Mübarəki ağlatdılar

Baş prokurorun sözləri devrilmiş diktatoru «kövrəldib»

Misir prokurorlarının barəsində edam cəzası haqda qərarın çıxarılmasını istədikləri devrilmiş diktator Hüsnü Mübarəkin məhkəmədən sonra ağladığı məlum olub. Mübarək məhkəmənin keçirildiyi Polis Akademiyasının binasından müalicə olunduğu xəstəxanaya aparılarkən pis rəftara görə təhlükəsizlik əməkdaşları ilə də mübahisə edib.
Misir mətbuatının xəbərinə görə, baş prokuror Mustafa Süleymanın sözlərini xatırladan Mübarək hıçqıraraq ağlamağa başlayıb. Xəbərlərdə deyilir ki, devrilmiş diktator xüsusən də baş prokurorun “Mübarək xaqla qarşı kin bəsləyirdi” sözlərinə daha çox təsirlənib.
Bu arada Fransa Hüsnü Mübarəkin edam hökmünə məhkum edilməsinə qarşı çıxıb. Ökəsinin bu mövqeyini Fransa Xarici Işlər nazirliyinin mətbuat katibi Romen Nadal açıqlayıb: “Fransa yerindən və səbəbindən asılı olmayaraq həmişə ölüm hökmünə qarşı çıxıb. Biz ölüm hökmünün bütün ölkələrdə ləğvini istəyirik, Misir də bu baxımdan istisna deyil”.
Xatırladaq ki, Misir Baş Prokurorluğu Hüsnü Mübarək, sabiq daxili işlər naziri Həbib əl Ədli və onun altı müavininin edam olunmasını tələb edib. Hüsnü Mübarək və Daxili Işlər Nazirliyinin sabiq rəhbərliyi ötən ilin əvvəllərində Misirdə başlayan xalq hərəkatı zamanı dinc nümayişçilərə atəş açılmasında günahkar bilinir. Müttəhimlər ittihamı qəbul etməyiblər. Onların vəkilləri bildirib ki, polis əməkdaşlarına nümayişçilərə atəş açmamaqla bağlı sərt təlimat verilib. Mübarək və tərəfdarlarının məhkəməsi yanvarın 9-10-da davam edəcək.

Informasiya şöbəsi