Bu gün Xocalı soyqırımının 24-cü ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı törədilən soyqırım nəinki ölkəmizin, bütövlükdə dünya tarixində ən dəhşətli hadisələrdən biridir.
Hücumdan əvvəl – fevralın 25-i axşam Xocalı toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təxminən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk etmək istəyənlərin 613-ü düşmən gülləsinə tuş gələrək, qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir götürülüb, 150 nəfər itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.