Kılıçdaroğlu həbs oluna bilər

Prokurorluq təhqiqata başlayıb; onun toxunulmazlığının ləğvinə hazırlıq gedir

Türkiyədə prokurorluq ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında təhqiqata başlayıb. İstanbulun Silivri rayon prokurorluğu “ədalət mühakiməsini təsir altına almaq” və “məhkəmə üzvlərinə həqarət” ittihamı ilə Kılıçdaroğlu barəsində təhqiqata başlamaq haqqında qərar qəbul edib. CHP sədrinin toxunulmazlığının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik öz növbəsində bu müraciəti parlamentə göndərəcək.

Əlavə edək ki, Kamal Kıllıçdaroğlu bir neçə gün əvvəl Silivri həbsxanasının qarşısında jurnalistlərə verdiyi açıqlamada siyasi ittihamlarla həbs olunanların saxlanıldığı bu həbsxananı konslagerə bənzədib. O, “Ergenekon” işi üzrə məhkəmə prosesini idarə edən hakimləri “hakim” adlandırmağı özünə sığışdırmadığını söyləyib. Toxunulmazlığı ləğv olunarsa müxalifət lideri haqqında ittihamnamə hazırlana və o, mühakimə oluna bilər.

CHP-nın keçmiş sədri Dəniz Baykal Kılışdaroğlu barəsində təhqiqatın başlanmasına münasibət bildirib. Baykal hadisəyə “bircə bu çatışmırdı” deyərək reaksiya verib. CHP sədrinin müavini isə daha sərt açıqlama verərək Türkiyə parlamentindən bütün partiyadaşlarının toxunulmazlıq hüququna xitam verilməsini istəyib. CHP-nin İzmir millət vəkili hazırda “Ergenekon” işi üzrə həbsdə olan Mustafa Balbay da prokurorluğun qərarın etirazını bildirib. Onun sözlərinə görə, ölkədə hüquq və ədalət üzərində dəmir yumruqlu idarəçilik hökm sürür.

İnformasiya şöbəsi