Asəf Quliyev: «Prosesin davamı Naxçıvanda baş verən hadisələrdən asılı olacaq»
Naxçıvanda insan haqları ilə bağlı vəziyyət dözülməz həddə çatıb. Artıq bu məkanın laboratoriya funksiyası yerinə yetirdiyini və orada tətbiq edilən işgəncə üsullarından sonradan ölkənin digər yerlərində istifadə edildiyi fikri yaranıb. Xatırladaq ki, ötən il ən səs-küylü hadisələrdən biri Muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyində Turac Zeynalovun müəmmalı şəkildə vəfatı oldu.
Həmçinin AXCP-nin yerli şöbəsinin sədri Yaşar Bağırsoy və qardaşı Zeynala qarşı həyata keçirilən qanunsuzluqları da göstərmək olar. Dekabrın sonlarında isə Zeynal Bağırzadə dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs edilib. Buna etiraz edən naxçıvanlılar Muxtar respublikanın Bakıdakı nümayəndəliyi qarşısında piket keçirdi. Xatırladaq ki, buna qədər də Naxçıvanda baş verənlərə etiraz olaraq bir sıra tədbirlər həyata keçirilib. Bəs bu tip aksiyaların qarşıdakı günlərdə də keçiriləcəyini gözləmək olarmı?
AXCP sədrinin müavini Asəf Quliyev Zeynal Bağırzadə həbsdən azad olunmayacağı təqdirdə bu kimi aksiyaların davam etdiriləcəyini deyir. A.Quliyev hüquq müdafiə təşkilatlarına müraciət etdiklərini də vurğuladı.
AXCP sədrinin müavini növbəti aksiyanın vaxtının hələ dəqiqləşdirilmədiyini deyir. Prosesin davamı Naxçıvanda baş verən hadisələrdən asılı olacaq.
Fizzə


