
Avropa İttifaqının üzvləri İranı nüvə proqramından imtina etdirmək üçün xam neftin idxalına qadağanın tətbiqi barədə prinsipcə razılıq əldə ediblər.
Qadağının rəsmi elanı yanvarın sonunda keçiriləcək xarici işlər nazirlərinin sammitində gözlənilir.
“Biz yanvarın 30-da xarici işlər nazirlərinin görüşünü keçirəcəyik və mən həmin tədbirdə İranın neft və benzininə embarqonun tətbiqi barədə qərarın qəbul ediləcəyinə ümid edirəm”, – deyib Fransanın xarici işlər naziri Alain Juppe.
Ötən cümə Fransa İrana qarşı sanksiyaların sərtləşdirilməsində çağırıb.
Bu yaxınlarda Tehrana qarşı əlavə sanksiyalar elan edən Vaşinqton bu addımı alqışlayıb.
Dövlət Departamentinin sözçüsü Victoria Nuland deyib ki, Amerika bu addımı yalnız müttəfiqlər yox dünya boyu bütün ölkələrdən gözləmək istərdi.
İran sanksiyaların tətbiqinin kəsərli olmadığını deyərək ona qarşı atılan addımların əhəmiyyətini azaltmağa çalışıb.
Tehranda bu yaxınlardakı valyuta məzənnəsinin aşağı düşməsinin beynəlxalq təzyiqlə bağlı olmadığını bildirirlər.
Avropa İttifaqı sanksiyaları ilə bağlı xəbər fonunda beynəlxalq birjalarda neftin qiyməti qalxıb (BBC Azərbaycanca).


