Türkiyəni qarışdıran həbsin pərdəarxası nədir?

Keçmiş qərargah rəisi Ərdoğanı devirmək istəyib, yoxsa…

Elxan Şahinoğlu: «Bu, hökumətə ona görə lazımdır ki, hərbi dairələr bir daha çevriliş haqqında düşünməsinlər»

Türkiyənin keçmiş baş qərargah rəisi Ilkər Başbuğun həbsi qardaş ölkənin gündəminin bir nömrəli məsələsinə çevrilib. Həbsin özü qədər onun təfərrüatları, pərdəarxası məqamları da olduqca maraqlıdır və son günlərin əsas müzakirə mövzusudur.  
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu hesab edir ki, Ilkər Başbuğun həbsi əslində gözlənilən idi: “Çünki, özü də son müsahibələrində vurğulayırdı ki, hərbi çevrilişlə bağlı istintaqı aparan müstəntiqlərin suallarına cavab verməyə hazırdır. Digər tərəfdən hərbi çevriliş cəhdində ittiham edilən və hazırda həbsxanada yatan generallar bir müddət idi ki, Ilkər Başbuğa işarə edirdilər. Yəni həmin generallar istintaqda söyləyirdilər ki, baş qərargah rəisinin icazəsi olmadan onlar hərbi çevriliş çalışmalarına baş vurmazdılar. Bunun nə dərəcədə doğru olduğunu istintaq və məhkəmə göstərəcək”.

“Daş qayaya rast gəldi”

E.Şahinoğlu deyir ki, bu, məsələnin hüququ tərəfidir. Məsələnin siyasi tərəfi isə fərqlidir: “2002-ci ildən hakimiyyətə yiyələnən Ədalət və Inkişaf Partiyası və onun lideri Rəcəb Təyyub Ərdoğan ordunu siyasi proseslərdən uzaqlaşdırmağa çalışır. Türkiyə Cumhuriyyəti ordunun və paşaların qurduğu dövlətdir. Odur ki, ordunun siyasi həyatda rolu hər zaman yüksək olub. Təsadüfi deyil ki, ölkə müxtəlif illərdə qarışıqlığa sürükləndikdə, millətçilərlə solçular arasında toqquşmaların sayı artqıda nizam-intizam yaratmaq məqsədilə hər zaman ordu işə qarışıb. Hər 10-15 ildən bir təsadüf edilən hərbi çevrilişlər bunula bağlıdır. Doğrudur, bu çevrilişlər ilkin mərhələdə ölkəni xaosdan qurtarsa da, hərbi hakimiyyətin davamı Türkiyəni geri salıb. Məsələn, çevriliş nəticəsində hakimiyyəti ələ keçirən ordu keçmiş baş nazir Adnan Menderesi asdı. Üstündən illər keçdikdən sonra Menderesin suçsuz olduğu ortaya çıxdı. Və ya götürək 1980-ci il çevrilişini. Yenə ordu generalı Kənan Evren ölkəni növbəti siyasi xaosdan qurtardı, ancaq həbsxanaya atılan və işkəncələrə dözməyib ölən insanlar da qardaş ölkənin tarixinə qara ləkə kimi düşdü. Bu günün özündə Türkiyə o dövrün məhsulu saylan Konstitusiyadan qurtula bilmir. Soyuq müharibə bitdikdən sonra Türkiyədə sağ-sol müharibəsi gündəlikdən çıxdı. Ancaq bu dəfə ordu ölkənin siyasi həyatında mühüm rolunu irtica – dinçilərlə mübarizə ilə əlaqələndirirdi. Bunun nəticəsidir ki, 1997-ci ildə ordu real çevriliş etmədən o zamankı baş nazir islamçı Nəcməddin Ərbakanı istefaya məcbur etdi. Generallar Təhlükəsizlik Şurasının iclasında Ərbəkana anlatdılar ki, o getməlidir. Ancaq Ərbakanın keçmiş şagirdi Ərdoğan müəllimindən fərqli olaraq dirəndi. Necə deyərlər, daş qayaya rast gəldi”.

