Xalq artistindən teatr direktoruna ittiham

“O deyir ki, rejissorlar mənə rol vermir, halbuki özü buna qadağa qoyub”

Azərbaycanın xalq artisti Zemfira Nərimanova Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova rəsmi şəkildə müraciət edərək oynanan tamaşalarda ona rol verilməməsindən şikayətlənib:
“Nəzərinizə çatdırmaq istəyirəm ki, Siz Akademik Milli Dram Teatrına direktor təyin olunduqdan ötən müddət ərzində mənə cəmi bir rol – Saqarellinin “Xanuma” tamaşasında Tekle rolu həvalə olunub. Lakin təəssüflər olsun ki, bu tamaşanın ilk məşqlərindən tutmuş daxili baxışa qədər bütün məşqlərində iştirak etsəm də, premyera və daxili baxış zamanı mən cəmiyyətdəki nüfuzuma, 32 illik səhnə fəaliyyətimə, fəxri adlarıma uyğun olmayan hadisə ilə rastlaşdım. Nə daxili baxışda, nə premyerada mənə səhnəyə çıxmağa imkan verilmədi. Bu haqsızlıq mənim səhhətimə çox pis təsir etdi. Həmin tamaşanın məşqlərində qarşılaşdığım neqativ hallar barədə sizə yazılı surətdə məlumat versəm də, heç bir nəticə hasil olmadı. Bu səbəbdən sizdən xahiş edirəm ki, mənim 32 illik səhnə fəaliyyətimi, fəxri adlarımı, yaradıclıq mükafatlarımı, fiziki göstərcilərimi, intellektimi nəzər alıb bundan sonra teatrda səhnəyə qoyulan tamaşalarda sadaladığım kritereyalara uyğun rollar verilməsini təmin edəsəniz. Çünki mənim tamaşaçılarım bunu artıq məndən tələb edirlər” (APA).
Z.Nərimanova qeyd edib ki, teatrda rol almamasının səbəbi kimi İ.İsrafilov rejissorların onunla işləmək istəmədiyini göstərir. Lakin aktrisa rejissorların belə faktı təkzib etdiklərini deyib və hətta buna misal da çəkib: “İsrafil müəllim mənə bildirdi ki, Bəxtiyar Xanızadə məni tamaşada özü istəməyib. Amma mən bununla bağlı Bəxtiyar Xanızadəyə zəng elədim və o dedi ki, bu, ağ yalandır. Hətta bildirdi ki, gedim İsrafil İsrafilovun yanından ona zəng edim və bunu öz qulağımla eşidim ki, bu fakt doğru deyil. Bütün bu cür fikirlər məni yorur, indi də müraciət etmişəm. Ona görə də müraciətimi götürüb-götürməməyi belə fikirləşirdilər. Müraciətimi də çox çətinliklə götürdülər, gedib İsrafil İsrafilovdan soruşub sonra qəbul etdilər. O deyir ki, rejissorlar mənə rol vermir, halbuki özü buna qadağa qoyub. Guya hazırda tamaşa qoyan gürcü və ya moldovalı rejissor aktyor seçimi şəkil və video görüntülərlə həyata keçirilir. Gürcü və ya moldovalı rejissor bizi haradan tanıyır? İsrafil İsrafilov bildirir ki, rejissor səninlə işləmək istəmir. Görəsən mənə nə olub, hansı rejissorla konfliktim var? Gürcü ya moldovalı rejissoru tanıyıram ki, onunla konfliktim olsun? İsrafil İsrafilov müxtəlif kütləvi informasiya vasitələrinə açıqlamasında və Bəsti Cəfərova elə sizə verdiyi açıqlamada bildiriblər ki, getsin rol istəsin, verisnlər… 32 illik yaradıcılığım dövründə mən məgər rol istəmişəm? Xalq artisti öz dili ilə rol istəməlidir. İslahat budur?”
Xalq artisti müraciətinin hələlik heç bir nəticəsi olmadığını deyib.
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdan münasibət öyrənmək mümkün olmayıb.