«Hakimiyyətdəkilər başlarını itirib»

«Normal külək əssə, tayfa hakimiyyəti aşacaq»

Vidadi Mirkamal: “2012-ci ildə daha qətiyyətlə hakimiyyətin üzərinə getməliyik ki, qarşımıza qoyulan məqsədlərə nail olaq”

Ölkənin tanınmış siyasilərini, ziyalıları, ictimai xadimləri bir araya toplayan Ictimai Palatanın yaradılmasından bir il ötüb. Ölkənin bir sıra taleyüklü məsələləri ətrafında müzakirələr təşkil edən, bir neçə etiraz aksiya keçirən qurumun fəaliyyəti hakimiyyəti narahat etməkdədir. Məhz bu səbəbdən yerlərdə Ictimai Palatanın şöbələrinin yaradılmasına ciddi əncəllər törədilir. Bəs ötən bir ildə qurum qarşısına qoyduğu məqsədlərə nail ola bildimi? Bu və digər məsələlərlə bağlı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamalın fikirləri ilə tanış olduq.

– Ictimai Palatanın yaradılmasında bir il ötdü. Qarşıya qoyulan məqsədlərə nail olunubmu?
– Qarşıya qoyulan məqsədlər bir illik deyil. Ictimai Palatanın qarşısında duran məqsəd Azərbaycan dövlətinin, dövlətçiliyinin, ab-havasının demokratikləşdirilməsi, Azərbaycanda demokratik dövlət qurulması, eyni zamanda demokratik seçkilərin keçirilməsidir. Çox geniş spektrli münasibətləri əhatə edən məqsəd var. O məqsədlərə də çatmaq üçün müəyyən mərhələdən keçmək lazımdır. O mərhələdən biri də 2011-ci ildə qaldı. Yəni əslində 2011-ci il Ictimai Palatanın özünü tanıtması, strukturlaşması, müəyyən məqsədə çatmaq üçün vasitələrdən istifadə olunması, burda həm Azərbaycanı narahat edən ayrı-ayrı problemlərlə, korrupsiya, mülkiyyət hüquqları pozulmuş insanlarla bağlı çox geniş ictimai dinləmələrin keçirilməsi, etiraz aksiyalarının təşkil olunması, piketlərin keçirilməsi kimi xeyli işlər görmüşük. Lakin 2011-ci ildə biz qarşıya qoyduğumuz məqsədə çata bildikmi? Yəni əsas məqsədlərdən biri və birincisi parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi idi. Əlbəttə, biz buna hələ nail olmamışıq. Çünki bunun obyektiv və subyektiv səbəbləri var. Bir səbəb budur ki, ölkə səviyyəsində bizim toparlanmağımız, strukturlaşmağımız prosesi ləng gedir. O da təkcə bizdən asılı səbəb deyil. Əslində bu, cəmiyyətin Ictimai Palataya, müxalifətə mövqeyi ilə bağlıdır. Ikincisi də, biz elə bir iqtidarla üzbəüz qalmışıq ki, bunlar Avropaya inteqrasiya olunmaq arzusundadırlar, amma heç bir demokratik təsisatları qəbul etmirlər. Heç bir demokratik dövlətlərin məsləhətlərinə, tövsiyələrinə qulaq asmırlar.
Baxmayaraq ki, bir neçə konvensiyaya qoşulublar. Ölkədə demokratik təsisatlar yaradacaqları ilə bağlı öhdəliklər götürüblər. Ifadə azadlığı, sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı xeyli öhdəlikləri var. Lakin bunları yerinə yetirmək istəmirlər. Ölkədə korrupsiya və rüşvət tüğyan etməkdədir. Geri çəkilmək fikrində də deyillər. 20 ilə yaxındır bu iqtidar ölkəni sümürür, rüşvət və korrupsiya baş alıb gedir. Bunlarda doymaq əlamətləri hələ görsənmir. Əslində dövlətçiliyə aid olmayan şəxslərin dövlət başında oturması, dövlədə rəhbərlik etməsi onunla nəticələnib ki, ölkədə mafioz, korrupsiyalaşmış və rüşvətxor bir sistem qurulub. Bu sistem xaricdən gələn təpkilərə əhəmiyyət vermir. Bunun ən bariz nümunəsi son əfv fərmanıdır. Neçə aydır demokratik təsisatlar, beynəlxalq təşkilatlar təzyiq etdilər ki, heç olmasa 2 aprel məhbusları buraxılsın. Ancaq bunu hələ ki, qulaqardına vurmaqda davam edirlər. Inşallah, 2012-ci ildə biz daha əzmlə, daha qətiyyətlə hakimiyyətin üzərinə getməliyik ki, qarşımıza qoyulan məqsədlərə nail ola bilək.

