Qəzetçi və ya “sövdagər” olmaq

saadet-cahangir-koseSəadət Cahangir

“Azadlıq” yenə nəşrini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Gözlənilməz də deyildi, əslində. Hamı bilir ki, neçə vaxtdır məsələni “iynə ilə gor qaza-qaza”, birtəhər yola veririk gedir. Kollektiv qəzeti xərc-borc içində var edib ortaya çıxarır. Əməkdaşların cibində də siçanlar oynadığı kimsəyə sirr deyil. Dəfələrlə yazdığım kimi, bu qəzetin bütün acılı-şirinli fəaliyyət tarixi yalnız və yalnız böyük Üzeyir bəyin zamanındakı maarifçilər nəslinin göstərdiyi fədakarlıqlarla müqayisə edilə bilər. Bunu başqa mənbə araşdırmadan, onun öz yazılarından da açıqca görmək olar. O nəslin öz maarifçilik ideyalarını hansı məşəqqətlərlə yaydıqları da, nəşrlərin vaxtaşırı imkansızlıqdan və qorxulu yazılar üzündən qapandığı da həmin yazılarda əksini tapıb. Müqayisə etsəniz, bizimlə çox fərqli şərtlər altında çalışmadıqlarını da görərsiniz…

Üzeyir Hacıbəyov “Rusiyada mətbuat”ÿadlı felyetonunda yaşadığı günün mənzərəsini belə təsvir edirdi: “Binəva mühərrir qələmi ələ götürüb deyir: ”Qoy siyasi bir məsələdən yazım”. Bir qədər yazır… sonra yazdığını oxuyub, öz-özünü məzəmmət eləyir ki, nə qayırdığındır, rəhmətliyin oğlu, arvad-uşağından əl çəkməmisən, ha!.. Görür ki, bu məqalə də baş tutmadı, götürür atır kənara.ÿDeyir canım qoy, öz məişətimizdəncə yazım… Yazır: “Idareyi-ruhaniyyələrimizin pozğunluğu…” Dayanır. Görür ki, mətləbin dalısı çox xatalıdır. Bir ah çəkib yazır: “Arvad məsələsi” və haman saat üstündən bir qələm çəkib yazır: “Qoçubazlıq”.ÿVə tez onun da üstündən bir çəikb yazır: “Murdar hərəkətlərimiz”.ÿ Və tez onun da üstündən bir qələm çəkib dayanır və görür ki, daha öldürsən də başına özgə fikir girmir.ÿMühərrir qələmi yerə qoyur və kağızları da zibil səbətinə töküb, durur ayağa və bir-iki dəfə ora-bura gəzişib deyir: “Bir dəli şeytan deyir, get, sövdagər ol!”

Bax, indi də məsələ belədir ki, var. Ya felyetonda bəhs edilən yazar kimi mövcud hakimiyyətin qeyri-rəsmi senzurasını gözə almalı, ya da bizimkilər kimi ona “kafa tutub” od ayaqlamalısan. Bunu bir az fərqli şəkildə belə də ifadə etmək olar: ya hökumətin qayda-qanununa uyğun şəkildə onun konspektlərini nəşr edib muzdunu götürməli, ya da gördüyün hər şeyi düzünəqulu yazıb əzab-əziyyəti qəbul etməlisən. Yaşadığımız reallıq heç kimə ikinci bir seçim tanımır. Özünüz baxın, çevrədə birinci varianta razılıq verib, zəmanəylə ayaqlaşan nə qədər mətbu orqan var. Bu sayı çox, sanbalı yox nəşrlərin yuxarıda bəhs edilən konspektlərdən kənara çıxıb, nəsə yazacağını təsəvvür edirsinizmi? Heç edə də bilməzsiniz. Muzdunu həmin gün kəsərlər adamların. Ilin-günün bu ağır vaxtında kim “Azadlıq” qəzetinin əməkdaşları qədər idealistlik edib, onların çəkdiyi məhrumiyyətlərə razı olar ki? Kim onlar kimi təqibləri, həbsləri, döyülmələri, sürgünləri gözə alıb belə bir riskin altına girər ki? Ölkədə belə qəhrəmanların sayı nə qədərdir, özünüz etiraf edin? Barmaqla saya bilərsiniz ancaq, inanın, ondan o tərəfə getməz. Son illərdə çevrənizdə nə qədər qələm sahibinin o axına təslim olub axdığını da unutmamısınız hər halda…

Xülasə, indi şərə boyun əymədən ölkədə baş verənləri doğru-dürüst yazan tək qəzet qalır ortada. Hökumət “höcətliyi”nə görə onu əzdikcə əzir. Iki il əvvəl adını dövlət fondundan dəstək verilən nəşrlər siyahısından çıxardı. Sonra sifarişli məhkəmə cərimələrini tökdü onun üstünə. Ardınca satış yerlərini əlindən aldı, satışdan gələn 69 min manatın ödənməməsi barədə “Qasid” firmasına “bildiriş” ötürdü. Bütün bu əzici şərtlər altında çıxan qəzetə qəhrəman deyilməzmi? Amma bilirsiniz, qəhrəmanın da üzüldüyü, əldən düşdüyü zamanlar gəlir. Indi o qəhrəmanın da imkanları tükənib və yenə xidmətində durduğu insanların dəstəyinə ehtiyacı var. Nəşriyyat borcunu ödəmək üçün ona 4-5 günlük vaxt verilib. “Azadlıq” fədakar oxucularından kömək gözləyir. Onu, hər zaman olduğu kimi, yenə də tək buraxmayacağınıza inanırıq. Biz heç bir halda “sövdagər” olmayacağıq. Birlikdə yola davam!