Fevralın 19-da Nəsimi Rayon Məhkəməsində Nardaran hadisələri zamanı həbs edilən ilahiyyatçı Tale Bağırzadə ilə bağlı məhkəmə keçirilib.
Tale Bağırzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (“Bandotdel”) işgəncələrə məruz qalıb. Bununla əlaqədar müdafiə tərəfi məhkəmə nəzarəti qaydasında şikayət verib.
Vəkil Cavad Cavadov bildirib ki, Tale Bağırzadə məhkəməyə gətirilmədiyi üçün proses təxirə salınıb. Vəkil məhkəmə günü barədə əlavə məlumat verəcəyini qeyd edib.
Proses təxirə salınsa da, məhkəmə binası önündə insident yaşanıb. Məhkəmə önündəki şəxslərdən azadliq.info-ya məlum olub ki, binanın qarşısına Tale Bağırzadənin bir qrup tərəfdarı toplaşıb. Polislər qəfildən onlara hücum çəkərək, dağılışmaqlarını tələb edib və zor işlədib. Nəticədə gərginlik yaranıb. Bildirildiyinə görə, polsilər məhkəmə qarşısına toplaşanlardan 10 nəfərə qədərini saxlayıb. Onların içərisində yaşlı insanlar da olub. Saxlanılanların aqibəti barədə məlumat almaq mümkün olmayıb.