“Hakimiyyət çox narahatdır”

– Ictimai Palatanın, komissiyaları, rayonlarda şöbələri yaradılıb. Ancaq hakimiyyət yenə də bu qurumu güc mərkəzi kimi qəbul etmək istəmir. Bunun səbəbi nədir?
– Səbəb odur ki, hakimiyyət kar və kordu. Bizim indi regional təşkilatlanmamız həyata keçir. 40 rayonda şöbələr yaradılıb və orda qurumun 2500-2700 üzvü var. Sumqayıtda yığıncağın keçiriləcəyi yer – Müsavatın qərərgahı əlindən alındı. Gəncədə 50 nəfəri polisə çağırıb həbs etdilər. Əgər hakimiyyət Ictimai Palatanı güc mərkəzi kimi qəbul etmirsə, onda niyə təşviş içindədir, niyə narahatdı, niyə o insanları həbsə atırlar, müxtəlif vasitələrlə təzyiq edirlər ki, onlar bir araya gəlməsin? Deməli, belə deyil. Hakimiyyətin daxilində çox böyük narahatçılıq var. Sadəcə olaraq onların sözçüsü, süfrəsinin qırağından qidalanan şəxlər var. Onlar çıxıb deyir ki, Ictimai Palata yoxdur, biz belə qurum tanımırıq. Təhqiramiz və aşağılayıcı ifadələr işlədirlər. Amma fakt faktlığında qalır ki, Ictimai Palatanın hər hansı tədbiri elan olunan kimi ora polis gəlib qonur, çox böyük ehtiyat və təhlükəsizlik tədbirləri görürlər. Bu o deməkdir ki, hakimiyyət çox narahatdır.  

“Bu insanlarda dövlətçilik təfəkkürü çatmır”

– Fransa parlamentinin qəbul etdiyi son qərara münasibət bildirən Əli Həsənov fikrə görə cəzalandırılmanı orta əsrlər təfəkkürü adlandırıb. Ancaq ilin sonunda hakimiyyət bir daha fərqli fikrə qarşı dözümsüz olduğunu nümayiş etdirdi və Ziyalılar Forumunun toplanmasına imkan vermədi. Iqtidar nədən ehtiyatlanır?
– Bunlar başlarını itiriblər. Bizim hakimiyyətdə dövləti təmsil etmək qabiliyyətində olan insanlar çatışmır. Vəzifədə olanların məqsədi ancaq bir şeydir, varlanmaq, rüşvət almaq, korrupsiyanı inkişaf etdirmək, xalqı əzmək və bu yolla da hakimiyyəti saxlamaq. Beynəlxalq təmsilçiliyin, müəyyən demokratik institutların Azərbaycanda bərqərar olması, yaxud onlara qiymət verilməsində ikili standart var. Fransa olanda bu, ifadə azadlığını pozur. Amma Azərbaycanda olanda pozmur. Çünki Azərbaycanda insanları əzmək olar. Bu insanlarda dövlətçilik təfəkkürü çatmır. Çox təəssüf ki, Azərbaycanın maddi resursları bir tayfanın, klanın əlində cəmləşib. Bu klan, tayfa hakimiyyəti normal bir külək əssə, aşacaq. Çünki bunların dayağı yoxdur. Sadəcə olaraq o küləyi yaratmaq lazımdır. Ictimai Palata elə ona görə meydandadır ki, insanları toparlaya bilsin. Ziyalılar Forumunun son dövrdə fəaliyyəti çox təqdirəlayiqdir. Onlar da cəmiyyəti ayıq olmağa çağırır ki, cəmiyyətdə müəyyən təpki yaransın. Bizim cəmiyyətin ən çatışmayan cəhəti ictimai məzəmmətin, ictimai qınağın olmamasıdır. Bu insanlar əslində heç nədən çəkinmirlər. Bu insanlarda müqəddəs heç nə qalmayıb. Ona görə də belə insanlarla mübarizə aparmaq son dərəcə çətindir.