“Ordu rəhbərliyi düşünürdü ki, Ərdoğan geri çəkiləcək”

E.Şahinoğlunun sözlərinə görə, həmin mərhələdə generallar Ərdoğanı eyni üsulla itefaya məcbur etməyə çalışdılar. Yəni ordu rəhbərliyi birbaşa təmasda Ərdoğana heç nə demədən öz istəklərini ona dolayı üsullarla çatdırmağa çalışdı: “Ordu rəhbərliyinin nəzarətində olan saytlar hökumətin istefa verməsi vacibliyini, Abdullah Gülün prezidentliyinin mümkünsüz olduğunu anlatmağa həvəsləndilər. Ordu rəhbərliyi düşünürdü ki, Ərdoğan geri çəkiləcək. Ancaq bunun əksinə olaraq Ərdoğan istefa verməyəcəyini dilə gətirdi. Beləliklə, ordunun postmodern çevrilişi işə yaramadı. Ordunun xəbərdarlığından sonra seçkiyə gedən Ədalət və Inkişaf Partiyası əvvəlki illərdəkindən də çox səs qazandı. Bu o demək idi ki, ictimaiyyət artıq ordunun siyasi proseslərə müdaxiləsini istəmir. Bundan sonra isə çevrilişə rəvac verən generallara qarşı cinayət işləri açıldı. Bu işlərlə bağlı həbs edilənlərin sayı artdı və sonda növbə keçmiş baş qərargah rəisinə də çatdı”.

“Hökumət generalların və Ilkər Başbuğun həbsində maraqlıdır”

Ekspert hesab edir ki, Türkiyə hökuməti istintaqın işinə qarışmadığını vurğulasa da, Ərdoğanın generalların və Ilkər Başbuğun həbsində maraqlı olduğu sezilir: “Bu, hökumətə ona görə lazımdır ki, bu cür həbsləri görən hərbi dairələr bir daha çevriliş haqqında düşünməsinlər. Və deyim ki, bunun nəticələri var. Ilkər Başbuğ baş qərargah rəisi olarkən fəal idi, mətbuat konfransları keçirər, açıqlamalar verər, yəni bir növ siyasi proseslərdə də çəkisi hissi olunardı. Bu fəallıq isə ordunun əvvəllər olduğu kimi siyasətə müdaxiləsi kimi başa düşülürdü. Türkiyənin indiki baş qərargah rəisi isə nə mətbuat konfransı keçirir, nə də açıqlama verir. Bəlkə çoxları onun heç adını da bilmir. Başqa sözlə artıq ordu komandanlığı siyasi proseslərdən kənar durmağa çalışır. Başqa cür olması da çətindir. Ordunun funksiyası ölkəni xarici təhlükədən qorumaqdır. Daxili təhlükə ilə mübarizə aparmaq üçün isə siyasi qurumlar, Milli Istihbarat Təşkilatı və polis var”.

“Ordunun üzərinə çox getməyin neqativ təsirləri ola bilər”

E.Şahinoğlunun fikrincə, bütün bunlara baxmayaraq, ordunun üzərinə çox getməyin, küncə sıxmağın da neqativ təsirləri ola bilər: “Birincisi, Ilkər Başbuğun çevrilişə yaşıl işıq yandırdığını hələ sübut etmək lazımdır. Ikincisi, Ilkər Başbuğ və digər generalları həbs etmədən də istintaqa cəlb etmək olardı. Türkiyədə bəzən elə hallar olur ki, insan illərlə həbsxanada yatır, məhkəmədə isə bəlli olur ki, günahı yoxdur və azad olunur. Türkiyədə insanı həbs etmədən istintaqını aparmaq praktikası yoxdur. Bu isə ölkə daxilində və xaricində haqlı narazılıqlar yaradır. Əlbəttə, ordu siyasətə qarışmamalıdır, ancaq istintaqı uzanan generalların uzun müddət həbsdə yatması da normal deyil”.  

Gültəkin