«Axtalanmış mənəviyyat ölçülərində isə nə vətənə, nə də millətə sədaqət amilləri var»
Eldar Namazov: «Ziyalılar Forumu»na qarşı kampaniya aparanlar vaxtı ilə Heydər Əliyevi «siyasi meyit» adlandırırdılar»
“Azərbaycan” qəzetində “Ziyalılar Forumu”nu ittiham edən məqalə kifayət qədər böyük səs-küyə səbəb olub. Məqalədə təşkilatın üzvləri tanınmış kinorejissor Rüstəm Ibrahimbəyov və Azərbaycan Naminə Ictimai Forumun prezidenti Eldar Namazovun ünvanına sərt ittihamlar səsləndirilib. Artıq ittihamlarla bağlı R.Ibrahimbəyov qəzetimizə müsahibəsində sərt mövqeyini ortaya qoyub. Bu dəfə isə E.Namazovun ünvanına səslənən ittihamlara cavabları diqqətinizə çatdırırıq. Fürsətdən istifadə edib E.Namazova bizi maraqlandıran başqa suallarımızı da ünvanladıq. E.Namazov öncə ünvanına səslənən ittihamlara cavab verdi:
– “Ziyalılar Forumu”nda təmsil olunan insanlara qarşı yenə çirkin kampaniya aparılır. Keçən dəfə onlar öz cavablarını aldılar və ictimaiyyətin reaksiyasını gördülər. Amma yenidən eyni metodlara müraciət olunur. Fikrimcə, artıq bu adamlar reallıq hissini itiriblər. Biz bir çox ölkələrdəki avtoritar rejimlərdə analoji mənzərəni görürdük. Indi də hakimiyyət təmsilçiləri elə təəssürat yaratmağa çalışırlar ki, cəmiyyət “Ziyalılar Forumu”na inanmır, onu qəbul etmir. Amma hakimiyyətin təbliğat apardığı mətbuat orqanlarının satış rəqəmlərinə baxın. Xatırlayıram, “Panorama” qəzetini nəşr edəndə orada müxtəlif məsələlərlə bağlı müxalifət liderləri öz mövqelərini bildirəndə o zaman Təhlükəsizlik Şurasının iclaslarının birində məsələ qaldırmışdılar ki, bilinmir bu qəzet hakimiyyətə, yoxsa onun rəqiblərinə işləyir. O zaman mən rəsmi qəzetlərin satışı ilə məşğul olan orqanların aylıq hesabatını stolun üstünə qoydum. Bəlli oldu ki, rəsmi qəzetləri o zaman üçün 3 milyonluq Bakıda 50-60 nəfər alır. Amma “Panorama” qəzetini isə hər gün 7-8 min adam alıb oxuyurdu. Bu, insanların hakimiyyətin apardığı təbliğata münasibəti idi. Indi də bu təbliğatı aparan adamlar diqqət yetirsinlər onların kampaniya apardıqları həm “sarı bulvar”, həm də rəsmi qəzetləri neçə nəfər alıb oxuyur. “Ziyalılar Forumu”, mənim və Rüstəm Ibrahimbəyov haqqında deyilənlər yalan və böhtandan başqa bir şeyi deyil. Cəmiyyətdə bu cür böhtançı kampaniyalara qarşı immunitet yaranıb. Birmənalı olaraq cəmiyyət bu cür üsulları və yanaşmanı rədd edir.
Biz bunu noyabrda “Ziyalılar Forumu”na qarşı kampaniya başlayanda da gördük.
Axtalanmış mənəviyyat sahibləri
– Sizə qarşı ittihamlarda bu dəfə müəyyən şantaj elementləri var. Bu məqamdan narahat deyilsiniz ki?
– Artıq istefamın 13 ili tamam olacaq. Bu müddət ərzində bu insanlar irad tutmağa bir arqument tapa bilməyiblər. Ona görə bu cür boş ifadələrə fikir vermirəm. Onlar buraxdıqları bu “sarı qəzetlərdə” daha nələr yazmırlar? Bir məqalə yazırlar, orada məni ermənilərlə, digərində amerikanlarla bağlamağa çalışırlar. Bəlkə də bu məqalələri ayrı-ayrı zamanlarda çap etsəydilər, kimlərsə onlara inana bilərdi. Amma bir sayda belə böhtan xarakterli yazılar dərc edirlərsə, onlara inanan tapılmaz.