“Azərbaycanda korrupsiya ilə dövlətçilik arasında sərhəd itib”

– Ötən il hakimiyyət korrupusiya ilə mübarizəyə başladığını elan etdi. Ancaq nəticədə bunun görüntü olduğu məlum oldu. Korrupsiya ilə mübarizədə nəticənin əldə olunmaması nədən xəbər verir?
– Korrupsiyaya qarşı mübarizəyə aşağıda başlasa, korrupsiya piramidasının aşağısını eşəcəklər, o piramida da məhv olub gedəcək. Əslində Azərbaycanda korrupsiya ilə dövlətçilik arasında sərhəd itib. Normal dövlətlərdə müəyyən sahələrdə korrupsiya ola bilər. Amma ona qarşı dövlətin təpkisi, dövlət orqanlarının böyük müqaviməti var. Bizdə elə deyil. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün mexanizm yoxdur. Çünki korrupsiyaya qarşı mübarizə aparmalı olan mexanizm özü korrupsiyalaşıb. Bizdə korrupsiyaya qarşı mübarizə komissiyası var. Ancaq indi ölkədə korrupsiyaya qarşı mübarizə komissiyasına qarşı komissiya yaranmalıdır. Əslində korrupsiyaya bulaşmış və adı korrupsiyada hallanan şəxslərin bir çoxları həmin komissiyanın üzvləridir. Bu komissiyadan nə gözləmək olardı ki? Ikincisi, Saakaşvilinin məşhur deyimi var. Ondan soruşanda ki, siz korrupsiyanı necə aradan qaldırırsınız, dedi mən rüşvət almıram. Ölkənin birinci şəxsi bunu deyirsə, bu o deməkdir ki, həmin ölkədə rüşvətin kökü kəsiləcək. Korrupsiyaya qarşı mübarizə üçün siyasi iradə tələb olunur. Siyasi iradə də bir nəfərdən asılıdır, o da ölkənin başçısıdır.
Ölkə başçısı siyasi iradə göstərməlidir, elan etməlidir ki, mən korrupsiyaya qarşı mübarizə aparıram, ey ziyalılar, cəmiyyət üzvləri, mənə kömək edin. Ancaq bu mümkün deyil. Çünki Azərbaycan hakimiyyətinin canında, qanında, xəmirində korrupsiya və rüşvət var. Azərbaycan hakimiyyəti bu korrupsiyaya qarşı mübarizə aparsa, onda çökər. Iki ay imitasiya getdi. O heç imitasiyaya da oxşamırdı. Nəyisə etmək istədilər və iki ayda Azərbaycanda xeyli dəyişiklik əmələ gəldi. Məlum oldu ki, hakimiyyətin artıq əsasları laxlayır. Ona görə də bu hakimiyyətin getməsi məsələsi qoyulmalıdır. Bu hakimiyyət getməsə, Azərbaycanda korrupsiyanın, rüşvətin ayağı yığılmayacaq.
2010-cu ilin büdcə xərclənməsinə baxanda, təkcə dekabr ayında büdcədən 3 mlrd 450 mln manat pul çıxarılıb. Bir aya o qədər pul xərcləmək olar? Bəri başdan məlumdur ki, bu, korrupsiya məqsədi ilə çıxarılmış pullardır. Bunlar o qədər aydın məsələdir ki, iqtisadiyyatı və hüquqe bilməyənlər də yüksək mənsəb sahiblərinin korrupsiyaya bulaşdığını görür.

