Əlvida, Vüqar!

Bəzən biz çox sadə adamların böyük ideyalar uğrunda yaşadığının şahid oluruq. Bu, çox təsirli bir hekayə olur. Onun tanınmaq istəyi yoxdur, heç bir statusa iddialı deyil, heç bir ad-san istəmir. Özü də bilir ki, onun haqqında kitablarda, tarixdə heç nə qalmaya bilər. Amma böyük adamların da əlləşdiyi böyük ideyalarla çarpışır. Həyatının mənası kimi. Hər şeyini qurban verməyə hazırdır. Hər riskə gedir, hər şeyə hazırdır. Həm də çox böyük istəklə, ürəklə, canla-başla. Hətta ürəyinin parçalayıb infarkt edəcək bir yanğı və coşqu ilə. Bu, üstünə heç nə artırmadığım bir hekayədir. Hələ onu olduğu kimi ifadə etməyə çətinlik çəkirəm. Kimsə inanmaya bilər, amma mən bunu öz gözlərimlə görmüşəm…

Dünən belə adamlardan birinin ölüm xəbərini aldım. Heç kim mənə deməmişdi. Qəzetdən oxudum. Donub qaldım. Yanımda da bircə adam yox idi ki, onunla danışaydım, bölüşəydim…
Biz onu illərdir Vüqar Padar kimi tanıyırdıq – Vüqar Müzəffərli idi. Onun ölüm xəbəri məni təkcə ölüm xəbəri kimi ağrıtmadı. Yanvarın axırında Bakıya gələndə mən onu ürək həkiminə aparacaqdım. Deyirdim ki, gərək sənin ürəyinə “yapon aparatı”nda baxım. Çünki onun ürəyi mənimlə söhbətdən sonra parçalanmışdı – infarkt olmuşdu.
Bir qrup jurnalist və ictimai fəalla Naxçıvana səfər etdiyimiz gün idi. Axşam çağı mənə zəng etdi. Dedi ki, bilir haradayam, amma sözünü deməsə ürəyi partlayar. Telekanalların birində oğlu hərbi xidmət zamanı müəmmalı şəkildə ölmüş əsgər anasına baxıb, onun danışığından sonra alovlanmışdı. Sakitləşdirə bilmirdim. Birtəhər dilə tutdum, sakit oldu, sağollaşdıq. Bir neçə saat sonra evlərindən zəng etdilər ki, Vüqar pis oldu, həkimlər deyir ki, infarkt keçirib.
Mən ona deyirdim ki, o zaman başqa adama zəng etsəydin, səni daha yaxşı sakitləşdirərdi və infarkt olmazdın. O da deyirdi ki, mənə zəng etməsəydi, çoxdan ölmüşdü: sən mənim ürəyimi yarı yolda saxladın. Amma ürəkdən yox, yol qəzasında öldü. Kiminsə səhvi onun həyatına son qoydu.
O, xalq hərəkatının ilk illərindən yorulmadan Azərbaycanın azad bir ölkə olması üçün çalışırdı. Bir çox yazılarımın ideyasını verib mənə. Tez-tez zəng edib sözünü deyirdi. Mən isə onu sonacan dinləyirdim. Zarafatla deyirdim, amma doğrudan düşündüyüm idi: məndə elə hiss vardı ki, onun kimiləri danışanda mənsub olduğum xalq danışır. Mən hər zaman ona “baş üstə!” deyirdim. Bu sözləri deyəndə, ürəklənir və bir az da danışırdı. Gördüyü işlərdən söz açır, planlarını, arzularını söyləyirdi.
Mən əyalət müxalifətçiləri və bölgələrdəki ictimai fəallar barədə bir neçə dəfə yazmışam. Onlar daha çətin, həm də daha ümidsiz vəziyyətdə möhtəşəm bir mübarizə aparırlar. Vüqar onlardan biri idi. Vüqar sadə, lakin çox qiymətli adam idi. Məni bu illərdə nikbin saxlayan, nikbin düşünməyə və yazmağa həvəsləndirən adamlardan biri idi.
Sonuncu dəfə Vüqar məndən bir xahiş etmişdi ki, Məmməd Əmin Rəsulzadəyə heykəl qoymaq üçün nəsə bir aksiya başlayaq. Deyirdi ki, uşaqlarımızın əlindən tutub aparmağa bir abidə olsun. Aksiya olmasa da, bu gözəl arzunun bir gerçək olacağına məncə çox vaxt qalmayıb. Amma bir arzum da yarandı. Heç zaman titulların, adların, abidələrin xüsusi tərəfdarı olmamışam. Fəqət qoy nə vaxtsa Vüqarın yaşadığı Ağsunun Padarçöl kəndində onun adı nə iləsə əbədiləşsin. Sadə insanların mübarizəsinə ehtiram olaraq, ən başlıcası, bir kəlməsinə görə: “Uşaqlarımızı aparmağa bir abidə olsun və onlara deyə bilək, budur sizin babanız!”
Əlvida, Vüqar! Çöllərin oğlu, Azadlığın sadə, tanınmayan qəhrəmanı!