Şirəliyev Neftçilər Xəstəxanasını çökdürür

Xəstəxananın əməkdaşlarının maaşları yarıbayarı azaldılır, pulsuz tibbi xidmət ləğv edilir

Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin balansına verilib. Yanvarın 1-dən ARDNŞ-ın Sosial Inkişaf Idarəsinin tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanası da nazirliyin tərkibinə verilib.

“Dəyişiklik olsa, vay halımıza”

Məlumatlara görə, səhiyyə naziri Oqtay Şirəliyev fürsəti fövtə verməyib xətəxanaya əl gəzdirib. Bu azmış kimi, nazir əzəli və əbədi rəqiblərindən olan Rövnəq Abdullayevlə qarşı açıq savaşa çıxıb. Belə ki, sözügedən müəssisə ARDNŞ-nin tərkibində olanda neft sektorunun işçiləri ilə yanaşı, xəstəxananın əməkdaşlarına da burada pulsuz tibbi xidmət göstərilirdi. Cənab Şirəliyevin qanunsuz əmri ilə bundan sonra xəstəxananın işçiləri ödənişli müalicə alacaqlar. Məvaciblərin azaldılması bir yana, ödənişli tibbi xidmətə cəlb olunmanı həzm etməyən xəstəxana əməkdaşları rəhbərliyə etiraz bildiriblər. Hətta bir neçəsi ərizə yazaraq işdən çıxarılmalarını tələb ediblər.
“Yeni Müsavat” qəzetinin yazdığına görə, Neft Şirkətindən xəstəxanaların alınmasının məqsədi yaxın gələcəkdə bu səhiyyə ocaqlarının özəlləşdirilməsi ilə bağlıdır: “Mərkəzi Neftçilər Xəstəxanasında baş verən proses də tezliklə bu müəssisənin özəlləşdirməyə çıxarılmasına hesablanıb. Mərkəzi Neftçilər Xəstəxanası normal tibbi xidmət göstərən azsaylı səhiyyə müəssisələrindən biridir”.
Məsələni araşdırmaq üçün ötən gün xəstəxanaya üz tuturuq.
“Işdən çıxarılacağımı gözləyirəm. Maaşla, işdən çıxarılma ilə bağlı narahatlıqlar var. Neftçilərə 100 faiz güzəşt olunurdu. Indi bu qadağan edilib” – bu sözləri adının çəkilməsini istəməyən tibb bacısı deyir.
Kompüter operatoru olanlar 250 manat maaş alır: “Maaş təcrübəyə görə dəyişir. Çörək pulu şirkətin hesabınadır. Bu hələ ki, bizi qane edir. Ancaq dəyişiklik olsa, vay halımıza”.
“Xəstəxanamızın fəaliyyəti davam edir. Heç bir dəyişiklik yoxdur. Neftçilər tibbi sığorta ilə təmin olunub gələcəklər. Əvvəl həkimin vəzifəsinə görə maaşı var idi. Gün ərzində 10, 20 xəstəyə də baxa bilərdi. Indi neçə xəstəyə baxıb, müayinə edibsə, ona görə pul veriləcək” – deyir, başqa bir həkim.
Ilk dəfə bu xəstəxanaya üz tutan dövlət işçisi həkimlərin diqqətsizliyindən şoka düşüb: “Qohumumu gətirmişəm ki, müayinə olunsun. Bir müddət sonra əməliyyat olunacaq. Ancaq diqqət edən yoxdur. Ora-bura qaçırıq. Əslində həkimlər xəstə üçün can yandırmalıdırlar”.

“250 manat məvacib 125 manata ensə nə etməliyik?”

Kiçik tibb işçisi narahat olduğunu dilə gətirdi: “Istənilən an işdən çıxarıla bilərik. Ola bilər püşkatma ilə işdən çıxarılaq. Bu lap ədalətsizdir. Görün hansı dövrdə yaşayırıq. Işçiləri püşk yoluyla xəstəxanadan çıxardırlar. Əslində hər hansı qərar verəndə iclas təşkil olunmalı idi. Yaxşı maaş almırdıq. Bundan sonra lap pis günə düşəcəyik. 250 manat məvacib 125 manata ensə nə etməliyik? Ondansa süpürgəçilik etmək yaxşıdır. Daha niyə özümüzə əziyyət verib oxuyurduq?”. Bu qərarı hələ ötən ilin əvvəlindən gözlədiyini deyən başqa bir tibb işçisi söyləyir ki, iki aydır maaş almırlar: “Maaşla bağlı konkret heç nə deyə bilmərəm. Çünki işimizin yarısı Neft Şirkətinin tərkibində olan vaxta düşür, qalan yarısı Səhiyyə Nazirliyinin. Bilmirəm əmrim verilib, ya yox. Hərə bir söz deyir. Beş ildir burada işləyirəm. Işimdən o qədər də narazı deyiləm. Maaşım 250 manatdır. Düzdür, bu pulla ailə saxlamaq mümkün deyil, ancaq o biri xəstəxanalara baxanda Allaha şükür etməliyik”.
“1992-ci ildən neft şirkətində işləyirəm. Burada yatılı xəstəyəm. Xəstəxanada qaldığım müddətdə pul ödəmirəm. Ancaq həkimlər dedilər ki, diş çəkdirmək əvvəl pulsuz idi, indi pulludur. Təqaüdçülərin neçəsini xəstəxanaya götürmədilər. Bir xəstəyə dedilər ki, ya sığorta olunmalısan, ya da ödənişli müayinə olunacaqsan. O, vaxtilə neft şirkətinin işçisi olub. Indi isə qiymət verən yoxdur”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri ilə bağlı sərəncamına əsasən, ARDNŞ-in Sosial Inkişaf Idarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Sərəncama əsasən, Sosial Inkişaf Idarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.
Sərəncamda Səhiyyə Nazirliyinə tapşırılıb ki, adı çəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.
Ancaq Oqtay Şirəliyev qanuna məhəl qoymadan öz işindədir.

Ramin DEKO