Qırğızıstan milli bankının fevralın 28-dən qüvvəyə minəcək qərarına görə, bundan sonra banklar istehlak və ipoteka kreditlərini yalnız milli valyuta ilə verməlidir. Hökumət bu qərarı ölkədə sürətlənən dollarlaşma prosesini dayandırmaq üçün verib. Bundan əvvəl dollarda kredit alan vətəndaşlar milli valyutanın məzənnəsində baş verən dəyişiklikdən sonra ödəniş qabiliyyətini itirib və çətin vəziyyətə düşüblər.
Bir müddət əvvəl eyni qadağa Qazaxıstanda da tətbiq olunub. Bu ölkədə milli valyutada maaş alanlanlara dollarla borc verilmir.
Azərbaycanda bu məsələ bir neçə dəfə ayrı-ayrı mütəxəssislər tərəfindən gündəmə gətirilsə də, Mərkəzi bank bu inzibati addımı məqsədəuyğun hesab etməyib. Bank mütəxəsisi Əkrəm Həsənov hesab edir ki, bu qadağa ölkəmizdə devalvasiyadan əvvəl tətbiq olunsaydı, müsbət nəticə verə bilərdi. O, indiki halda ortaq məxrəc kimi Ukraynanın təcrübəsini məqbul sayır.
Hazırda ölkə banklarının çoxu kreditləri dollarda, hətta Rusiya kapitallı maliyyə təşkilatları isə rublda təklif edir. Buna səbəb isə əhalinin depozitlərini dollara çevirməsidir. (ANS PRESS)