Liberman Azərbaycan hökumətindən pul almaqda ittiham olundu VİDEO

libermanİsrail parlamentində (Knesset) “Bizim evimiz İsrail” partiyasının təqdim etdiyi “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı qalmaqal baş verib.

Virtualaz.org İsrail mənbələrinə istinadən xəbər verir ki, keçmiş xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi həmin fraksiyadan deputat Robert İlatovun irəli sürdüyü, xaricdən qrant alan QHT-lərə “agent” statusunun verilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı solçu MERETS partiyasının lideri Zaava Qalyonla Aviqdor Liberman arasında qarşıdurma yaranıb.

Zaava Qalyon qanun layihəsini sərt tənqid edərək deyib ki, onu irəli sürənlərin özləri xarici agentdir. Özü də Azərbaycan hökumətinin agentləri. “Mən Knessetdən olan deputat yoldaşlarıma demək istəyirəm ki, xarici agentlər haqda bu qanun layihəsi ilk növbədə Robert İlatovun özünə və onun “Bizim evimiz İsrail” partiyasının sədri Aviqdor Libermana aid olmalıdır. Siz xarici agentlərsiniz, məni diqqətlə dinləyin, azərbaycanlıların agenti! Azərbaycan hökumətinin İsraildəki agentləri! Siz onlardan qanunsuz yardım alırsınız! Siz təşkilat yaratmısınız və onun vasitəsilə pul alırsınız!”, deyə Qalyon parlament tribunasından bildirib.

Azərbaycandan pul alan struktur kimi Qalyon Azərbaycan-İsrail Dostluq Assosiasiyası Azİz-i misal göstərib. Onun sözlərinə görə, həmin təşkilat Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir və Libermanın partiyasına xidmət edir. “İndi belə adamlar xarici agentlər haqda qanun qəbul etdirmək istəyir” – deyə deputat çıxışını davam etdirib.

Daha sonra o, Libermanın xarici işlər naziri olarkən SOCAR tərəfindən təşkil edilən konfransda iştirakını “kompromat” kimi xatırladıb. Habelə “şok fakt” açıqlayaraq deyib ki. SOCAR İsrail sahillərində hansısa neft yatağında kəşfiyyat aparır.

İsrail mətbuatı xatırladır ki, deputat SOCAR-ın törəmə şirkəti Caspian Drilling Company tərəfindən aparılan kəşfiyyat işlərini nəzərdə tutur, hansı ki, bu haqda dəfələrlə KİV-lərdə xəbər yayılıb.

Qalyon İsraildə Azərbaycanın keçmiş prezidenti, mərhum Heydər Əliyevin adına küçə verilməsini də ittiham kimi yada salıb. “İş o yerə çatıb ki, İsraildə Azərbaycanın böyük diktatorunun atasının adına küçə verilib”, deyə israilli xanım deputat qeyd edib.

“Siz “erməni soyqırımı”nın tanınmasının qarşısını alırsınız, çünki Azərbaycanın agentlərisiniz. Bundan sonra ictimai təşkilatlarda necə şəffaflıq tələb edə bilərsiniz?” – Qalyon Libermana üzünü tutaraq deyib.

Liberman isə cavabında deyib ki, Qalyon rəhbərlik etdiyi ictimai təşkilatın hesabından on minlərlə dolların yoxa çıxmasına görə istintaqda 12 saat ifadə verib. Habelə Qalyon baş tutmayan konfransın təşkilinə görə 60 min dollar pul alıb.

Qızğın müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.