Bu çağırış Rusiyaya da aiddir…
Ərəb miqrantların kütləvi köçünə tab gətirməyən, artıq sərhədlərini möhkəmləndirən və sərtləşdirən Avropa Birliyi bunadək Türkiyəyə hətta kürd separatçıları ilə dialoqa getməyi təkid edirdi?! Həmin separatçılar ki, elə Avropadakı imperialist güclərin (Rusiya da daxil olmaqla) gizli dəstəyilə türk torpaqlarında Kürdüstan yaratmaq eşqinə düşüblər. Bu eşqlə də onlar illərdir Türkiyədə terror edir, türklərə qarşı qətliam törədirlər.
Bizə tanış dəst-xətdir… Rusiya və Avropadakı havadarlarının köməyilə ermənilərin Azərbaycanda etdiklərini, bu gün PKK başda olmaqla, ondan törəyən PYD və YPG, eləcə də HDP edir. Bu kürd mənşəli terror və separatçı təşkilatlar Türkiyə kürdlərini türklərlə tam düşmən edərək öz xain planlarını həyata keçirə biləcəklərini düşünürlər.
Ermənilərin Azərbaycandakı işğalına görə Ermənistana indiyədək sanksiya tətbiq etməyən Avropa Birliyi bu gün Türkiyədəki kürd separatçılarına qarşı da loyallıq nümayiş etdirir. Bəs, görəsən, bu gün Avropada yerləşən yüzminlərlə qaçqın gələcəkdə ərəb mənşəli partiya yaradıb, sonra da muxtariyyət tələb etsə, hətta Avropa torpaqlarında özlərinə dövlət qurmaq istəsə, Avropa Birliyi onlarla necə davranar?
Niyə də, yaradılmasın?! Dünya imperialistlərinin çəkişməsi ucbatından öz torpaqlarından didərgin düşən milyonlarla insanın buna haqqı çatır. Buyursunlar, tolerantlıqdan, beynəlmiləlçilikdən danışan Avropa Birliyi və Rusiya öz ərazilərində ərəblərə dövlət yaratsınlar! XX əsrdə Azərbaycan torpaqları hesabına Ermənistan yaradanlar, XXI əsrdə isə Türkiyə torpaqları hesabına Kürdüstan yaratmaq istəyənlər, “dostluq və qardaşlıq”ın, “pasifizm”in nə olduğunu əməldə nümayiş etdirsinlər.
…Indiyədək Türkiyəni terrorçu PKK ilə, Azərbaycanı işğalçı Ermənistanla dialoqa çağıranlar, siz nədən IŞID-lə sülh danışıqlarına getmirsiniz?!
Ş.Məmməd