Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli amerikalı jurnalist Tomas Qoltsun Xocalı soyqırımı haqda öz gündəliyində yazdıqlarından bir xülasə paylaşıb. Cəmil Həsənli feysbuk səhifəsində yazıb:
Tanınmış jurnalist Tomas Qolts Bakıya gələndə həmişə köhnə dostu, kiçik bir dəstə ilə Xocalının müdafiəsinə rəhbərlik etmiş Milli Qəhrəman Əlif Hacıyevin məzarına baş çəkir. O, hadisələri gözü ilə görmüş, faciədən bir ay əvvəl Xocalıda, faciə baş verən gün isə Ağdamda olmuş çox azsaylı jurnalistlərdən biri idi. Sonralar yazdığı “Azərbaycan gündəliyi”ində Xocalıda baş verənlərin kədərli bir mənzərəsini yaratmışdı. Tomas yazırdı:
“Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək yalnız vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun “İndependent”indən Poupla Ağdama yola düşdük. Axırıncı dəfə Əliflə getmişdik ora. O deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir işğal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı ilə Şuşa qalıb ki, onların da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdama gedən yolu bir gündə açar. Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək 25-i gecəsi Xocalı şəhərini Yer üzündən siliblər, yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri çıxmırdı. Raisa Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb. Yüzlərlə, bəlkə də min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləboran edilmişdi. Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, qeyri-mümkün kimi görünürdü. Lakin biz kiçicik araşdırma aparandan sonra ölənlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük. Ağdamda yerli dini rəhbər Sadıq Sadıqov siyahı ilə ölənlərin adını çəkərək göz yaşları tökürdü. Həmin gün itkin düşən və öldüyü güman edilən – ailəsi tamamilə məhv edilənləri çıxmaq şərtilə 477 nəfər ölü var idi. Bunlar hələ Ağdama gətirilmişlər idi. “Reyter” agentliyinin müxbiri Elif Kaban sarsılaraq sanki ağlını itirmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu. Fotoqraf Oleq Litvin huşsuszluq halına düşmüşdü. İnsanlar dəhşətli şeylər danışırdı. Bir qrup insan ənənəyə uyğun olaraq ölüləri yuyub, kəfənləyib iri yük maşınlarına dolduraraq dəfn etmək üçün qəbiristanlığa daşıyırdı. Bəzi meyitlərin başlarının dərisi soyulmuşdu, bədənlərinin müxtəlif hissələri kəsilmişdi. Günortadan xeyli keçmiş kimsə dedi ki, Gəncədəki rus qarnizonundan kirayə edilmiş hərbi helikopter qırğının baş verdiyi sahə üzərinə uçuş edəcək. Biz bunu eşidən kimi hava limanına tərəf getdik. Amma uça bilmədik. Elə bu vaxt bir nəfər ağlaya-ağlaya məni qucaqladı: – Tomas, naş naçalnik, komandir Əlif – deyib hönkürdü. Məlum oldu ki, Əlif Hacıyevin komandanlıq etdiyi qırx nəfərlik dəstənin yalnız 10 üzvü sağ qalıb. Onlar dəhşətli gecədə baş verənləri – Əlifin öldüyü anı hissə-hissə danışırdılar. Əlif qadın və uşaqları müdafiə edərkən başından aldığı güllə yarasından həlak olmuşdu, amma meyiti gəlib çıxmamışdı…”



