baki-agir-cinayet-mehkemesi

Rəis müavinini öz xanımı qətlə yetirib?

baki-agir-cinayet-mehkemesiKeçmiş nazirin yaxın qohumunun qətlilə bağlı müəmmalar davam edir

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli Isgəndərovun qətlilə əlaqədar onun həyat yoldaşı Xalidə Isgəndərova həbs olunub. Bu cinayət işi ötən ilin payızında baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə ibtidai istintaqdakı çatışmazlıqları, yol verilən qanun pozuntularını əsas gətirib, noyabrın 3-də işi istintaqa – Bakı şəhər Prokurorluğuna qaytarmışdı. Bir neçə ay davam edən əlavə istintaqdan sonra iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dünən bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Iclasda Xalidə Isgəndərovanın vəkili kifayət qədər geniş həcmli vəsatətlə çıxış edib. Vəsatət o qədər böyük olub ki, üç saat davam edən məhkəmə iclasında onu tam elan etmək mümkün olmayıb. Vəsatətin qalan hissəsi növbəti iclasda elan olunacaq. Müdafiəçi işin yenidən istintaqa qaytarılmasını istəyib. O, vəsatətini istintaq zamanı çoxsaylı qanun pozuntularına yol verilməsi, Xalidə Isgəndərovaya bəraət qazandıran sənədlər və maddi sübutların yox edilməsi, iş materiallarının onun əleyhinə saxtalaşdırılmasıyla izah edib: “Bu iş üzrə istintaqda elə pozuntulara yol verilib ki, həmin pozuntulara görə istintaq orqanının özünə qarşı cinayət işinin başlanmasına əsas var. Bununla da Füzuli Isgəndərovu qətlə yetirən əsl cinayətkarlar gizlədilib. Bu cinayət işi müstəntiqin məntiqə və iş materiallarına zidd fantaziyaları üzərində qurulub”.

Vəkil yol verilən qanun pozuntularını da diqqətə çatdırıb: “Xalidə Isgəndərova əlavə istintaq zamanı da iş materialları ilə tanış edilməyib, tərcüməçi ilə təmin olunmayıb. Əlavə istintaq zamanı nəinki əvvəl yol verilmiş pozuntular aradan qaldırılmayıb, hətta yeni pozuntular ortaya çıxıb. Hadisə yerinə baxış protokolu saxtalaşdırılıb. Ekspertiza barədə sənəddə bu protokolun 7 vərəq olduğu yazılıb, amma işin içində cəmi 4 vərəq var. Əvvəlki baxışda xüsusi texniki vasitələrdən istifadə olunsa da, evin içində qan izləri aşkarlanmayıb, necə olub ki, 7 aydan sonra qan izləri tapılıb? Müstəntiq vəzifə səlahiyyətlərini aşaraq, iş üzrə vacib maddi sübut olan maskanın məhv edilməsi barədə qərar verib”.

Vəkilin sözlərinə görə, Xalidə Isgəndərovanın azyaşlı qızından təzyiq yolu ilə anasının əleyhinə ifadə alınıb: “Əmanə Isgəndərli psixoloji təzyiq altında dindirilib. Onu aldadıblar ki, anasına ömürlük həbs düşür, əgər deyilənləri yazsa, onun vəziyyətini yüngülləşdirə bilər. Səbail Rayon Icra Hakimiyyətinin işçisini ona qanuni nümayəndə kimi verib, yalan ərizə yazıb, anasına böhtan atmağa məcbur ediblər. Əgər qızının həqiqətən belə bir ərizəsi vardısa, o halda, anası ilə üzləşdirməli idilər. Əmanə Isgəndərli başına gətirilənlər, barədə müxtəlif orqanlara çoxsaylı şikayətlər göndərəndən sonra müstəntiqlə üzləşdirmə zamanı onun özünə də bunları deyib”.

Xatırladaq ki, Füzuli Isgəndərov 2014-cü il sentyabrın 1-də evinə bitişik qarajda qətlə yetirilib. Cinayət işinin materiallarına görə, Xalidə Isgəndərova mübahisə zəminində evin dəhlizində həyat yoldaşını bıçaqlayıb. Evdən qaraja birbaşa giriş olduğundan Füzuli Isgəndərov özünü avtomobillə xəstəxanaya çatdırmaq üçün qaraja qaçıb və orada dünyasını dəyişib. Mərhum qarajda qan itirmədən can verdiyi vaxtda Xalidə Isgəndərova sübutları saxtalaşdırmaq, evə tamah məqsədilə maskalı cinayətkarın girib, onun özünə də xəsarət yetirdiyi və qızılları oğurladığı görüntüsünü yaratmaqla məşğul olub. Istintaqın gəldiyi nəticəyə görə, qızılları Xalidə Isgəndərova özü gizlədib.

Lakin həyat yoldaşının qətlilə əlaqədar əvvəlcə zərərçəkmiş qismində tanınan, 2015-ci ilin aprelində isə cinayəti törətməkdə təqsirləndirilib həbs olunan Isgəndərova bu versiyanı təkzib edir, ünvanına səslənən ittihamın böhtan olduğunu bildirir.

Onu da qeyd edək ki, mərhum Füzuli Isgəndərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Məhkəmənin hazırlıq iclası fevralın 29-da davam edəcək.

Aytən Məmmədova