Əli Orucov AMİP-dəki vəzifəsindən azad edildi

Partiyadan onun istefa verdiyi bildirilir, özü isə məsələnin kökündə İP Koordinasiya Şurasına namizədliyinin dayandığını deyir

AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bu vəzifəsindən azad edilib. Məlumatı “Azadlıq”a AMİP-in təşkilat katibi Nazim Ələsgərov verib. Onun sözlərinə görə, hələ dekabrın 10-da partiyanın Mərkəzi Şurasının iclasında Əli Orucov tutduğu vəzifədən istefa verdiyini bəyan edib: “Sadəcə biz bunu mətbuata açıqlamamışdıq. Çünki bu partiyanın daxili işidir. Lakin indi qəzetlər maraqlanır deyə məlumat verməyə məcburuq”.
AMİP-in baş katibi Arzuxan Əlizadə isə APA-ya bildirib ki, hazırda Əli Ourcovun səlahiyyətlərini öz üzərinə götürüb: “Əli Orucov partiyanın stajlı üzvlərindəndir və uzun illərdir rəhbərlikdə təmsil olunur. Partiyaya da mütəmadi gəlib gedir”. Arzuxan Əlizadə yaxın vaxtlarda AMİP mətbuat və təbliğat katibi vəzifəsinə yeni şəxsin təyin olunacağını bildirib.
Lakin Əli Orucov “Azadlıq”a açıqlamasında deyilənləri təkzib edib. Onun sözlərinə görə, partiyada tutduğu vəzifədən istefa verməyib: “İstefamla bağlı heç bir rəsmi sənəd  imzalamamışam. Bu məlumat həqiqətə uyğun deyil. AMİP-də əvəzedilməz şəxs yoxdur. Mən və partiyanın digər yetkilələri də əvəz edilə bilər. Lakin bu, nizamnayə uyğun olaraq həyata keçirilməlidir”.
Əli Orucov bildirib ki, partiyada tutduğu vəzifədən azad edilməsi barədə mətbuatdan xəbər tutub. Lakin partiya rəhbərliyi ilə əlaqə saxlayaraq izahat tələb etməyə ehtiyac görməyib: “Onların mövqeyi mənə bəlli olduğu üçün əlaqə saxlayıb məsələni incələməyə, izahat tələb etməyə ehtiyac görmədim”.
Onun sözlərinə görə, məsələnin kökündə İctimai Palatanın Kooordinasiya Şurasına namizədliyi dayanır: “Partiyanın qərarı var ki, AMİP üzvləri Koordinasiya Şurasında təmsil oluna bilməz. Mən partiya qərarını təftiş etmək istəmirəm. Görünür, məni də bu səbəbdən istefaya göndəriblər. Lakin məsələ burasındadır ki, hələ seçki olmayıb. Ona görə də partiya rəhbərliyinin indidən  narahat olması başadüşülən deyil”.
Əli Orucov deyib ki, bütün bunlara baxmayaraq İP Koordinasiya Şurasına üzvlük iddiasından geri çəkilməyəcək: “Namizədliyimi irəli sürmüşəmsə, sona qədər mübarizəmi aparacam”.

Azad