Həqiqəti görmə qüsuru

saadet-cahangir-koseSəadət Cahangir

Ölkədə vecsiz bir qrup var. Heç kəsin dərdinə yaramayan, heç bir işin yiyəsi olmayan boşboğaz bir qrup. Üzeyir bəyin təsvir etdiyi qeybətcil “hərif”lərdən betərdirlər. Harda gəldi “müxalifət yoxdur” deyib boş-boş danışırlar. Öz əllərindən bir şey gəlməz, amma hamını böyük haqq sahibləri kimi ittiham edərlər. Adamlara “indiyə qədər hansı yanğının üstünə bir damla su atmısan” sualını versən də, şübhəsiz ki, səni borclu çıxarar. Cahillik və nadanlıq da budur elə. Ay adam, sən əvvəlcə get “müxalifət” sözünün anlamını doğru-dürüst öyrən. Bir öyrən gör, müxalif fikirli insanlar kimlərə deyilir. Bu ad hansı düşüncə sahiblərinə, hansı əməllərinə görə verilib. Yazıb anlatmağın bir faydası da yox, bilirəm. Olsaydı, bu düşüncə Üzeyir bəyin 100 il əvvəl yazdığından bir azacıq irəli getmiş olardı. Heç getməyib ki… Nəyi gizlədəcəyik axı, bunun belə olduğunu bilməyənmi var indi?..

Bu adamlar “müxalifət yoxdur” deyirlər. Ölkədə yüzdən artıq siyasi məhbus ola-ola bunu deyirlər. On illərdir bu ölkədə minlərlə prinsipli insana olmazın işgəncələr verildiyini görə-görə deyirlər. Əllərini vicdanlarına qoymadan, “ədalət” hisslərinə xitab etmədən bunu deyirlər. Hələ içlərində o hisslər varmıdır, yoxmudur, onu da bilmirəm. Təkcə onu bilirəm ki, bir daxili korluq var bu adamlarda. Görməzdən gəlmək, gözsüzlüyə vurmaq, yan keçmək korluğu. Belədirsə, özünü korluğa vuran o yalançıların gözünə soxulacaq sərt həqiqətlər də var. O həqiqətlər nədir bilirmisiniz? O, Fuad Qəhrəmanlının, Xədicə Ismayılın, Tofiq Yaqublunun, Ilqar Məmmədovun, Seymur Həzinin, Tale Bağırzadənin, Məmməd Ibrahimin, Asif Yusiflinin, Anar Məmmədlinin, Rəşadət Axundovun, Elnur Seyidovun, Murad Ədilovun, Elvin Abdullayevin və həbsxana kameraları arasında tutulan onlarla belə müxalif düşüncəli insanların həqiqətləridir. O, bütün varlığını bir ideal uğrunda qurban vermiş Həsən Kərimov kimilərin həqiqətləridir. O bu yolda bütün varlığını qoyaraq yola davam edənlərin həqiqətləridir. O bizim və bizim kimi yüzlərlə haqq istəyənlərin həqiqətləridir. Bütün əzab-əziyyətlərə, itkilərə, məhrumiyyətlərə baxmadan irəli gedənlərin həqiqətləridir. O, sona kimi meydandan qaçmayan, səngəri buraxmayan, dirənən, nəfsinə yenilməyən, boyunduruğu rədd edənlərin həqiqətləridir. Bütün bunları görməyəcək qədərmi kor oldunuz?

Bu ölkədə ən asanı “müxalifət yoxdur” deməkdir, eləmi? Hünəriniz çatırsa, bu qədər uğursuzluq qarşılığında bircə dəfə “hökumət yoxdur” deyin görüm, deyə bilərsinizmi? Bu  xalqa canınız yanırsa, əlinizi bir daşın altına qoyun. Bir qapı açın, bir yıxılanın qolundan tutun, bir yaraya dərman olun. Axı siz nə zaman əlinizi bir çöpə uzatdınız ki, bu ölkə dəyişmədi? Nə zaman çiyninizi kiçicik bir yükün altına verdiniz ki, dərdimiz yüngülləşmədi? Bu millətə faydası toxunacaq hansı işin qulpundan yapışdınız ki, ölkənin problemi azalmadı? Bu qədər boş danışmaqla ölkəmi düzələcək, yaralarmı sağalacaq, yolmu açılacaq, həyatmı dəyişəcək? Əsla yox. Siz dəyişməyincə, özünüzə çəki-düzən verməyincə, əlinizi vicdanınıza qoymayınca, görmə qüsurunuzu düzəltməyincə heç nə dəyişməyəcək. Bir gün bu haqda fikirləşin. Insan olaraq, fərd olaraq, bu ölkənin vətəndaşı olaraq, toplumun üzvü olaraq fikirləşin. Həm də ciddi-ciddi fikirləşin. Çətin şeydirmi yəni?