Cəlilabad rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elmar Quliyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə yanvarın 7-də saat 13:20 radələrində Ələt-Astara magistralının 141-ci kilometrliyində – Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Astara istiqamətində hərəkət edən İmişli rayon sakini Həmzə Məmmədovun idarə etdiyi «NOVO» markalı yük avtomobili əks istiqamətdə hərəkət edən Cəlilabad rayon sakini Şəmsəddin Bayramovun idarə etdiyi «VAZ-21099» markalı minik avtomobili ilə toqquşub. Nəticədə, «VAZ-21099»-un sürücüsü və sərnişinləri, Cəlilabadın Maşlıq kənd sakini, 14 yaşlı Vaqif Nazim oğlu İsgəndərov və həmin rayonun Muğan kənd sakini, 39 yaşlı Altay Hüseyn oğlu Hüseynov hadisə yerindəcə dünyasını dəyişiblər.
Baş vermiş yol qəza hadisəsini araşdıran müstəntiqin sözlərinə görə, hadisə «VAZ-21099» markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməyərək qarşıdan gələn nəqliyyatın yoluna çıxması səbəbindən baş verib.
Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


