Vəfa Quluzadə: «Vətəndaş müharibəsi də mümkündür, qanlı üsyanlar da»
2012-ci ilin Rusiya üçün ağır və sınaqlı keçəcəyini rus politloq və siyasətçiləri ilə yanaşı, ölkənin məşhur astroloqları da deyir. Maraqlıdır ki, onların da Rusiya ilə bağlı proqnozları olduqca bədbindir. Bu proqnozlarda inqilabdan, epidemiyadan tutmuş, dövlət başçısının ölümünə qədər bir çox qorxulu və qanlı xəbərlər yer alır. Görək, azərbaycanlı ekspertlər şimal qonşumuzun bu ilini necə görürlər?
Politoloq Vəfa Quluzadə deyir ki, Pyotrdan tutmuş, II Nikolaya qədər rus xalqı həmişə bədbəxt vəziyyətdə olub: “Həmin dövrlərdə Rusiyanın elitası xalqdan dəhşətli dərəcədə uzaq idi. Çar hökuməti xalqın danışdığı dillə danışmırdı. Onlarla xalq arasındakı məsafə, uçurum dəhşətli idi. Çar zadəganları hara, kəndlillər hara? Kəndlilər, fəhlələr heyvan kimi yaşayırdılar. Bu uçurum ildən-ilə genişlənirdi. 1917-ci ildə – Rusiyanın I dünya müharibəsindəki uğursuzluğundan sonra çar sistemi dağılmağa başladı. Rusiyada inqilabi əhval-ruhiyyə yarandı. Bolşeviklər bu inqilabı xalqdan gizlətdilər və uydurulmuş tarix yazdılar. Halbuki Rusiyanın bütün təbəqələri – sosial-demokratlar, anarxistlər və s. bu inqilabda iştirak etmişdilər. Əgər bolşeviklər hakimiyyəti ələ keçirməsəydilər, imperiyanı daha da genişləndirməsəydilər, 17-ci ildə Rusiyada rus dövlətlər konfederasiyası yarana bilərdi. Dövlətlərə azadlıq verəndən sonra da, ruslar özləri üçün dövlət qurmalı idilər. Bolşeviklər buna imkan vermədilər. O zaman o konfederasiya yaransaydı, indi Rusiya Avropa kimi olardı. Bunun əvəzinə Qırmızı imperiya quruldu, o da çökəndən sonra Rusiya Federasiyası yarandı. Rusiya Federasiyası həmin o çar imperiyasının qalığıdır. Burada xalqla hökumət arasında uçurum var. Bütün sərvətlər – qaz, qızıl, gümüş bir qrup adamın əlində cəmlənib”.
Rusiya üçün verilən bədbin proqnozlara gəlincə, V.Quluzadə bildirir ki, hazırda Rusiya dəhşətli inqilabi vəziyyətlə üz-üzədir: “Rusiya rəhbərliyi zəkalı olsaydı, o konfederasiyanı indi yaradardı. Amma indi buna imkan verməyə də bilərlər. Çünki indi ABŞ da, Yaponiya da, Çin də gəlib oturub düz Moskvanın içində. Hər birinin də öz maraqları var. Bu ”zəifləşmiş fili” hərəsi bir ayağından çəkib parçalayacaq. Rusiyada başlayan proseslər xalis inqilabi proseslərdir. Amma proses 17-ci ildəki kimi yavaş-yavaş başlayıb. Anarxistlər, millətçilər – hərəsi bir partiya yaradıb. Birlik yoxdur, hərə bir tərəfə çəkir. Iqtisadiyyat çöküb, kənd təsərrüfatı çöküb. Imperiyada islahatlar mümkün deyil. Imperiya çökməlidir. Onun yerində yaranan müstəqil dövlətlərdə isə islahatlar mümkündür. Ona görə də, Rusiya 2012-ci ildə çökəcək. Orada vətəndaş müharibəsi də mümkündür, qanlı üsyanlar da. Rusiyanın gələcəyini qaranlıq gördükləri üçün də bu cür bədbin proqnozlar verirlər”.
Gültəkin