Suriya yenə qana boyandı

Paytaxt Dəməşqdə növbəti partlayış: ən azı 26 ölü, 63 yaralı

Suriyada gərginlik davam edir. Paytaxt Dəməşqdə Bəşər Əsəd əleyhinə etiraz aksiyası keçirən müxalifət tərəfdarları təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsiylə üzləşib. Şahidlərin sözlərinə görə, paytaxtdakı məscidlərdən birində namaz qıldıqdan sonra məscidin qarşısında aksiya keçirməyə çalışan Əsəd əleyhdarlarına atəş açılıb.
“Şabbiha” kimi tanınan xüsusi polis dəstəsi Əbdülkərim əl Rifai məscidini tərk etmək istəməyən qrupa avtomat və snayperlərdən atəşə tutub. Ölən və yaralananlar haqda dəqiq məlumat yoxdur.
Bölgələrdə Ərəb Ölkələri Liqası müşahidəçilərinin olmasına baxmayaraq Əsəd rejiminə sadiq qüvvələr zorakılıqlarını davam etdirir. Müxalif fəalların sözlərinə görə, sonuncu nümayişlərdə azı 6 nəfər öldürülüb. Onlardan ikisinin Homs, 4-ü isə Deyr Əzzur şəhərindən olduğu bildirilir.
Bunlarla yanaşı ötən gün paytaxtı Dəməşqdə partlayış baş verib. Dövlət televiziyası partlayışı naməlum terrorçuların törətdiyini xəbər verir. Partlayış cümə namazının başlanmasından bir qədər əvvəl Dəməşqin mərkəzindəki Midan rayonunda törədilib. Polis əməkdaşları xidməti avtobusdan düşərkən terrorçu kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış səsi şəhərin müxtəlif hissələrində eşidilib.
“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, terror aktının hədəfi Suriya təhlükəsizlik qüvvələrinin bölmələrindən biri olub. Təsdiqlənməmiş məlumatlara görə, partlayıcı qurğunu avtomobildəki kamikadze işə salıb. Partlayış nəticəsində 26 nəfər ölüb, 63 nəfər xəsarət alıb. Suriyanın daxili işlər naziri Məhəmməd Əş-Şaar bu barədə məlumat verib. Ölənlərdən 15-nin kimliyi hələ ki müəyyən edilməyib.
Xatırladaq ki, bu, son 2 həftə ərzində Dəməşqdə törədilmiş ikinci terror aktıdır. Dekabrın 24-də kamikadzelərin iki avtomobildə özlərini partlatması nəticəsində 54 nəfər ölmüş, 166 nəfər yaralanmışdı. Hər iki terror aktının hədəfinin Bəşər Əsədin əmrindəki güc strukturlarının olması diqqət çəkir. Rəsmi dairələr olaylara görə ordudan yayınaraq müxaliflərin təfərinə keçmiş zabitlərin yaratdığı Suriya Azadlıq Ordusunu və radikal islamçı qruplaşmalaı ittiham edir. Müxalifət isə terror aktlarını Bəşər Əsəd hakimiyyətinin özünün törədərək Suriya xalqını terrorla hədələmək məqsədi güddüyünü bildirir.

Informasiya şöbəsi