“Insanlarda 300-500 manat yoxdur ki, məhkəməyə gedib çıxsın”

– Son bir ildə məhkəmələrə 120 min şikayət olub, bunların da əksəriyyəti mülki işlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, nə qədər iş məhkəmələrə gedib çıxmayıb. Bu tendensiya nədən xəbər verir?
– Bu rəqəmlər hələ heç nə demir. Azərbaycanda hüququ pozulanların sayı ondan on dəfə artıqdır. Məhkəməyə verilən iddiaların xeyli hissəsi təmin olunmamış qalır. Məhkəmələri elə günə qoyublar ki, insanlar orda öz hüquqi müdafiəsini tapa bilmirlər. Çünki məhkəmənin özü korrupsiya və rüşvətə bulaşıb. Məhkəməyə gedib çıxan rəqəmlər cüzidir. Ona görə ki, vətəndaşlarımız çoxu siyasi cəhətdən savadsızdırlar. Onlar hüquqlarının pozulduğunu hələ dərk etmirlər. Eyni zamanda vəkil xərcləri var. Elə adamlar var ki, gəlir vəkilin yanına dərdlərini deyir, hüquqlarını müdafiə etməyi xahiş edir. Vəkil də öz cibindən onun pulunu qoya bilmir. Bunu deyən kimi çıxıb gedirlər. Çünki 300-500 manat verməyə imkanı yoxdur ki, məhkəməyə gedib çıxsın. Bütün bunların müqabilində yenə də məhkəməyə gedib çıxan işlərin sayı böyükdür. Azərbaycanda total şəkildə vətəndaşların mülkiyyət hüquqları pozulur. Ona görə də hakimiyyət dəyişikliyi olmalıdır ki, üçüncü hakimiyyət normal fəaliyyət göstərə bilsin, məhkəmələr insanların hüquqlarını qoruya bilsin. Eyni zamanda mülkiyyət hüquqları pozulan insanlar ürəklə məhkəməyə gedə bilsin.

“Xalqdan oğurladığı sərvətləri xaricdə bir para insanlara xərcləyirlər”

– Dəfələrlə Qərb və yerli mətbuatda hakimiyyətin xaricdə özünə lobbiçilər axtardığı barədə məlumatlar gedib. Hakimiyyət niyə öz xalqına deyil, xaricdəki qurumlara arxalanır?
– Azərbaycanda olan sərvətlər xalqın sərvətləridir. Xalqın sərvətini mənimsəyən şəxslər bu pulu xalqa verməkdənsə, xaricdə özləri kimi korrupsiyaya bulaşmış, rüşvətə meylli şəxsləri tapırlar. Bu mənada lobbiçilik fəaliyyətinə pul xərcləməyə başlayırlar. Lobbiçilik fəaliyyəti daha asandı, nəinki xalqın güzəranını yaxşılaşdırmaq, yeni iş yerləri açmaq. Harda bir neçə ağac, meşə varsa, orda xanalar tikirlər. Adını istirahət yeri qoyurlar, ancaq orda çoxlu neqativ hallara yol verirlər. Amma bir neçə xana deyilən yerdənsə, zavod, fabrik tiksinlər, insanlar gedib orda normal işləyə bilsinlər. Bunlar hazır əldə etdikləri pullar hesabına xaricdə lobbi fəaliyyəti ilə, Azərbaycan xalqından oğurladığı sərvətləri aparıb xaricdə bir para insanlara xərcləməklə məşğuldurlar.

Fizzə Heydərli