“Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, bankların filiallarına dollar almağa gələnlərin sayı xeyli artıb.
Bu gün Mərkəzi Bank kommersiya banklarının dollar tələbini yerinə yetirə bilməyib. Banklar hərracda 66 milyon 760 min ABŞ dolları istədikləri halda, Mərkəzi Bank onlara yalnız 30 milyon dollar sata bilib.
İqtisadçılar bildirirlər ki, büdcə xərcləmələri artdığından dövriyyəyə daxil olan manat kütləsi artır və bu da yeni dollar alışlarına səbəb olur. Həmçinin büdcə xərclərinin bir hissəsi idxal ilə bağlı olduğundan dollara tələb artır.
Ekspertlər sabah Dolların Manat qarşısında bahalaşacağını gözləyirlər.
MƏZƏNNƏYƏ CAVABDEH OLMADIĞINI AÇIQLADI
Bu gün Mərkəzi Bank məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfinin olmadığını açıqladı. Nəhayət Azərbaycan Mərkəzi Bankı məzənnənin səviyyəsi barədə bir hədəfinin və öhdəliyinin olmadığını açıq və sadə şəkildə cəmiyyətə söylədi. Belə olan halda məzənnə, iqtisadi subyektlər tərəfindən bir risk kimi qəbul ediləcəkdir. Yəni, məzənnə hər an yüksələ və ya enə bilər. Bu zaman iqtisadi subyektlər məzənnə riskini nəzərə alaraq xarici valyutada aktiv formalaşdırmağı və borclanmanı azaldacaqlar.
(marja)