Əsas müxalifət İctimai Palatadadır

Qurban Məmmədov: “Bəzi partiyalar müxtəlif bəhanələrlə İctimai Palatada birləşməkdən yayınır”

 “Vətəndaş Hərəkatı Forumunun apardığı müşahidələr nəticəsində aydın oldu ki, Azərbaycan müxalifətinin məqbul formatda birləşməsi qeyri-mümkündür. Çünki müxalifətdə olan bəzi adamlar müstəqil deyillər, bir çox partiya liderləri kənardan idarə olunur, bəzilərinin isə iqtidar tərəfindən idarə olunduğu açıq şəkildə cəmiyyətə də məlumdur. Bu baxımdan müxalifətin geniş miqyaslı birliyi alınmır”. Bunu APA-ya açıqlamasında Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Qurban Məmmədov deyib. O bildirib ki, əsas müxalifət qurumları İctimai Palata çərçivəsində əməkdaşlıq edir: “Uzun müddət partiya sədrləri ilə fərdi və geniş tərkibli danışıqlar apardıq. Müxalifətdə baş verənlər analiz edildi. Aydın oldu ki, özünü müxalif elan edənlər əslində müxalif deyillər və hakimiyyət tərəfindən idarə olunurlar. Əlbəttə, bunu hamıya şamil etmək olmaz. Ancaq partiya liderlərinin hərəkətlərindən bəlli olur ki, onlar iqtidarın xoşuna gəlməyən hərəkətlər etməkdən yayınırlar”.

Q. Məmmədov qeyd edib ki, bəzi partiyalar müxtəlif bəhanələrlə İctimai Palatada birləşməkdən yayınır: “Əvvəlcə İctimai Palataya daxil olmaq üçün maneələr yaradılsa da, sonradan aradan qaldırıldı. Lakin hələ də müxtəlif bəhanələr – vahid namizəd və sairə bu kimi iddialarla birliyə mane olan təkliflər səsləndirilir”.