– Məqalədə eyham vurulub ki, “Ziyalılar Forumu”nun dekabrın 29-da planlaşdırılan, amma baş tutmayan tədbirilə eyni gündə Ramiz Mehdiyevin rəhbərliyilə ayrı bir məkanda əsl ziyalıların tədbiri keçirilib…
– “Hyatt Regency” otelində guya texniki qəza baş verdiyinə görə, biz tədbirimizi keçirə bilmədik. Otelin rəsmi açıqlamasını nəzərə alaraq, biz bir daha tədbir üçün müraciət etmək niyyətindəyik. Çünki otel rəhbərliyi bəyan edir ki, bu sırf texniki problemdir və onlara heç kim təzyiq etməyib. Bu həftənin ikinci günü bu məsələ ilə bağlı cavab verilməlidir. Ramiz Mehdiyevin başqa məkanda əsl ziyalıları toplamasına gəlincə, bundan əvvəl bizə qarşı kampaniya aparılanda mətbuat onların nə cür “ziyalı” olduğunu ifşa etdi. O zaman bəlli oldu “Ziyalılar Forumu”na qarşı imza atma kampaniyasına qoşulanlar kimlərdir. Artıq hamıya bəllidir ki, bu adamların mənəviyyatları yalnız vəzifə ilə ölçülür. Bu adamların mənəviyyatı hakimiyyətdən nəsə ummaq, nəsə qopartmaq üzərində qurulub. Hazırkı kampaniyanı təşkil edən adamlar Vəzirovun vaxtında Heydər Əliyevi “siyasi meyit” adlandırırdılar. Indi onlar guya Heydər Əliyevə sadiqliklərini nümayiş etdirirlər. Bu insanların axtalanmış mənəviyyat ölçülərində nə vətənə, nə millətə sədaqət amilləri var. Onlar üçün yalnız bir amil var. Kim onlara vəzifə, bu ölkəni talamağa imkan verir, onlar həmin kəslərə sadiqdirlər. Bütün hakimiyyətlər dövründə öz müstəqil mövqeləri ilə seçilən ziyalılarımızı bu insanlarla nə müqayisə etmək, nə də onları yan-yana qoymaq olar.
Hakimiyyət inqilablardan “məntiqinə” uyğun nəticə çıxarır
– Son zamanlar fərqli fikirlərin söylənməsinin qarşısı bir qayda olaraq alınır. Sizcə, bu qədər ifrat narahatçılıq nədən irəli gəlir?
– Özünə arxayın olan hakimiyyət heç zaman vətəndaşlarına, cəmiyyətinə, ziyalılarına, gənclərinə, siyasi rəqiblərinə qarşı bu cür hərəkətlər etməz. Yəqin ki, bu münasibətin arxasında böyük bir narahatçılıq və qorxu hissi dayanır. Çünki haradasa rəsmi təbliğatdan bir balaca kənara çıxan bir azad fikir söylənirsə, sanki hakimiyyət diksinərək, dərhal ora hücum edir. Ola bilsin ki, dünyada baş verən proseslər buna təsir edir. Dünyada bir tərəfdən sürətlə qloballaşma, digər tərəfdən də, demokratiya dalğaları daha da güclənir. Son hadisələr Azərbaycana olduqca yaxın ərazidə Rusiyada baş verir. Bu hadisələrdən sözsüz ki, dərs götürmək lazımdır. Baş verənlərdən iki nəticə çıxarılır. Birincisi odur ki, islahatlar aparılmayan, korrupsiyanın baş alıb getdiyi ölkədə gec-tez sosial partlayışlar olacaq. Amma məmurların da “məntiqi” var. Onlar hesab edir ki, əksinə, müstəqil mövqe ortaya qoyanları dərhal sıxmaq lazımdır ki, ümumilikdə rejim mövcudiyyətini uzada bilsin. Təəssüf ki, Azərbaycan ətrafında baş verənlərdən belə nəticə çıxarılır. Bu isə onların özlərini və bizim cəmiyyəti olduqca ağrılı proseslərə aparır. Amma baş verənlərdən çıxarıla biləcək yeganə düzgün nəticə ondan ibarətdir ki, Azərbaycanda zəruri islahatlar aparılmalı, ölkədə bütün insanların hüquqlarını təmin edən siyasi sistem qurulmalıdır. Bu isə Azərbaycanda həm sabitliyə, həm də davamlı inkişafa təminat verir.
