Büdcəni çatladan yollar

2 milyard manat bu il də yolların güdazına gedəcək

“Körpü yolun bir hissəsidir” – bu sözlərin müəllifi Heydər Əliyevdir. Indiki zamanda büdcənin çapıb-talanmasında yol çəkilişi çox əlverişlidir. Ona görə də yuxarıda qeyd etdiyimiz “kəlama” xırda redaktə etsək, “Büdcə yolun ayrılmaz hissəsidir” el misalını yarada bilərik…

1 kilometr üçün 18 milyon

Bəli, bu gün paytaxtda söküntü-tikinti işləri çox sürətlə gedir. O qədər sürətlə gedir ki, heç “spidometrə” baxmağa belə imkan olmur. Ötən il dövlət büdcəsindən dövlət investisiya xərclərinə 5,8 milyard manat nəzərdə tutulub ki, bu vəsaitlərin də 2 milyard manata yaxını yol nəqliyyat layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bu vəsaitlərin böyük bir hissəsi isə Bakıda həyata keçirilən yol nəqliyyat layihələrinin reallaşmasına sərf olunub. Gəlin, onlara xırda bir nəzər yetirək…
Paytaxtda onlarla yol nəqliyyat layihəsi həyata keçirilir ki, bu ilin dövlət büdcəsindən ən çox vəsait “Heydər Əliyev Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh” avtomobil yolunun 6 cərgəli hərəkət üçün yenidən qurulmasına ayrılıb. 19 kilometr uzunluğunda yolun yenidən qurulması məqsədilə büdcədən 120 milyon manat vəsait ayrılıb. Onu da bildirək ki, bu yolun yenidən qurulması işlərinə 2009-2010-cu illər ərzində 250 milyon manat vəsait sərf olunub.
Ikinci ən çox investisiya ayrılan layihələrdən biri də “Bilgəh-Novxanı-Sumqayıt” yolunun tikintisidir. Bu yolun tikintisi və tikinti ərazisinə düşən obyektlərin satın alınmasına 2010-cu ildə 59 milyon, ötən il isə 93 milyon manat vəsait xərclənib.
“Gənclik” metrostansiyası ətrafında müxtəlif səviyyəli yol qovşağının tikintisi üçün 2011-ci ildə 80 milyon manat investisiya qoyulub. Qeyd edək ki, bu yol qovşağının tikintisi üçün 2010-cu ilin büdcəsindən 225 milyon manat ayrılıb.
Bunlardan başqa, bahalı yol nəqliyyat layihələri arasında Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması da yer alır. Bu layihənin reallaşması məqsədilə 2010-cu ilin büdcəsindən 75 milyon manat vəsait ayrılıb. Bayıl qəsəbəsində Bayraq meydanı yaxınlığından keçən 2 kilometrlik yolun yenidən qurulması və əsaslı təmiri üçün isə 65 milyon manat nəzərdə tutulub.
Nəqliyyatın intellektual idarə edilməsi sisteminin təşkili də bahalı layihələrdən sayılır. Ötən il bu layihəyə 37 milyon manat investisiya yatırılıb. Onu da bildirək ki, bu günə qədər ölkə ərazisində həyata keçirilən ən bahalı yol nəqliyyat layihələri arasında ilk sırada Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun (182 km) və “Əzizbəyov” dairəsindən Heydər Əliyev Hava Limanına gedən avtomobil yolunun yenidənqurulması, tikintisi (19 km), tikinti zolağına düşən mühəndis xətlərinin köçürülməsi yer alıb. Bu layihələrə müvafiq olaraq, 630 milyon manat və 360 milyon manat investisiya qoyulub. Sonuncuya, yəni “Əzizbəyov” dairəsindən Heydər Əliyev Hava Limanına gedən avtomobil yolunun hər kilometrinə 19 milyon manata yaxın pul xərclənib. Bu xəbəri Bakıda heç vaxt olmayan əcnəbi oxusa, bu yolun bardürlərinin qızıldan olduğunu yəqin edər.

Faciəvi lətifə…

Oxucuları əyləndirmək üçün maraqlı bir məqamı qeyd edək. Söhbət 2010-cu ildən gedir. Bakıətrafı dairəvi yolun çəkilişi zamanı üzə çıxan rəqəm, əslində, hökumətin korrupsiyanı etirafı kimi başa düşülməlidir. Belə ki, dairəvi yolun çəkilişi zamanı Yeni Yasamalın aşağı tərəfindən keçən hissəsinin çox baha başa gəldiyi məlum oldu. Rəsmi dairələrin bununla bağlı verdiyi açıqlamada isə vurğulanırdı ki, bu yolun hər kilometri 34 milyon manat xərc aparıb. Bu rəqəmin həddindən artıq böyük olduğunu anlayan, özünə bəraət qazandırmaq istəyən rəsmilər bu rəqəmi belə əsaslandırdılar ki, yolun həmin hissəsində dağın yarılması prosesi baş verib və əsas xərci də o aparıb. Əslində isə orada nə dağyarma prosesi baş verib, nə də başqa böyük bir iş görülmüşdü. Sadəcə, yolu genişləndirmək üçün dağın bir hissəsi ekskovatorların bıçağı qarşısına verilib və müəyyən hissələrə də beton divarlar hörülüb. Bütün hallarda rəqəmin bu cür böyük olması mümkün deyil.
Dünyanın ən bahalı ölkəsində belə asfalt yolun bir kvadratmetri 42 avrodan baha başa gələ bilməz. Torpaq yolun hazırlanması və onun döyəclənməsi elə də xərc tələb edən məsələ deyil. Ikinci mərhələ isə torpağın üzərinə mazutun tökülməsidir ki, bu da suyun asfalta aşağıdan təsir etməməsi üçün nəzərdə tutulan vasitədir. Həmin mazutun da torpağın üzərinə döşənmiş çınqılla qarışdırılması onların birləşməsinə yardımçı olur. Növbəti mərhələdə isə birinci qat asfalt vurulur və üzərindən ikinci qat çəkilir. Bundan sonra yolu hazır hesab etmək olar.

Ən az investisiya

Bakıda həyata keçirilən yol nəqliyyat layihələrinə diqqət edəndə məhəlli xarakterli “yollar”a o biri illərdən daha az investisiya ayrılıb. Çünki sözügedən layihələrdə yaxşı qazanc əldə etmək olmur.
Ən az investisiya Xaqani Rüstəmov küçəsinin yenidən qurulması layihəsinə ayrılıb. Bu layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən 1 milyon manat xərclənib. Bundan başqa, “Nizami” kinoteatrının qarşısında, Inşaatçılar prospektində və Füzuli meydanında yerləşən mövcud yeraltı keçidlərin bərpasına 2 milyon 260 min manat vəsait sərf olunub.
Onu da bildirək ki, bu il dövlət büdcəsindən yol nəqliyyat layihələrinə təxminən ötənilki qədər – 2 milyard manat investisiya ayrılacaq.

***

Azərbaycanda yollar yenidən qurulur, yol qəzalarının, bu qəzalarda ölənlərin sayı azalmır. Bakıda körpülər tikilir, tıxaclar azalmaq əvəzinə daha da artır…
Asfalt yolun görünən örtüyüdür, korrupsiya onun altındadır. Körpü yolun bir hissəsi olduğu kimi…

Ramin DEKO