Vaqif Axundov işdən çıxardığı adamları bir zənglə geri qaytarıb
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları baş leytenant Asif Lətifov və baş çavuş Seymur Əlicanov hüquqlarının bərpası uğrunda mübarizələrini davam etdirirlər.
Asif Lətifovun “Azadlıq”a verdiyi məlumata görə, XDMX-yə qarşı qaldırdığı iddia təmin olunmasa da, o, geri çəkilmək niyyətində deyil: “Məhkəmə general Vaqif Axundovun sifarişi nəticəsində mənim iddiamı təmin etmədi. Heç bir araşdırma aparılmadan qarşı tərəfin maraqlarına uyğun qərar çıxarıldı. Lakin mən sona qədər mübarizə aparmaq niyyətindəyəm. Artıq apellyasiya şikayəti vermişəm”.
Seymur Əlicanov isə bildirib ki, o da bu günlərdə XDMX-yə qarşı işə bərpa tələbilə iddia qaldıracaq: “Artıq sənədləri toplamışam. Bu günlərdə məhkəməyə təqdim etməyi düşünürəm”.
XDMX-nin sabiq əməkdaşları bir maraqlı faktı da diqqətimizə çatdırıblar. Onların sözlərinə görə, bir neçə il əvvəl iş adamı “AST Telman” kimi tanınan Telman Ismayılov Azərbaycana gəlib. Onu hansısa dövlət tədbirlərindən birinə dəvət ediblər.
Telman Ismayılov Bakıda olan zaman XDMX-nin rəisi Vaqif Axundov qurumun 2 zabitinə iş adamını mühafizə etmək tapşırığı verib. Həmin zabitlər vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Telman Ismayılov onların hərəsinə “Prado” markalı avtomobil bağışlayıb. Bundan bir müddət sonra Telman Ismayılov növbəti dəfə Azərbaycana gəlib. Bu dəfə həmin zabitlər rəhbərlikdən xəbərsiz iş adamının yanına gedib və onu mühafizə etməyi təklif ediblər. Onları dərhal tanıya Telman Ismayılov məmuniyyətlə razılıq verib. Bu məsələ Vaqif Axundova çatıb. Zabitlərin rəhbərlikdən xəbərsiz belə addım atması generalı bərk qəzəbləndirib. Və o, həmin zabitləri işdən çıxarıb. Zabitlər Telman Ismayılovla əlaqə saxlayaraq baş verənləri iş adamının diqqətinə çatdırıblar. Iş adamı zabitlərə narahat olmamağı deyərək Vaqif Axundovla telefon əlaqəsi saxlayıb və ondan zabitləri işə bərpa etməyi tələb edib. Vaqif Axundov dərhal iş adamının bu tələbini yerinə yetirib.
Görünür, Vaqif Axundov Telman Ismayılovla konfliktə getmək istəməyib. Bəs hansı səbəbdən? Bu XDMX-nin sabiq əməkdaşlarına da bəlli deyil. “Bəlli olan odur ki, Vaqif Axundov Telman Ismayılovdan qorxur”, – deyə onlar bildirib.
Seyid