Deputatdan hökumət üçün gözlənilməz çağırış

Elmira Axundova hesab edir ki, Azərbaycanda pensiyalar 800-1000 manata çatdırılmalıdır

«Biz varlı ölkəyiksə, neftimiz varsa…»

“Pensiyamı alan kimi dərmana verdim. Allaha şükür ki, uşaqlarım var, onlar mənə əl tutur. Uşaqlarım olmasa, mən bu pensiya ilə məcbur olub dilənçilik edərdim”.

78 yaşlı Nargilə Muqbilova 30 ildən artıq Dövlət Baş Layihə Institutunda çalışıb. Hazırda təqaüdə çıxıb, 149 manat pensiya alır. Deyir ki, Yeni il öncəsi aldığı təqaüdü əvvəlki aylarda olduğu kimi, dərmana xərcləyib. Yeni ildə isə uşaqlarının açdığı bayram süfrəsində oturub: “Pensiyalar guya artırıldı. Amma qabaqcadan hər şeyi bahalaşdırırlar. Bir dərmana 50 manat verdim. Bir də təzyiq dərmanı aldım. Mən uşaqlarımın pulu ilə dolanıram, onların aldıqlarından yeyirəm, kommunal xərcləri ödəmirəm. Amma ki, Nizaminin bir misrası var, deyir, ”başqasının süfrəsində pələng olmaqdansa, öz süfrənin pişiyi olmaq yaxşıdır”.
Nargilə Muqbilovanın iki qızı həkimdir. Deyir ki, onu qızları müalicə edir. Həkimlərə gedəsi olsa, onda heç ailəsinin də onun xərclərini qarşılamağa imkanı çatmaz.

Nargilə Muqbilova Azərbaycanda 1 milyon 300 minə yaxın təqaüdçüdən biridir. Hazırda ölkədə yaşa görə əmək pensiyasının baza hissəsi 85 manatdır. 2015-ci iləcən onun 115 manata çatdırılması nəzərdə tutulub.
2011-ci ilin sonunda pensiyaçılar üçün yaşayış minimumu 84 manat müəyyən olunub.

“Bir təqaüdçü aldığı pensiya ilə necə bayram süfrəsi açar?” sualı ilə “Azadlıq” radiosu Bakı küçələrində təqaüdçülərə üz tutub:
– Təqaüdçünün aldığı pensiya ilə bayramı yola verməsi mümkün deyil. Bahaçılıqdır;
– Aldığımız təqaüdlə bayramı yola vermək mümkün deyil axı. Burdan alırsan, burdan gedir. Heç özünə çatmır.

Iqtisadçı-ekspert Qubad Ibadoğlu beynəlxalq praktikaya əsaslanaraq deyir ki, minimum pensiya orta aylıq əməkhaqqının 40 faizi həcmində olmalıdır. O bildirir ki, 2011-ci ildə orta aylıq əməkhaqqı 355 manat olub. Onun fikrincə, belədə minimum pensiya 142 manatdan az olmamalıdır: “Pensiyaların qaldırılması zərurəti həm də ölkədəki inflyasiya səviyyəsilə bağlıdır. Ilkin araşdırmamız 2011-ci ildə 14 faiz inflyasiya müəyyən edib. Növbəti illərdə də inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılır. Buna görə də, pensiyaların hər il üzrə ən azı 20-25 faiz artırılmasına ehtiyac var”.

Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü Elmira Axundova son illər pensiyaların baza hissəsinin qaldırılmasını müsbət hal kimi qiymətləndirir. Lakin o, yenə də təqaüdlərin qaldırılmasını zəruri sayır: “Mən həmişə Milli Məclisdə pensiyaların qalxması haqda məsələ qaldırıram. 2012-ci ilin büdcəsinin plenar iclasında da pensiyaların baza hissəsinin yenidən qaldırılmasına ehtiyac olduğunu vurğuladım. Xüsusilə tək yaşayan adam üçün hazırkı pensiyalarla dolanmaq çətindir. Biz varlı ölkəyiksə, neftimiz varsa, pensiyalar hər il artırılmalıdır”.
Elmira Axundova hesab edir ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da pensiyalar 800-1000 manata çatdırılmalıdır.

“Azadlıq” radiosu