Nə polis gücü ilə, nə də bu cür çirkin kampaniyalar ilə fərqli fikirliyin qarşısını almaq olmaz.
– Yanvarın sonunda “erməni soyqırımı” ilə bağlı məsələnin Fransa Senatında müzakirəsi nəzərdə tutulub. Sarkozinin daha bir istəyi qəbul olunan qanun layihəsinin digər Avropa Birliyi ölkələrində də tətbiq olunmasıdır. Azərbaycanın isə hazırda cərəyan edən hadisələrə münasibəti adekvat deyil. Belə ehtiyatlı mövqe, Türkiyə ilə bir olmaması nədən qaynaqlanır?
– Xarici siyasət daxili siyasətin davamıdır. Bünövrəni daxili siyasət qoyur. Bizim xarici siyasətimizdəki bir çox yanlışların kökü məhz daxili siyasətdən başlayır. Hakimiyyət müstəqil xarici siyasət yürütdüklərini tez-tez bəyan etməyi sevir. Amma “müstəqillik” yalnız Azərbaycanda insan haqlarının saxtalaşdırılması, demokratiya ilə bağlı iradlar səslənən zaman yada düşür. Bu məqamlarda hakimiyyət nümayəndələri bu tənqidi qulaqardına vurmaq üçün biz “müstəqil” xarici siyasət yürüdürük söyləyirlər. Amma əsl müstəqil xarici siyasət insan haqlarının pozulması, korrupsiya ilə bağlı iradlardan yayınmaq deyil. Bu nöqsanları aradan qaldırmaq, azad seçkilər keçirmək, korrupsiyanı aradan qaldırmaq hakimiyyətin vətəndaşlar qarşısında bir borcudur. Müstəqil xarici siyasət isə Fransa parlamentindəki hadisələr zamanı önə çəkilməlidir.
Bu gün diplomatiyamız millətin maraqlarını təmin etmir
– Hazırda Fransanın addımları ilə bağlı gərginlik artan xətlə gedir. Sizin gözləntiləriniz nədən ibarətdir?
– Proseslərin gərginləşməsində narahatlıq doğuran məqam təkcə “erməni soyqırımı” ilə bağlı deyil. Eyni zamanda baş verənlərdə narahatçılıq Qarabağ probleminin gələcəyi, Azərbaycanın xarici siyasəti ilə də bağlıdır. Neçə vaxtdır biz xəbərdarlıq edirdik ki, Qarabağın statusunun öz müqəddəratını təyinetmə prinsipi əsasında həllini tapması Azərbaycanın maraqlarına ziddir. Bu, Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına alan amildir. Buna rəğmən, hakimiyyət nümayəndələri neçə ildir bəyanatlar verirlər ki, ATƏT-in Minsk Qrupu ilə fəaliyyət yaxşı qurulub, hər şey Azərbaycanın maraqlarına uyğundur. Son üç ildə bıçaq sümüyə dirənəndə məlum oldu ki, bu sənədə imza atmaq mümkün deyil. Bu gün Azərbaycan diplomatiyasının apardığı xarici siyasət millətin maraqlarını təmin edə bilmir. Bunun nəticəsi çox ağır ola bilər. Belə getsə, Azərbaycanın beynəlxalq arenada təklənməsi prosesi yaşana bilər. Heç kimi BMT TŞ-ya seçkilərdə əldə olunan nəticələr aldatmasın. Bizdən əvvəl həmin kresloda Liviya, Misir də oturmuşdu. Amma ərəb dünyasında baş verən proseslər nəticəsində bəlli oldu ki, səsvermənin nəticələri heç də beynəlxalq dəstək anlamına gəlmir. Azərbaycanın ətrafında da baş verən proseslər Iran ətrafındakı gərginlik, Rusiyadakı etiraz mitinqlərinin geniş vüsət alması onu göstərir ki, Azərbaycan üçün bu il kifayət qədər böyük təhlükələr mövcuddur. Belə çətin dönəmdə millətimizi, dövlətimizi qorumaq üçün Azərbaycanda vahid bir konsensusa gəlmək çox vacibdir. Amma təəssüflər olsun ki, biz belə bir halda nəylə rastlaşırıq. Sərbəst fikrini söyləyənlərə qarşı yersiz hücumlar geniş vüsət alır. Bu isə daxildə gərginliyi artırır və Azərbaycanı xarici təhlükələrdən qorumaq üçün yumruq kimi birləşməyə imkan vermir.
– Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmalı olduğu ilə bağlı müxtəlif fikirlər səslənir. Sizin bununla bağlı mövqeyiniz necədir?
– ATƏT-in Minsk Qrupunun hazırkı siyasəti dəyişməyəcəyi təqdirdə Fransa uzaqlaşdırılsa belə, yenə müsbət bir nəticə alınmayacaq. Çünki Minsk Qrupunun yanaşması, təklif etdiyi prinsiplər yanlışdır.
Azərbaycan demokratikləşmədən kənarda qala bilməz
– Ərəb dünyasında baş verənlər Azərbaycana təsirsiz ötüşmədi, ölkədə siyasi aktivlik artdı. Bəs Rusiyadakı olaylar Azərbaycana necə təsir edə bilər?
– Azərbaycan ətrafında baş verən hadisələrin hamısının ölkəmizə təsiri var. Ərəb dünyasında baş verənlərin Azərbaycanda ictimai şüura ciddi təsiri oldu, cəmiyyətdə aktivlik artdı. Rusiyada baş verənlərin isə düşünürəm ki, təsiri daha böyük olacaq. Rusiya və ərəb dünyasında baş verənlərin Azərbaycana təsiri iki istiqamətdə özünü göstərir. Birinci təsir hakimiyyətlə bağlıdır. Çünki hakimiyyət neçə illərdir Azərbaycanda Misir modelini qurmağa çalışırdı və bunu belə təsəvvür edirdilər ki, Misir də avtoritar ölkədir, orada da müxalifət qanundan kənardır, amma bütün bunlara baxmayaraq, bu ölkə ABŞ-ın ən yaxın müttəfiqidir. Ona görə Azərbaycanda təxribatçı üsullarla Islam radikalizminin güclənməsinə nail olmağa çalışırdılar. Misir, Tunis və Liviyada baş verən hadisələr bu modeli darmadağın etdi. Ikinci vacib məsələ odur ki, bu siyasəti yürüdəndə hakimiyyət arxasında Rusiyanın dəstəyini hiss edirdi. Ona görə Rusiyanın bu bölgədə aparıcı siyasəti ondan ibarətdir ki, Azərbaycan və digərləri Qərbdən mümkün qədər məsafə saxlasın. Əlbətdə, dünyadakı proseslər Azərbaycan hakimiyyətinə təsir edir.
Elə ona görədir ki, iqtidar fərqli fikirliyə qarşı sərt mövqe sərgiləyir. Ikinci təsir isə artıq Azərbaycan cəmiyyətinədir. Cəmiyyətimiz görür ki, illərdir əsarətdə yaşayan xalqlar azadlıqlarını tələb edirlər və bütün dünya onları dəstəkləyir. Mən Azərbaycana təsiri təkcə Rusiya və ərəb dünyası ilə məhdudlaşdırmazdım. Bu, dünyada gedən bir qloballaşma prosesidir. Bütün dünya bir ailə kimi yaşamaq istəyir və Azərbaycan da bu proseslərdən kənarda qalmayacaq.
– Rusiyadakı proseslərin sonrakı istiqamətini necə qiymətləndirirsiniz, Putin bu dalğadan qurtula biləcəkmi?
– Rusiya artıq əvvəlki Rusiya deyil. Rusiyanın aparıcı federal telekanalları müxalifət liderlərinin mövqeyini tirajlayırlarsa, Rusiyanın patriarxı bəyan edirsə ki, islahatlara getmək lazımdır, deməli, situasiya fərqlidir. Rusiyada artıq keyfiyyət dəyişikliyi baş verib. Indi əsas məsələ Putinin prezident seçilib-seçilməməsi deyil. Putin, hətta prezident seçilsə də, bu əvvəlki Putin olmayacaq. Bu mənada biz deyə bilərik ki, Rusiyada artıq dəyişikliklər başlayıb. Çünki dəyişikliklər ilk növbədə ictimai şüurda olur. Ictimai şüurda dəyişiklik olandan sonra bir qədər vaxt lazım olur ki, siyasi sistem özü dəyişsin.
Xəyal



