Əlibaba və qırx quldur

Hazırkı rejcimin banisi Heydər Əliyevin 80-ci illərin ortalarından 1993-cü ilə qədər Azərbaycan rəhbərliyindən kənarda qalmasının Azərbaycan üçün müstəsna əhəmiyyəti oldu. Ölkə yenidənqurma və aşkarlıq dövründə əhəmiyyətli dərəcədə dəyişməyə başladı. Bazara çevrilmiş ali məktəblərdə rüşvət, total yerlibazlıq, digər müttəfiq respublikalardan fərqlənən amansız əmək rejimi və digər neqativ hallar, tədricən aradan qalxmağa başladı. Artıq insanlar öz pullarını əmanət banklarına qoyur, sərbəst surətdə tikinti materialları alır, şəxsi təsərrüfatlarını genişləndirirdilər.
Illər sonra sadə vətəndaş öz övladının ali məktəbə rüşvətsiz qəbul olma sevincini yaşayır, bir çox rayonlarda naxçıvanlı katiblərin sayı sürətlə aşağı enməyə başlayırdı. Qısa müddətdə həyatımızın bir çox sahələrində irəliləyiş nəzərə çarpmağa başladı. Hətta bir nömrəli futbol komandamız olan “Neftçi” də SRRI çempionatlarında iddialı duruma gəldi və yavaş-yavaş 1966-cı ildəki uğurunu təkrarına gedirdi. Bunu yersiz olaraq xatırlatmıram, o zamanlar yaxşı futbolçu olmaq hələ heç nə demək deyildi, bir çox hallarda rüşvətlə əsas komandaya düşənlər də olurdu. Bu barədə mərkəzi mətbuatda da yazılar gedirdi və təsadüfi deyildi ki, “Neftçi” bu illərdə elitadan aşağı dəstəyə gedib-gəlməklə məşğul idi, “bron 13-cü yer” haqqında isə lətifələr dolaşırdı…
Nəhayət, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə, rejim qaldığı yerdən başladı. Mərkəzi nəzarətin olmadığı bir şəraitdə, qısa zamanda Azərbaycanda əvvəlki rejim bərqərar oldu. Qeyri-rəsmi olaraq ölkə əhalisi rəiyyət elan olundu, idarəsi isə, hakim ailəyə yaxın olan bir qrup məmura tapşırıldı…
…Yanvarın ilk günlərində avtomobil qəzalarında 40 nəfərə yaxın vətəndaşımız həlak oldu. Dünən Almaniyada yaşayan bir soydaşımız mənə, bir həftə ərzində 40 azərbaycanlı ailənin, bu ölkədən siyasi sığınacaq istədiyi haqda məlumat verdi. Məmurların himayə etdiyi daha bir mənzil-tikinti şirkəti isə 40-a yaxın müştərisinə atıb. Artıq ölkədə mənzil fırıldağı qurbanlarının sayı on minləri keçir, sonuncular isə, şikayətçilərin dediyinə görə, iri bir məmurun qohumlarıdır.
Mən bu 40 zərərdidədən biri ilə söhbət etmişəm, ziyalı insandır, 2 ali məktəb bitirib, ağır fiziki əməklə məşğul olur, övladlarına Dubayda fantastik qiymətlərə villalar almış prezident Ilham Əliyevlə yaşıddır. Cəmi beş-on dəqiqəlik söhbətimiz zamanı o, məni heyrətləndirməyi də bacardı, anası ilə yoldan keçən balaca bir uşağın məzəli hərəkətinə qəhqəhə çəkib güldü(!). Halbuki mənim yumor hissim heç də zəif deyildi və mən onun bu faciəsi fonunda, gülməyi ən azı nəzakətsizlik hesab etdim. Bu hələ son deyildi, mən aldadılmış vətəndaşın xeyrinə hökm çıxarmış hakimə də (hərdən belə şeylər də olur, əzizlərim) heyrətləndim. Nəhayət, ayrılanda yenə məni məni təəcübləndirdi, “yaxşı ki, təmir elətdirməmiş əlimdən aldılar” dedi və əlavə etdi ki, “bu evi almaq üçün etdiyim borcları təxminən 4-5 ilə qaytaracam, ömür vəfa etsə, son vaxtlar ürəyim ağrımağa başlayıb, eybi yox, düzələr, belə davam etməz axı, hər şey”.
Sonuncu fraza məni sevindirdi, mən bu insanı siyasətdən danışmağa vadar etmədim, amma sonda o da mənə təsəlli verməyi unutmadı.
Bir daha əmin oldum ki, biz böyük xalqıq. Bu cür ağır şərtlərlə yaşamağa məcbur ediləsən, həyatını qaranlığa çevirələr, hələ bir gülməyi də bacarasan, eyni zamanda gələcəyə nikbin baxa biləsən…
…Deyə bilərlərmi ki, yaxşı, mənzil məsələsini anladıq, yol qəzalarının iqtidara nə aidiyyəti var? Gülməli sualdır. Çünki sürücülük vəsiqələrindən əldə edilən “gəlir”in qəpiyinədək “müqəddəs” fonda daxil olduğunu, “daxili korrupsiya”nınsa bu “kiçik” sahədə olmadığını hər kəs bilir.
Bu ölkədə məktəb direktorundan tutmuş nazirədək hər kəsə haqq qoyulub, “nə edirsən et, hansı yolla olursa olsun, ödəməlisən”, əks tədqirdə “korrupsiya” ittihamı ilə üzləşəcəksən”.
Sonda… “Yaramaz” filmi ilə Əliyev rejiminin möhtəşəm güzgüsünü yaradan rejissor Vaqif Mustafayevə, “Space”də hər gün efirə gedən, amansız, “Bu zalım dünyada doğulma” serialına görə təşəkkür edirəm.
Ancaq sizin kimi dahilər, belə bir addımı atmağa qadirdirlər.
P.S. Hörmətli Baksell! 333-dən gələn aramsız mesajlara görə nömrədən imtina etmək haqqında fikirləşirəm. Avropada vahid valyutanın avro yaxud, türk lirəsi olması kimi “intellekt” suallarınızdan əl çəkin, biz azadlığımızı itirmişik, ağılımızı yox.