İrandan şok qərar

Tehran Hörmüz boğazı ilə bağlı qanun layihəsi hazırlayır

Bir neçə gün əvvəl Hörmüz boğazında hərbi təlimlər keçirərək dünyaya əzələ nümayiş etdirən Iran bölgədə yeni manevrlərə başlamaq niyyətindədir. Iran Islam Inqilabı Keşikçiləri Korpusunun (SEPAH) birləşmələri Fars Körfəzi və Hörmüz boğazında təlimlərə başlayacaq. SEPAH-ın dəniz qüvvələrinin komandanı admiral Əli Fədəvi bildirib ki, bu cür təlimlər 7 ildir keçirilir, lakin builki təlimlər əvvəlki manevrlərdən fərqlənəcək.
Böyük Britaniya isə Irana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq ünvanlayıb. Müdafiə naziri Filip Hammond bildirib ki, Iranın Hörmüz boğazını bağlaması neft dolu tankerlərin keçməsinə maneçilik törədər və bu da qlobal ticarətə mənfi təsir göstərər: “Biz qlobal ticarətin ana yollarının açıq saxlanılmasına və işləməsinə əhəmiyyət veririk. Iranın Hörmüz boğazını bağlamaq cəhdi qeyri-qanuni və uğursuz olacaq”.
Tehranın isə Hörmüz boğazı ilə bağlı qanun layihəsi hazırladığı məlum olub. Iran parlamentinin deputatı Nadir Qazipurun sözlərinə görə, sənəddə Iran donanmasının icazəsi olmadan döyüş gəmilərinin Hörmüz boğazından keçməsinin qadağan edilməsi nəzərdə tutulacaq. Nadir Qazipur qanun layihəsinin gələn həftə parlamentin Rəyasət Heyətinə təqdim ediləcəyini açıqlayıb.
Bu arada, Italiyanın baş naziri Mario Monti Avropa Birliyinin Irandan neft idxalına sanksiya tətbiq etməsinə qarşı çıxıb. O deyib ki, Avropa Birliyi yanvarın 30-dan Irandan neft idxalına sanksiya tətbiq etmək istəyirsə, bu qərarı tədricən həyata keçirməlidir: “Bu müddətdə sanksiyalar Italiyanın ENI şirkətinə mövcud şərtlərdə şamil edilməməlidir. Əks təqdirdə, Irana qarşı neft embarqosu Italiyanı şoka salacaq”.
Italiya xam neftə olan tələbatını daha çox Iran vasitəsilə ödəyir.
Qeyd edək ki, Avropa Birliyi ölkələrinin Irana qarşı sanksiya qərarı qəbul etməsi üçün təşkilata üzv dövlətlərdən 27-nin razılığı kifayətdir.
Tehran son zamanlar münasibətlərinin gərginləşdiyi Türkiyəyə növbəti xəbərdarlıq ünvanlayıb. Iran bəyan edib ki, Türkiyə gerçəkləri qəbul edərək, Suriya ilə bağlı yürütdüyü siyasətdə dəyişiklik etməlidir. Iran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib ki, Suriya hökumətinin Ərəb Dövlətləri Liqası ilə razılaşması Türkiyəni xəyal qırıqlığına uğradıb. Əlaəddin Burucerdi vurğulayıb ki, Türkiyə bölgədə sabitliyin qorunması istiqamətində lazımi siyasət yürütmür.

Informasiya şöbəsi