Məhkəmədə qanlı olay

Müttəhim hökmə etiraz olaraq damarlarını doğradı

«Riyad» Mühafizə Xidmətinin əməkdaşı Kənan Məmmədov Nərimanov Rayon Məhkəməsində özünə qəsd etdi

“Gülbaxt” Daş Karxanası ətrafında yaranmış gərginlik davam edir. “Gülbaxt işi” ilə bağlı istintaq altına alınan adamlardan biri, “Riyad” Mühafizə Xidmətinin əməkdaşı olan Kənan Məmmədov Nərimanov Rayon Məhkəməsinin məhkəmə zalında damarlarını kəsib.
Bu barədə “Azadlıq”a özəl qaynaqlardan məlumat verilib. K.Məmmədov bu hərəkətilə Nərimanov rayon məhkəməsinin hakimi Məzahır Sadıqovun onun barəsində çıxarılan məhkəmə hökmünü daha 2 ay uzatmasına etirazını bildirib. Onun bu hərəkəti mediadan gizli saxlanılıb.
Xatırladaq ki, Kənan Məmmədovu “çay süfrəsi arxası”ndan tutaraq həbs ediblər. Səbəb də o göstərilib ki, Kənan Akif Məmmədov adlı şəxsdən dələduzluq yolu ilə pul tələb edib. Belə bir ittiham irəli sürülərkən heç bir dəlil, sübut ortaya qoyulmayıb, sadəcə “zərərçəkmişin” ifadələri əsas götürülüb. 3 ay təcridxanada istintaq altında qalan Kənan Məmmədovun “günahları sübut olunmadığından” məhkəmənin hökmü ilə istintaqın müddəti daha 2 ay uzadılıb. Həmin 2 ay müddətində də heç bir “sübut” təsdiqini tapmadığından Nərimanov rayon məhkəməsinin hakimi Məzahir Sadıqov yenidən onun istintaq müddətini 2 ay artırıb. Başdan-ayağa qanunsuzluqlarla üzləşən Kənan Məmmədov heç bir günahı olmadan artıq 7 aydır ki, Bakı Istıntaq Təcridxanasında saxlanılır. Əsəbləri tab gətirməyən Kənan Məmmədov bu qanunsuzluqlara etiraz əlaməti olaraq məhkəmə zalında hökm oxunan an damarlarını kəsib.
Qeyd edək ki, “Gülbaxt” daş karxanası ətrafında problemin yaranmasının səbəbkarı kimi Akif Məmmədovun adı tez-tez hallandırılır. Məsələ ondadır ki, bu prosesi Akif Məmmədovun əliylə başladanlar işi məhkəmələrə yönəldərək, məsələni öz xeyirlərinə həll etməyə çalışırlar. Bütün qərarlar da hakimin “sehrli çubuğu” ilə Akif Məmmədovun xeyrinə həll olunur. Əslində isə Akif Məmmədov bu daş karxanasını əsl sahiblərindən alaraq, pərdə arxasında qalan yüksəkçinli məmurların sifarişini yerinə yetirmək üçün ona mane olan adamların hamısını Istintaq Təcridxanasına göndərməyə nail olub. Məqsədlərini həyata keçirmək üçün hətta özünün “bıçaqlanması” teatral oyununu qurmaqdan da çəkinməyib. Məqsəd cəmiyyətdə “Gülbaxt”ın əsl sahibləri haqqında “cinayətkar” obrazı yaratmaq və bununla da daş karxanasını ələ keçirməkdir.

Ramin DEKO