“Bir tək adam nə edə bilər?” demək gücsüzlüyü

saadet-cahangir-koseSəadət Cahangir

Ölkə motivasiya yaradan bütün kanalların sıfıra endiyi duruma gəlib. Bunu insanlarla qısa bir söhbətdən də açıqca anlamaq mümkün. Kimsəni qınayacaq deyilik, amma insanlar da arabir nədən gəlib çıxılmazlıq girdabına girdikləri haqda düşünsələr, yaxşı olmazmı? Ötən yazıların birində dünyanın məşhur motivasiya təlimçilərindən Antoni Robbinsin “Içinizdəki divi oyandırın” kitabından bəzi örnəklər vermişdim. Bizdəki hazırkı durum müəllifin qeyd etdiyi bir məqamla tam üst-üstə düşür. Robbins yazır ki, motivasiya olaraq qorxu və cəza tətbiq olunarsa, qısa dönəmdə nəticə ala bilərik, amma uzun dönəmdə bu, əsla mümkün deyil. Insanlar qorxu içində yaşamağa bir müddət dayanar, sonunda üsyan edər. Pul, maddiyyat qarşılığında da bunu etsəniz, yaxşı nəticə verər, ancaq o adamları ələbaxım öyrədərsiniz. Insanlar fərqli bir şey edincə, mütləq mənada iqtisadi qazanc güdükçüsü halına gələr. Nəticə olaraq yazar vurğulayır ki, motivasiyanın ən önəmli yolu insanın özünü inkişaf etdirməkdir. Bu alındığı halda, insanlar həyata bütün gücləriylə sarılırlar, daha çox bacarıq qazanmaq istəyirlər…

“Unutmayın, durğunluq hərəkət etməməkdən gəlir… Sizcə həyat nədir? ”Savaş”, “Ərmağan”. Həyat bu isə, nə anlam ifadə edir? Sonuclar görünmür deyə, “heç bir irəliləyiş yoxdur” mənasına gəlməz…

Bir tək adam nə edə bilər ki? “Kiçik bir qığılcımın ardından güclü bir hadisə gəlir” (Dante)- deyir müəllif. Əsaslı olaraq onu da qeyd edir ki, bir insanın fəaliyyət bacarığına vərdiş edilmiş çarəsizlik qədər zərər verən başqa bir duyğu ola bilməz. Bu duyğu bizim öz həyatımızı dəyişdirməmizi, başqalarına da həyatlarını dəyişdirmələri üçün yardım etməyimizi əngəlləyən bir nömrəli səbəbdir. Təbii, “bir tək adam nə edə bilər ki?” deməklə, öz gücsüzlüyünüzü etiraf etmiş olmursunuzmu?

Bəli, Robbins məhz günümüzün reallıqları üçün yazıb sanki bu tezislərini. Ölkə insanı bütün bunları zamanında fərq edə bilsəydi, indi yanğın çıxışına sıxışıb qalmazdı. Ölkə insanı bu böyük zaman kəsiyində baş verənlərin onu hansı faciələrə apardığını görə bilsəydi, indiki acınacaqlı mənzərə ilə qarşı-qarşıya qalmazdı heç bir halda. Ölkə insanı on illərdir “SOS” siqnalı səsləndirən, dönə-dönə xəbərdarlıq edən, baş verəcək acı nəticələr haqqında haray çəkən, “ay millət, haqqına sahib çıx” deyə çağırış edənləri eşitsəydi, bütün bunlar baş verərdimi? Amma zamanında həmin insanların səsi nəinki qulaqardına vuruldu, həm də bir ovuc adamın yel dəyirmanı ilə vuruşmağı kimi kinayə ilə qarşılandı. Çalışıb-vuruşanlara əl vermək, dəstək olmaq yerinə, onları saya vurub “nə düşmüsünüz ortalığa, beş-on adam dünyanı dəyişməyəcəksiniz ki…” istehza etdilər hər dəfə. Əslində isə, “dünya tarixi özünü fərq yaratmağa həsr etmiş bir ovuc insanın nələri dəyişdirdiyinin örnəkləriylə doludur”. Robbinsin qeyd etdiyi kimi, bu adamlara “qəhrəman” deyilir. “Bu adamlar bir şeylərin dəyişməsi gərəkdiyinə qərar verdilər, edə biləcəklərini gördülər, sonra cəsarətlərini toplayıb dirəndilər, onu reallaşdırmanın bir yolunu tapana qədər vaz keçmədilər. Bax, biz bu insanlara qəhrəman deyirik. Qəhrəman ona qarşı çıxanlara meydan oxuyan, doğru olduğuna inandığı şeyi qorxusuna rəğmən edən insandır…”

Bəli, dünya tarixi həm də öz qəhrəmanlarının dəyərini verə bilmədiyi üçün cəzalandırılan xalqların örnəkləri ilə zəngindir. Azərbaycandakı son onilliklər tarixi bunu bir daha isbat edir. Biz xalq olaraq çox yanlışlara yol vermişik və bunun da cəzasını çəkirik. Amma ziyanın harasından olursa-olsun geri qayıtmaqda fayda var. Heç olmasa, indi öz qəhrəmanlarınıza və taleyinizə sahib çıxın…