan gözlədiyiniz nə? Möcüzə sayəsində həyatınızın cənnətə dönəcəyini düşünürsünüzsə, o heç vaxt baş verməyəcək, əmin olun. Pensilini kəşf edən şotland alimi Aleksandr Fleminqin bu uğuru necə qazandığını bilirsiniz yəqin. 1928-ci ilin avqustunda tədqiqat işlərindən yorularaq məzuniyyətə gedən alim geri dönəndə görür ki, laboratoriyada qoyub getdiyi stafilokok bakteriyalarının üzərində kif göbələkləri əmələ gəlib. Göbələkləri təmizləmək istədiyi zaman Fleminqin gözləri ölən bakteriyalara sataşır. Sonra alim bu kif göbələklərini başqa bakteriyalar üzərində də sınayır. Nəticə inanılmaz dərəcədə uğurlu olur. Bununla təbabətdə antibiotiklər əsrinin başlanğıcı qoyulur. Fleminq və bu kəşfdə əməyi olan başqa  iki elm adamı 1945-ci ildə Nobel mükafatı alırlar. Çünki bu üç adam pensilinin kəşfi ilə milyonların həyatını xilas edən bir uğura imza atmışdılar… Onu da xatırladım ki, Fleminq yoxsul bir ailənin övladı olub və məşhur Çörçil ailəsinin himayəsində təhsil alıb. Sonradan da o, kəşf etdiyi pensilin sayəsində Uinston Çörçilin həyatını xilas edib. O Çörçili ki, uşaqlıqda da düşdüyü qorxunc qəzadan Fleminqin atasının yardımı ilə qurtulmuşdı.

Heç şübhəsiz ki, insan uğuru əsla təsadüfdən doğmur. Şans və uğur yalnız çalışqan insanların qazancıdır. Yalnız hədəfləri üçün inad göstərən, öyrənən, bilgilərini artıran, çalışıb-vuruşan insanlar sonunda istədiyini əldə edir. Çevrə də, zaman da, Tanrı da o insanlara yardım edir, onları mükafatlandırır və tarixləşdirir. Uğurun, qazanmanın, formulu budur. Bəlkə, Azərbaycan kimi ölkələrdə buna nail olmağın yolları çox çətindir. Amma kimlərsə o çətinlikləri üzərinə götürüb yolu açmalıdır. Yolu açmalıdır ki, ölkə nə zamansa yaxşılığa doğru dəyişsin. Ətalətdən çıxıb hərəmiz bir çiçək əkməyə cəhd etsəydik, inanın, çoxdan dəyişmişdi…